Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:54

Əkrəm Əylisli: «Biz də varıq axı»


Ziyalılar Forumunun jurnalistlərlə görüşü
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00
Direct-ə keçid

«Hyatt Regency» otelində müzakirələr aparmalarına icazə verilməyən Ziyalılar Forumu təmsilçiləri bir gün sonra - dekabrın 30-da jurnalistlərlə görüşüblər.

-

«ZİYALILAR FORUMU HƏR KƏSLƏ MÜZAKİRƏYƏ HAZIRDIR»


Bunu professor Cəmil Həsənli dedi. Dekabrın 30-da, Ziyalılar Forumunun brifinqində. «Ziyalılar prezidentlə görüşmək istərdimi» sualına cavab olaraq. Amma Cəmil Həsənlinin fikrincə, onların prezidentlə görüşünə mane olan qüvvələr var.

«Nə qədər ki, Ramiz Mehdiyev (Prezident Administrasiyasının rəhbəri – Ş.B.) orda oturub, mən bu görüşü mümkün hesab etmirəm».

Yazıçı Rüstəm İbrahimbəyov da Cəmil Həsənli ilə razılaşdı:

«İllər gedir. Amma həmin adamlar vəzifədə qalır. Hamı görür ki, bu adamların fəaliyyəti ölkəni uçuruma aparır. Təəcüblənirəm ki, niyə bunları yerindən tərpədən yoxdur?»

ƏKRƏM ƏYLİSLİ: «KİMİN ÜZÜNƏ QAPI BAĞLAYIRLAR?»

Tədbirin baş tutmaması yazıçı Əkrəm Əylisliyə də pis təsir edib. Çıxışında da buna toxundu. Bildirdi ki, Ziyalılar Forumunun heç vaxt dövlətə və dövlətçiliyə ziyanı ola bilməz:

«Bura hər dəfə qədəm qoyanda düşünürəm ki, bu işıqlı insanların, Azərbaycanın taleyini düşünən, Azərbaycanın dərd-səri ilə yaşayan, bəlaların kökünü kəsməyə can atanların birliyidir. Bu cür ürəklə bir yerə qədəm qoyuramsa və bunun qarşısı alınırsa bu, mənə pis təsir edir. Qapını sənin üzünə bağlayırlar və məcazi mənada deyirlər ki, üzünüzə qapını bağlaya bilərik. Kimin üzünə qapını bağlayırlar? Bir özləri üçün aydınlaşdırsınlar. Rüstəm İbrahimbəyovun üzünə qapı bağlamağın nə mənası? O açdığı qapıları açıb, məğrurluqla, ləyaqətlə. 70 yaşından sonra qapı bağlamazdan əvvəl gərək biləsən kimim üzünə bağlayırsan? Mən nə üçün Rafiq Əliyevlə bir yerdə olmaqdan kiminsə xatirinə, hansısa kabinet ideoluqunun xatirinə imtina etməliyəm?».

«AZƏRBAYCANIN BAŞINDAN BİR TÜK ƏSKİK OLMASIN»

Ziyalılar Forumunun görüşü
Ziyalılar Forumunun görüşü
Əkrəm Əylisli deyir ki, Azərbaycanda inqilab istəmir: «Bu mənada Azərbaycanın başından bir tükün əskik olmasını da istəmirəm. Azərbaycanda yaranan ictimai sabitliyə sevinirik. Amma biz istəyirik ki, bu sabitlik zor gücünə olmasın».

«ƏZİZİM, BİZ DƏ VARIQ AXI...»

Əkrəm Əylisli sonra da dedi:

«Təəssüflər ki, son illər bizim ideoloji aparatda belə fikir yarandı ki, kim bizimlə deyil, o bizə düşməndir. Bu, çox primitiv təsəvvürdür. Azərbaycanın demokratik həyat tərzinə keçməyə hazır olduğu vaxtda kabinet komandasından belə fikir yeritmək... Əzizim, sizinlə olanlara işimiz yoxdur. Nə qədər adamınız, ordunuz var. Amma biz də varıq axı. Əgər siz belə düşünürsüzsə, onda biz məcburuq daha bərkdən bağıraq ki, biz varıq. Amma bizim məqsədimiz bu deyil. Cəmil Həsənli dəqiq dedi ki, biz istəyirik gələcək nəsillərin qabağında öz borcumuzu yerinə yetirək, xəcalətli getməyək».

«BU NƏSİL AYRI CÜR YAŞAMAQ İSTƏYİR»

Professor Rafiq Əliyev isə deyir ki, süni qaranlıq yaratmaq səmərəsizdir:

Rafiq Əliyev
Rafiq Əliyev
«Bu günkü Azərbaycan bir il əvvəlki Azərbaycan deyil. Bü günkü dünya bir il əvvəlki dünya deyil. İndi internetdə böyümüş, sosial şəbəkələrdə tərbiyə almış yeni nəsil var. Bu nəsillər arasındakı konflikt, atalar oğullar konflikti deyil, bu nəsil ayrı cür yaşamaq istəyir. O nəslin gücü də böyükdür. Dünənki olayların başlıca səbəbi bəlkə də budur ki, o nəslin problemi qoyulmuşdu. Bizim təsir mexanizmimiz nə ola bilər? İzah edəcəyik ki, bir qütblü sistem ola bilməz, o dağılmalıdır. Bu gün deyirlər ki, müxalifət zəifdir, ziyalılar susur, yəni bir qütblü sistemdir. O dayanıqlı ola bilməz».

Ziyalılar Forumunun dekabrın 29-da Hyatt Regency otelində baş tutmayan tədbiri həmin ünvanda keçirilə bilər. Bu məqsədlə Forumun rəhbərlərindən biri Eldar Namazov yenidən otel rəhbərliyinə müraciət edib:

«Əgər texniki xəta baş veribsə və sizə təzyiq edilməyibsə, biz gözləməyə hazırıq. Xəta aradan qaldırılandan sonra həmin yerdə tədbiri keçirərik».

Azərbaycanda hakim partiyanın təmsilçiləri Ziyalılar Forumunda təmsil olunan şəxslərin hakimiyyətə qarşı tənqidlərini rədd edirlər. Elə dünən - dekabrın 29-da Forumun «Hyatt Regency» otelində müzakirələr aparmasına imkan verilməyəndən sonra hakim Yeni Azərbaycan Partiyasının İcra Katibi Əli Əhmədov Ziyalılar Forumunu hakimiyyətdən narazı olan ziyalıların klubu adlandırmışdı.
XS
SM
MD
LG