Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:45

SALAM. Keçəl Həsən və Həsən Keçəl


Salam Sarvan
Salam Sarvan
Şair Salam Sarvan öz şeirlərindən və digər yazılarından seçərək "Oxu zalı"nın kitabxanasında yerləşdirməyimiz üçün göndərib. Salam bəyə buna görə dərin təşəkkürümüzü bildiririk. Yazılar yaxın günlərdə kitabxanaya yerləşdiriləcək. Hələliksə həmin yazılardan birini kitabxanamıza daxil etməklə yanaşı "Oxu zalı"nda təqdim edirik.


SALAM SARVAN


KEÇƏL HƏSƏN VƏ HƏSƏN KEÇƏL


Bəzən bəzi analarin kamera qarşısında coşması da olur ki, “üç balamın üçünü də bu vətənə qurban demişəm”. Adamdan soruşarlar ki, axı sən kimsən? Sənə nədən belə gəlir ki, uşağı əkib-doğmaq adama onu nəyə gəldi, necə gəldi özbaşına qurban vermək haqqı da verir?

Azərbaycanda valideyn eqoizmi çox cavanları bədbəxt eləmiş. Yüzdə əlli halda uşaqları basıb evləndirirlər ona görə ki, nədi-nədi ananın pərəstiş elədiyi “ulduzu” toyda oxutmaq arzusu, ata-nın nəvə oynatmaq tələskənliyi var. Oğlum, bu nə azardı bilmirəm: bizim tərəflərdə hamı özünü kiminsə sahibi – rəhbəri – ağsaqqalı kimi hiss eləmək və göstərmək istər.

* * *

Mühacirət həvəskarlarının talesizliyini anlayıram: ömründə bircə dəfə dünyaya gələsən, onda da bu “xarabada”?

Məsələn, mən yaşamağa olmasa da, heç olmasa ölməyə xaricə getmək istəyərdim.
Necə qıyırsan, ömründə bircə dəfə dünyadan gedəsən, onda da bu “xarabadan”?

* * *

…Baxdım Qarabudağa – baş kəsib, qan töküb ad çıxarıb… Baxdım Qarabulağa – baş kəsilib, qan tökülüb ad çıxarıb. Baxdım sənə – əlində qılınc əvəzinə qərənfil tutmusan.
Qoy olsun… «Çiçəklənən Azərbaycan» deyəndə həmvətənlərimizin Rusiya bazarlarını və Şəhidlər xiyabanını qərənfillə doldurmasını nəzərdə tuturmuşuqsa, onda hər şey düppədüz.

* * *

Təqvimxasiyyət ola bilmirəm. Təqvimizin qırmızı günündə yeyib-içib, qara günündə qaşqabaq sallayıb kədərli görünmək mənə çox çətin. Kədərli görünməməksə olmaz – adamı daşa basarlar.

* * *

Məntiq var e, insanlar atının quyruğunun kəsilməsini o yerdə təhqir hesab eləyirlər ki, orda əksəriyyət at quyruğu kəsmək kimi cılız işlərlə məşğul olur.

* * *

Gəl belə danışaq da: təkcə siyasət yox, elə mənəviyyat da mümkün olanları həyata keçirmək dəyəridi – məhz mümkün olanları.

Hərçənd ki, həqiqət axtarışının yüksək mənəvi dəyərlərə bir o qədər də dəxli yox. Həqiqət axtarışı daha çox peşəkarlıq tələb eləyir – lap elə mina axtarışı, qızıl axtarışı, cinəyatkar axtarışı kimi.

* * *


Qəhramanların bir xasiyyəti heç xoşa gələn deyil. Onlar qəhramanlıq anlarında, əsasən də ölümün üstünə gedəndə çox lovğa görünürlər. Hər halda kinolarda belədi.

* * *

Məsələn, indi kişilərimizin öz bədənlərinə döydürdüyü şir, pələng şəkilləriylə min illər əvvəl qayalara cızılan heyvan təsvirləri arasındakı zaman məsafəsini necə ölçməli: A-dan B-yə, yoxsa B-dən A-ya?..

