Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:46

Azərbaycan hər il çayçılıqdan 50 milyon manat itirir


Xanlar Əliyev
Xanlar Əliyev
Lənkəran şəhərində mağazaların birində çayın növünü və qiymətini soruşuram. Satıcı deyir ki, çayın bir kiloqramının qiyməti 7 manatdan tutmuş 50-60 manata qədər dəyişir. Elə yerli çaylar var ki, kiloqramı 100 manatdır. Buna «mayski» çaylar deyirlər. Satıcının sözlərindən belə çıxdı ki, yerli çaylar ildən ilə mağazaya az gəlir.

Mütəxəssislər də Azərbaycan çayının tükənmək üzrə olduğunu deyirlər. Aqronom Xanlar Əliyev vaxtilə Astarda 7 min tondan çox yaşıl çayın istehsal edildiyini bildirir:

«HƏR İL ASTARDA 7600 TON YAŞIL ÇAY YARPAĞI TƏDARÜK EDİLƏRDİ»

«Astara rayonunda 2916 hektar çay sahəsi olub. Bunun 1490 hektarından məhsul tədarük edilərdi. Qalanı cavan çay sahəsi olub. Cavan çay sahəsi də hər iki ildən bir məhsul verirdi. Hər il Astarada 7600 ton yaşıl çay yarpağı tədarük edilərdi. 3 çay fabriki var idi. Hər hektardan 43 sentner məhsul götürülərdi».

Xanlar Əliyev deyir ki, bu sahələr müstəqilliyimizin birinci 10 ilində mövcud olub. Çay sahələri eyni zamanda iş yerləri hesab olunurdu:

«TƏXMİNƏN 5000 NƏFƏR MÖVSÜM VAXTI ÇAYÇILIQDAN ƏMƏK HAQQI ALIRDI»

«Həmin sahələrdə 2600 adam daimi işləyirdi. Hər ailədən 5-6 nəfər yığıma kömək edirdi. Təxminən 5000 nəfər mövsüm vaxtı çayçılıqdan əməkhaqqı alırdı. Bu isə əməkqabiliyyətli əhalinin 30-35 faizi deməkdir».

O deyir ki, sənədlərdə Astarada 300 hektardan da az çay sahəsi qalıb. İl ərzində 200 tondan çox yaşıl çay yığılır. Çay sahələri baxımsızlıqdan tükənmək üzrədir.

Yerli çaylar ildən ilə mağazaya az gəlir
Yerli çaylar ildən ilə mağazaya az gəlir
Mütəxəssis, Lənkəran rayon İcra Hakimiyyətinin sabiq başçısı Hüseynqulu Məmmədov isə Lənkəran rayonunda çayçılıqla bağlı problemlərdən danışır:

«1992-ci ilə qədər Lənkəranda 7 min hektar çay plantasiyaları olub. 7 min hektardan 16 min ton yaşıl çay yarpağı yığılıb. 16 min tondan da 4 min ton quru çay istehsal olunub. Çay fabriklərində yeni texnologiya yox idi. Bizim çaylar xaricdən gətirilən çaylarla rəqabətə dözmürdü. Lənkəranın, Masallının, Astaranın çay fabrikləri 50-ci illərdə tikilmişdi və Gürcüstandan gətirilmiş avadanlıqlarla fəaliyyət göstərirdilər. Bu avadanlıqlar da çayın emalını yüksək şəkildə təşkil edə bilmirdi».

İŞ ADAMLARI ÇAYÇILIĞA NƏDƏN VƏSAİT QOYMURLAR?

Mütəxəssis deyir ki, illər keçdikcə, çay fabrikləri dağılıb. Onun ardınca çay sahələrini qırıb məhv ediblər. Hüseynqulu Məmmədovun fikrincə, həmin ərazilərdə çay sahələrini bərpa etmək üçün dövlətin dəstəyi vacibdir. O qeyd edir ki, əkilən çay kolu 5-6 ildən sonra məhsul verir. Buna görə də iş adamları bu sahəyə vəsait qoymurlar.

