Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:43

GEN MMC-də zərərçəkənlər indi də məmurun onları aldatdığını deyirlər


Gen MMC-nin zərərçəkənləri Bakı şəhər İcra Hakimiyyətinin qəbul otağında çoxsaylı şikayətlərdən birində. 29 avqust 2008
Gen MMC-nin zərərçəkənləri Bakı şəhər İcra Hakimiyyətinin qəbul otağında çoxsaylı şikayətlərdən birində. 29 avqust 2008
-

“Bizi Elbrus Əliyev bir dəfə aldadıb. Hacıbala Abutalıbov isə beş dəfə” - bu sözləri AzadlıqRadiosunun “Can Bakı” proqramına GEN MMC-nin zərərçəkmişləri adından verilişimizə üz tutan Afət Əzizova və Fəridə Ələkbərova söylədi.

CİBİNDƏN QURAN ÇIXARIB AND İÇDİ

Xanımların sözlərinə görə, böyük vəzifəli məmurun onları dəfələrlə aldatması zərəçəkmişlərə daha pis təsir edir: “O hamının yanında hətta cibindən Quranı çıxarıb and içdi və dedi ki, ev tikmək üçün sizə torpaq sahəsi ayrılacaq.

2008-ci ilin 5 avqustu idi. Çertyoj çıxarıb dedi ki, bax, bu ərazidə tikiləcək. Problem yoxdur. Sonra kooperativlər yaratmamızı istədi. Dedi sərəncam verəcəm, sizə o qədər torpaq ayrılacaq ki, evtikən şirkətlər də xeyir götürsün. Bizə düşən 10 faizi də götürməyəcəm. Uzun get-gəldən sonra Apelyasiya məhkəməsinin cavabını aldıq. Orada yazılmışdı: “Həmin ərazilər (verilməsi nəzərdə tutulan ərazilər—S.İ.) Baş Plana düşdüyündən büdcədən pul ayrılmadığına görə və orada camaat sıx yaşadığına görə hal-hazırda torpaq ayrılması mümkün deyil”.

QAPININ AĞZINDA YEKƏPƏR POLİS DAYANMIŞDI

“Bəs siz Hacıbala müəllimə içdiyi andı xatırlatmadınız”—sualına şikayətçilər belə cavab verdi” O artıq bizi qəbul eləmir. Axırıncı dəfə yığışanda qapının ağzına yekəpər bir polis qoymuşdu. Camaatı, qadınları elə təpikləyirdi ki…Qadınlardan biri sentyabr ayında polisdən aldığı zərbədən hələ də qıçını müalicə etdirir. Həmin polis mənə də əl qaldırdı. Bir ay qolumda göy ləkələrlə gəzdim.

Yeganə istəyimiz o idi ki, Hacıbala Abutalıbov bizi qəbul etsin və öz ağzından eşidək ki, bizim barəmizdə nə fikirləşir?”.

ƏRƏB ÖLKƏLƏRİNİN GÜNÜNƏ DÜŞMƏK İSTƏMİRİK

Verilişimizə pənah gətirənlər ərəb ölkələrinin vəziyyətinə düşmək istəmədiklərini dedilər: “Biz məsələnin sivil formada həll olunmasını istəyirik. Biz tək deyilik. Qohumlarımız, dostlarımız, tanışlarımız var. Hamı bilir ki, bizə qarşı haqsızlıq olub”.

EUROVİSİONA ŞİKAYƏT EDƏCƏYİK

Zərərçəkənlər hətta qarşıdan gələn Eurovision mahnı müsabiqəsinin təşkilatçılarına da şikayət edəcəklərini bildirdilər: “Onların komissiyaları, təşkilatları var. Biz ora da müraciət edəcəyik”.

CƏNAB PREZİDENT! SƏNİN MİLLƏTİN ƏZİYYƏT İÇİNDƏDİR!

“Qarşıdan seçkilər gəlir. Bəyəm biz keçən dəfəki kimi həvəslə gedəcəyik seçkilərə? Getməyəcəyik! Bizi aldatdılar. Bəlkə də prezidentin bundan xəbəri yoxdur. İstəyirik xəbəri olsun. Bir məmur istəyirik ki, bu xəbəri prezidentə çatdırsın ki, sənin millətin əziyyət içindədir!

O biri tərəflərə toxunmuram. Təkcə mülki məsələlərlə bağlı sənin camaatın acınacaqlı vəziyyətdədir. Bakı şəhərində 6 min aldadılmış payçı var. Onları ailənin sayına vursaq, az qala 25 min adam edir. Demək, Bakıda məmurlar tərəfindən hakimiyyətdən narazı salınmış 25 min adam yaşayır. Qəzəbli və hər şeyini itirmiş insanların heç nədən qorxusu yoxdur. Biz hakimiyyətdən kömək istəmirik. Öz pullarımızla öz evimizi tikmək istəyirik. Ancaq torpaq ayrılmasını istəyirik”.

