Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:28

Putinə milyarder rəqib, ya yeni oyun?


Rusiyalı milyarder Mikhail Prokhorov Moskvada mətbuat konfransı zamanı. 14 sentyabr 2011
Rusiyalı milyarder Mikhail Prokhorov Moskvada mətbuat konfransı zamanı. 14 sentyabr 2011
Milyarder iş adamı Mikhail Prokhorovun 2012-ci ildəki prezident seçkilərində iştirak edəcəyi qərarı açıqlamasının ardınca Rusiyada hər kəs onun doğrudan da Putinə rəqib olacağı, ya Putinin planını bir hissəsi olması haqda müzakirələrə başladı.

Baxmayaraq ki, Prokhorov özü namizədliyini açıqlayanda Putinə qarşı müxalifətdə olduğunu iddia edirdi:

“Mən qərar vermişəm və bu sözsüz ki, həyatımın ən önəmli qərarıdır. Mən prezident seçkilərinə qatılacam. Bildiyiniz kimi, Kreml məni və yoldaşlarımı "Pravoe delo" partiyasından uzaqlaşdırdığı üçün biz məqsədimizə çata bilməmişdik. Yolun yarısında dayanmaq isə mənim xasiyyətimə düz gəlmir”.

Əslində Prokhorov Rusiya hakimiyyəti ilə həmişə yaxşı əlaqələrdə olub. Keçən yay "Pravoe delo" partiyasının rəhbərliyinə gəlməsini də Kremlin planı sayırlar. Amma o, sentyabrın 15-də parlament seçkilərinə hazırlığın qızğın çağında istefa verdiyini bildirdi. Səbəb kimi isə, Kreml Administrasiyasının sədr müavini, hakimiyyətin qeyri-rəsmi ideoloqu kimi tanınan Vladislav Surkovun partiyanın işlərinə qarışmasını göstərirdi.

Eyni gündə Rusiyanın Maliyyə naziri Aleksei Kudrin də Surkovu tənqid edərək istefa vermişdi.

Siyasi şərhçi Marina Litvinovich öz bloqunda yazır ki, Prokhorov özünü diqqət cəlb eləmək üçün müxalifət namizədi kimi təqdim etməyə çalışır. Bununla Bolotnaya meydanına yığılan narazı kütlənin səslərini almağa, müxalifət liderləri Limonov, Nemtsov, Navalny, Akunin, Chirikovanın dəstəyini qazanmağa çalışır. Və bununla da müxalifətin digər namizədlərini geridə qoymaq istəyir.

Skeptiklər deyirlər ki, Khodorkovskynin başına gələnlər də göstərir ki, Prokhorovun namizədliyini élan etməklə itirməyə çox şeyi var. O isə 18 milyardlıq varidatını çox cüzi qazanc uğruna riskə atacaq adama oxşamır. Və çox güman ki, Putin-Medvedev cütlüyünün hakimiyyəti 2018-ci ilə qədər əllərində saxlamaq planının bir oyuncağıdır.

Panorama mərkəzindən Vladimir Pribylovsky:

"Əlbəttə, tam əmin ola bilmərik. Hər şey qeydiyyatdan asılı olacaq. Əgər qeydə alsalar, deməli, buna Surkov icazə verir, yəni Putinin istəyidir".

Amma Siyasi və İqtisadi Əlaqələr mərkəzinin rəhbəri Dmitry Orlov bu iddialarla razılaşmır. Prokhorovla Surkovun arasının doğrudan da pis olduğunu deyir.

Prokhorovun qısa müddətə rəhbərlik elədiyi "Pravoe delo" partiyasından Leonid Qozman da bu fikirdədir:

“Əgər o doğrudan da Kremllə razılaşıb bu yarışa girirsə, onda bir şey alınmayacaq. Cəmiyyəti aldatmaq alınmayacaq. Mən ümid edirəm ki, Prokhorov eyni səhvi ikinci dəfə eləməyəcək. Amma qazana bilərmi? 2 milyon imzanı yığmaq üçün yetərincə təşkilati və maddi resursu var. Amma qəti kampaniya apara bilməsi, insanları etirazlara çağıra bilməsi kimi qərarlarından çox şey asılı olacaq”.

Dekabrın 13-də Liberal Demokrat Partiyasından Vladimir Zhirinovsky də prezident seçkisində namizəd olacağını élan edib. Kommunistlərdən Gennady Zyuganov və liberallardan Sergey Mironov daha öncədən seçkiyə qatılacaqlarını bildirmişdilər.

Açıq müxalif mövqeyi olanlardan bloqqer və ictimai fəal Aleksei Navalny və müxalifət fəalı Eduard Limonovun da seçkiyə qatılmağa cəhd edəcəyi gözlənilir.

Şənbə günü baş tutan etiraz mitinqinin təşkilatçılarından olan Dumanın keçmiş vitse-spikeri Vladimir Ryzhkov deyir ki, müxalifət bu seçkiyə bir namizədlə qatılmaq qərarı verməyib. Çünki hansısa azad və ədalətli seçki olacağını gözləmirlər.

Bəzi ekspertlər Prokhorov qədər varlı olmasa da, ölkənin ən nüfuzlu 10 adamından biri olan keçmiş Maliyyə naziri Kudrinin planlarını açıqlamasını gözləyirlər. Onların fikrincə, Kudrin lazımi dəstək alarsa, Kremlə daha real alternativ ola bilər.
XS
SM
MD
LG