Astara rayonunda vaxtilə çayçılıqda ad çıxartmış Kijabə qəsəbəsində olduq. Cənub bölgəsində ilk çay kolu da burda əkilib. Çay sahələrində əvvəlki görkəm qalmayıb. Sahələrin çoxu məhv olub. Yalnız az bir ərazidə çay kolları gözə dəyir. Bu kollar da cırlaşıb. Sahibkar Xanlar Həsənov deyir:

«ÇAY YAXŞI QİYMƏTƏ GETMİR»

«Çay yaxşı qiymətə getmir. Mövsüm vaxtı yaşıl çay yarpağını 70 qəpiyə satırıq. Bunun supulu var, gübrə pulu var.
Xanlar Həsənov
Xanlar Həsənov
Bunların heç birisinə kömək olmur. Öz cibimdən 15-16 manatdan gübrə alırıq. Yalandan deyirlər filan qədər kömək oldu. Yalan söhbətdir hamısı».

O deyir ki, çay fabriklərində qiymətdə onları aldadırlar:

«FƏHLƏNİ, SAHİBKARI, QİYMƏTİ ÖLDÜRÜRLƏR»

«Çayın növünü öldürürlər. Deyirlər bu üçüncü növdür. Pul vermirlər. Bunu belə edirlər ki, getməsin qiymətə. Yəni, fəhləni, sahibkarı öldürürlər. Qiyməti də öldürürlər. Üçüncü növün bir kiloqramı 50 qəpiyədir, bizə də o qiymətlə verirlər. Bir dənə «may» çayını götürürlər, 70 qəpiyə. 100 kiloqram çayın 20 kiloqramını əla növ götürür, qalanını zay hesab edirlər. Ona 40 qəpik verir. İncidirlər adamları».

Xanlar Həsənov gec-tez çayçılığı ləğv edəcəyini bildirir:

«İLDƏ 200 MANAT PUL GÖTÜRSƏM, ALLAHIMA ŞÜKÜR EDƏRƏM»

«Çay xərcləri ödəmir. Hökumət bizə köməklik eləsə, çayın qiyməti qalxsa, sərf edər. Bunun kilosundan 10 qəpik adama qalmır. 10 qəpik qalsa, min şükürdür. İldə burdan 200 manat pul götürsəm, Allahıma şükür edərəm».

Cənub bölgəsində 4 rayonun ərazisində çay plantasiyaları var idi. İki rayonda - Masallı və Lerikdə çay plantasiyaları tamamilə məhv edilib. Masallı rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini İsa Nuriyev:

Çay sahələrində əvvəlki görkəm qalmayıb
Çay sahələrində əvvəlki görkəm qalmayıb
«Rayonda 3350 hektar çay sahəsi olub. 11 min ton məhsul istehsal edilib. O vaxtı torpaq kimi bölüblər, vətəndaşlar da onu məhv ediblər. 3-4 ay əvvəl Nazirlər Kabinetinin bir nəfər nümayəndəsi, Məzahir Qasımov gəlmişdi. Dedilər layihə hazırlayın, prezidentə təqdim olunacaq. Onunla bərabər rayonda vaxtilə çayçılıq sahəsi olan yerlərə baxış keçirildi. Vətəndaşlarla da söhbət aparıldı. Sahələrin sahibləri dedilər ki, biz bu torpaqları çay üçün satmağa və ya dövlət investisiya qoyarsa, çay əkməyə hazırıq».

İsa Nuriyev deyir ki, onlara hələ ki, gözləməyi məsləhət görüblər. Onun verdiyi məlumata görə, rayonda olan 5 çay fabrikindən 4-ü tamamilə dağılıb.

Aqronom Rafael Vəliyev:

«BİR AZDAN ƏDƏBİYYATLARDA GÖRƏCƏYİK Kİ…»

«Çayçılıqla bağlı tədbirlərdə iştirak etmişik. Fikrimizi bildirmişik ki, buna ancaq dövlət dəstəyi lazımdır. Bir azdan ədəbiyyatlarda görəcəyik ki, çay bitkisi belə olur…».

Lənkəran və Astara rayonlarında cəmi 527 hektar çay sahəsi qalıb. Bu sahələrdən bu il 479 ton yaşıl çay yarpağı tədarük edilib. Azərbaycanda 1994-cü ildə 19 400 ton yaşıl çay yarpağı istehsal olunub. 4 ildən sonra bu rəqəm 900 tona düşüb. Xarici məhsulun çəkisi 4 ildə 30.5 faizdən 93.9 faizə qalxıb. Ölkənin çay bazarında yerli istehsal ildən ilə tükənir. Demək olar ki, ölkə xaricdən gətirilən çaydan asılı vəziyyətdədir.

Mütəxəssislərin fikrincə, Azərbaycan il ərzində çayçılıqdan 50 milyon manata yaxın pul itirir.
XS
SM
MD
LG