Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:40

Camal Yusifzadə. Atamın kölgəsi


Atamın kölgəsi evimizdə imiş.
Gün düşdü üstünə
üzünü gördüm
Sildim üz-gözünü, toz-torpağını,
Taxçada, boxçada izini gördüm.
Tanrı qismətindən
payı var imiş;
İlahi gülüşün
gözünü gördüm!
Kölgəsi yamanca kədərli idi, -
Həm nəmdi, həm ilıq,
qırış-qırışdı.
Atamın kölgəsi qocalmamışdı.
Atamın kölgəsi evimizdə imiş, -
Baxdım kölgəsinə -
özümü gördüm,
Adana axşamı
müqəddəs gecə
Anam yemək çəkib sağına qoydu -
Sağında atamın dizini gördüm...
Ölüləri içinizdə dəfn edin! -
İçinizdə baş daşı yox, qəbir yox,
İçinizdə heç vaxt,
Heç kim itməyəcək!
Ölüləri ruhunuza dəfn edin -
Kölgələri mütləq evə gələcək!

07.11.2007
XS
SM
MD
LG