Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:48

Qoqolun kəllə sümüyü qəbrindən oğurlanıbmı?


Məşhur rus yazıçısı, “Ölü canlar” və “Müfəttiş” kimi ölməz əsərlərin müəllifi Nikolay Qoqolun ölümündən təxminən 160 il keçir.

Amma onun ölümü ilə bağlı əfsanələr hələ də Rusiya mətbuatında “dolaşmaqdadır”.

Bu əfsanələrdən biri Qoqolun diri-diri basdırılması, digəri isə onun kəllə sümüyünün qəbrindən oğurlanması ilə bağlıdır.

Bu faktdır ki, gəncliyində malyariyaya tutulandan sonra yazıçı özündən getmədən əziyyət çəkirdi və belə tutmaların birində diri-diri dəfn edilə biləcəyindən qorxurdu.

O hətta dostlarına yazmışdı ki, bədənində çürümə əlamətləri aydın görünməyənədək onu dəfn etməsinlər. Onun diri-diri basdırılması haqda əfsanənin yaranmasına həm də bu rəvac verib.

Şayiə isə 1931-ci ildə yazıçının qəbrinin monastır həyətindəki məzarlıqdan Novodeviçye qəbristanlığına köçürülməsi zamanı yaranıb.

Guya onun tabutu cırmaqlanmış olub.

Əfsanəyə görə, həkimlər səhvən Qoqolun öldüyünü güman ediblər, halbuki o, letargiya yuxusuna gedibmiş və basdırılandan sonra tabutda oyansa da, oksigen çatışmazlığından ölüb.

Amma bu versiyanı ölümündən sonra Qoqolun üzündən maska çıxaran heykəltaraş Nikolay Ramazanovun yazdıqları təkzib edir.

Ramazanov yazır ki, maskanı çıxaranda yazıçının meyitində çürümənin ilkin əlamətlərini hiss edib.

Bundan başqa Ramazanov qeyd edir ki, maska çıxarma texnologiyasına görə, mərhumun ağzı və burnu tamamilə gipslə örtülür, yəni üzün qəlibini yalnız meyitdən çıxarmaq mümkündür.

Yazıçının kəllə sümüyünün qəbrindən yoxa çıxması ilə bağlı əfsanələr isə hələ də tam təkzib edilməyib.

Qoqolun qəbrinin vandalizm aktına məruz qalması haqda şübhələr də 1931-ci ildən sonra yayılıb.

Onun qəbri yeni qəbiristanlığa köçürülərkən ekshumasiya tanınmış rus yazarlarının, o cümlədən Vsevolod İvanov, Aleksandr Malışkin və başqalarının iştirakı ilə həyata keçirilib.

Əfsanəyə görə, yazıçılar qəbirdə kəllə sümüyünün olmadığını görsələr də, bu məsələ mətbuata çıxmayıb.

Yalnız SSRİ dağılmaqda olduğu dövrdə ekshumasiyanın şahidi olmuş Vladimir Lidinin xatirələri mətbuatda çap edilib.

Lidin yazır ki, Qoqolun qəbri açılarkən tabutdan kəllə sümüyü çıxmayıb, tabutdan yuxarıdakı torpaq qatında bir kəllə sümüyü tapılsa da, o, cavan adama məxsus olub.

Bir versiyaya görə, yazıçının kəllə sümüyünü teatr kolleksiyaçısı, milyonçu Baxruşin mənimsəyib.


"Ölü canlar"ın ilk nəşri, 1842
"Ölü canlar"ın ilk nəşri, 1842
Onun kolleksiyasında kimə məxsusluğu heç kimə açıqlanmayan üç kəllə sümüyünün olduğu deyilirmiş.

Bu faktdır ki, 1909-cu ildə - anadan olmasının 100 illiyi ərəfəsində Qoqolun məzarı səhmana salınıb.

Gümanlara görə, məhz həmin vaxt Baxruşin qəbri səhmana salan fəhlələlərə pul verərək onlar vasitəsilə yazıçının kəllə sümüyünü əldə edib.

Amma ekshumasiyada iştirak etmiş tarixçi Mariya Baranovskayanın yazdığına görə, qəbirdə kəllə sümüyü də varmış, üstündə açıq şabalıdı saçlar da.

Bir sözlə şahidlərin yazdıqları bir-birilə ziddiyyət təşkil edir.

Qoqolun hansı xəstəlikdən ölməsi də məammalıdır. O, Rusiyanın ən tanınmış həkimlərindən ibarət konsiliumla müalicə edilsə də, həkimlər onun xəstəliyi ilə bağlı ortaq məxrəcə gələ bilmirdilər.

Ona gah yatalaq, gah şizofreniya, gah da başqa diaqnozlar qoyulurdu.

Ömrünün son günlərində onu meningit (beyin qişalarının iltihabı) xəstəliyindən müalicə ediblər.

Özü də zorla.

Onu həmin dövrün müalicə üsuluna görə, isti suya salıb başına soyuq su tökür, burnuna zəli qoyurdular.

Amma sonradan onun civəli dərmandan zəhərlənməsi və düzgün müalicə edilməməkdən ölməsi haqda da versiya ortaya çıxdı.

Zadəgan nəslindən olsa da, Qoqol mirasdan imtina etmişdi və ömrünün çox hissəsini otellərdə, dostlarının evlərində keçirmişdi.

Ömrünün sonlarında ona sığınacağı qraf Aleksey Tolstoy vermişdi. O, qrafın malikanəsində qalırdı.

Malyariyadan sonra əsəbləri pozulmağa başlayan Qoqolda 40 yaşından sonra psixi pozuntular daha da güclənməyə başlayır.

Onun ruhi halında kəskin təzadlar hiss olunur – o, gah hədsiz dərəcədə şən, gah da çox kədərli olurdu.

Xeyirxahlarından olan Yekaterina Xomyakovanın 1852-ci ildə ağır xəstələnib ölməsi isə Qoqola son zərbə olur.

Çox hörmət etdiyi həmin qadın öləndə Qoqol təlaş içində “hər şey mənim üçün bitdi” deyir.

Ölümündən qabaq Qoqol “Ölü canlar”ın 2-ci hissəsinin əlyazmasını da məhv edir...
XS
SM
MD
LG