Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:32

Yeni RLS və Moskvanın Qarabağ məsələsində mövqeyi


Rusiya Qəbələdə ikinci radiolokasiya stansiyası (RLS) tikmək istəyir. İndiki stansiya Daryal növlüdür, Azərbaycanın mülkiyyətindədir və Rusiyaya icarəyə verilir. İkinci stansiya Rusiyanın mülkiyyəti olacaq.

Ancaq Azərbaycan hələ stansiyaya razılıq verməyib.

Hazırda bu stansiya ətrafında Azərbaycan-Rusiya danışıqları gedir.

İkinci stansiya Rusiyanın nəyinə lazımdır? Bu stansiyaya zərurət nədən yaranıb?

Bu suala Rusiyanın tanınmış hərbi təhlilçisi, "Novaya Qazeta"nın hərbi şərhçisi Pavel Felgenhauer belə cavab verir:

Felgenhauer: İndiki stansiya cənuba- Hind okeanına yönəlib. Orda da daha çox Dieqo-Qarsia adasına tuşlanıb. Orda ABŞ-ın Hind okeanında əsas strateji hərbi bazası yerləşir.
Ancaq indiki Daryal RLS-i hətta qonşu İranın belə bütün ərazisini əhatə edə bilmir.
Bundan başqa vaxt keçdikcə köhnəlir.
Ona görə, mənim fikrimcə, yeni, daha yüksək texnologiyalı müasir stansiya tikmək istəyirlər.

Azadlıq Radiosu: Yeni stansiya son zamanlar raketlərdən müdafiə sistemləri ətrafında gərginləşən Rusiya-ABŞ münasibətləri ilə bağlı ola bilərmi?

Felgenhauer: Məncə yox. Rusiyada kimlərsə, bunu ABŞ-a cavab kimi yozmağa çalışır, ancaq Qərbdə heç kimin bu stansiyaya heç bir iradı səslənmir.

Azadlıq Radiosu: Niyə?

Felgenhauer: Çünki bu RLS-lər izləmə radarlarıdır. Onlar silah deyillər, onlar yalnız müşahidə edirlər və yalnız xəbər verirlər ki, məsələn, hardasa raket qalxdı.

Azadlıq Radiosu: Onda ola bilərmi ki, Rusiya, əksinə, ABŞ-a bu stansiyalarla bağlı yenə əməkdaşlıq təklif etsin? Vaxtilə Rusiya ABŞ-a təklif edirdi ki, Qəbələ RLS-ni birlikdə işlətsinlər.

Felgenhauer: Daryaldan birgə istifadə Pentaqona lazım deyil. Dediyim kimi, Daryal hətta İranın bütün ərazisini əhatə etmir.
Məncə, bu birgə istifadə təklifi sırf siyasi gedişdir. Yəni xoş niyyəti nümayiş etdirməkdir.

Azadlıq Radiosu: Qəbələ RLS-nin ekoloji fəsadlarından Azərbaycanda çox danışılıb. Azərbaycan sizcə, bu yeni stansiyaya niyə “yox” demir?
İkinci RLS Azərbaycanın nəyinə lazımdır?

Felqenhauer: Qarabağ münaqişəsinə görə hər iki tərəf – Azərbaycan və Ermənistan Moskvanı öz tərəfinə çəkmək istəyirlər. Bu yaxınlarda bir erməni hərbçi Moskvada mənə deyirdi ki, Moskva axır ki, müəyyənləşdirməlidir- o, kimin tərəfindədir: Azərbaycanın yoxsa Ermənistanın.

Bu baxımdan Qəbələdəki Daryal RLS-i Azərbaycanın lehinə olan arqumentdir. Bununla Azərbaycan Moskvanı Qarabağ məsələsində bir az özünə tərəf çəkə bilər.

Buna görə yeni stansiya ətrafında danışıqlar Azərbaycan tərəfdən məhz Qarabağ problemi ilə bağlı aparılacaq. Moskvanın Qarabağ məsələsində
mövqeyi ilə bağlı.
XS
SM
MD
LG