SƏKKİZ MİLYON YARIM PUL HARA GETDİ?

Verilişimizin qonaqları bu sualı da cavabladılar: “Yəqin ki, bu yığılan pul təkcə Elbrus Əliyevin yox, məmurların da cibinə gedib. Yoxsa Vergilər Nazirliyi 2005-ci ildə dələduzluğa görə həbs olunmuş bir adama təzədən firma açmaq üçün sənəd və möhür verməzdi. Və 500 ailənin taleyini belə dələduza tapşırmazdı”.

İSTİNTAQ SƏTHİ APARILDI VƏ…

Xanımlar bu qədər pul itirəndən sonra istintaqın depozitdə gülməli bir rəqəm aşkarladığını diqqətə çatdırdılar:” Depozitdə istintaq 124 min manat pul aşkarlayıb. Bir il davam edən istintaq çox səthi aparıldı. Bu səthi istintaqın nəticəsində bizə dedilər ki, sizin pulların 2 milyon 317 mini beh şəklində camaata paylanıb. İndiyə qədər də camaata paylanmış pulların taleyini həll edə bilmirik. Elbrus Əliyev bizim pulları beh şəklində paylamışdı. Alan deyir almışam. Verən deyir vermişəm. Niyə bunun əzabını biz çəkməliyik?”

ZƏRƏRÇƏKƏNLƏR ŞİRKƏTİN RƏHBƏRLƏRİNİN HƏBSİNİ YETƏRLİ SAYMIRLAR

Zərərçəkənlər 2008-ci ildən bəri döymədikləri qapı qalmadığını, amma heç kəsin onların səsini eşitmədiyini dedilər: “Parlamentdə, hökumət strukturlarında, Prezident Adminstrasiyasında, Bakı şəhər İcra Hakimiyyətində, Bakı şəhər Prokurorluğunda, Baş Prokurorluqda, Daxili İşlər Nazirliyində, Milli Təhlükəsizlik Nazirliyində olmuşuq. Səsimizə səs verən olmayıb. Bu qədər laqeydlik olarmı? Bəs, kimə müraciət edək? Dələduz firma həbs olundu. Nə dəyişdi? Biz nə qazandıq? Həyatını itirənlər oldu. Ağır xəstəliyə tutulanlar oldu. Ailələr dağıldı.”

Xatırladaq ki, 2010-cu il mayın 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «GEN» MMC tikinti şirkətinin rəhbərinə və işçilərinə hökm oxunub.

Məhkəmənin hökmü ilə şirkətin rəhbəri Elbrus Əliyev 12, digər işçiləri Əliyar Abbasov 10, Həbib Ağayev 10, Nəbi Məmmədov 11, Asif Ələmov 10, Ramin Əliyev 10, Kamran Məmmədov 9, İlkin Səfərov 9, Mehparə Cəfərzadə isə 7 il müddətinə azadlıqdan məhrum olunub.

Məhkəmə məhkum olunanların əmlaklarının müsadirə olunmasına dair qərar da çıxarıb.

Elbrus Əliyev və barələrində hökm çıxarılmış digər şəxslər ev tikmək adı ilə 373 nəfəri aldadaraq külli məbləğdə pullarını mənimsəməkdə təqsirləndirilirdilər.

QOY DEMOKRATİK ÖLKƏDƏ YAŞADIĞIMIZI BİZƏ SÜBUT ETSİNLƏR!

Xanımlar ölkədə mülki məsələlərlə bağlı saysız haqsızlıqlar olduğunu söylədilər: “Deyirlər ki, demokratik respublikada yaşayırıq. Qoy, bizə bunu sübut etsinlər! Onsuz da biz dayanmayacağıq. Biz birinci aldanmışlarıq.
Əgər vaxtında tədbir görülsəydi, nə “Nuray”, nə “Kamran”, nə də “Birlik” olardı. Dövlət yolu bağlasaydı, növbəti dələduzlar ortaya çıxmazdı.

İstintaq vaxtı da bizi inandırırdılar ki, sizin məsələniz həll olunacaq. Çünki Prezident binu bilir. Əgər bilirsə, niyə bizə kömək eləmir? Əgər bilmirsə və onun adından sui-istifadə edirlərsə, biz onların yerinə xəcalət çəkirik”.
XS
SM
MD
LG