* * *

Yoox, məndə həyatın və müasir proseslərin ruh düşkünlüyü qətiyyən yoxdu. Məni tarix ruhdan salıb.

* * *

Görünür, şeytana daş atmaq kimi simvolik jestin gerçək həyata transformasiyası pis fəsadlar törədir. Görünür, şeytana münasibətin sivil, çağdaş formaları tapılmalı. Daş indi mədəniyyət predmetidi – ondan heykəl yapırlar.

* * *

Rəiyyət və Saray (taxt-tac) münasibətlərinin tarixində axmaq bir yeknəsəqlik. İnqilabların tarixi də göstərir: «razı kütlənin» hakimiyyət lideriylə davranış tərziylə «narazı kütlənin» müxalifət lideriylə davranış tərzi arasında heç bir fərq yox. Hər iki halda rəiyyət hüzurdadır.

* * *

Yüzdə-yüz əminəm, “keçəllərimizin” əksəriyyəti indiyədək öz əqidəsindən ona görə dönmə-yiblər ki, sadəcə, qarşılarına hələ DÖNGƏ çıxmayıb.

* * *

İnsanları təmin eləmək lazım. İnsanın ehtiyac ucbatından evindəki əşyanı satmaq fikrinə düşməsi, vətəni satmaq cəhdindən daha təhqiramizdi.

* * *

«Nizami» metrosunun qabağında sinəsini qabardan «Azad qadın» heykəli isə… Onun çadranı başından atmaq ədasında «bu dəqiqə tamam soyunacaq» assosasiyası. Bu «jestə» rəğmən isə yüz metr kənarda başını aşağı salmış Fizulinin heykəli.

* * *

Yüzə qədər saç düzümü növü olan müasir dünyamızda Janna Darklar artıq qeyri-mümkün.
Boş-boş danışma, Qaçqın Nəbinin Həcəri daha özündən qoçaq olamaz.

* * *

Görünür, dünyanın indiki sürətində BİR ADDIM QABAĞA getmək barədə planlarımızı qatlayıb kənara qoymalıyıq. Biz hələ metroda düşənlərə yol vermək üçün BİR ADDIM QIRAĞA çəkilməyi öyrənməkdən başlamalıyıq.

* * *

Azərbaycanda guya papaq altda oğulların olduğuna heç inanmıram. Varsa, lap pis. Oğul üzdə olar da, oğulun papaq altda nə ölümü?!

* * *

Ölkələr var ki, oralarda «işverənlik» cinayətkarlıqla mübarizədə birinci vasitə. O «işverənlik» ki, bizim tərəflərdə «kişiyə yaraşmayan hərəkət» hesab olunur.
Həə, sən öl, bizim tərəflərin «kişiləri» faktların satqınlığını qəti eləməz. Bizim «kişilər» bir-birini eləmədikləri əməllərlə ilişdirərlər – böhtanla, şərlə, şantajla…

* * *

Küçələrdə addımbaşı tərəzi qoyub adamları çəkənlərdən ehtiyyatlı olun. Azərbaycan elə yerdi ki, burda insanları öz çəkisində də aldada bilərlər.

* * *

“Keçəllərimizin” qəhramanlıq təsəvvürləri belə-belə şeylərlə məhdulaşır: yol polisinə maşın sa-xlamamaq, ofisantın üstünə qışqırmaq, bir oturuma arağı çox içə bilmək, evdə arvadı döymək, qızı iki dəqiqəyə bişirmək, türməyə düşüb-çıxmaq, «söhbət xırdalamaq», söyüşə görə yortmaq…

Maşında təhlükəsizlik kəmərlərini bağlamağı «za padlo» sayan “keçəlimiz” qəhramanlıq
həzzini bu cür xırda meydançalarda yaşamaqda. O, bu cür xırda müstəvilərdə həyatı bahasına böyük fədakarlıq eləməyə də hazır: kəmər məsələsinə görə mübahisə zəmnində polisi öldürüb ömürlük məhbəsə düşməyə qədər.
Azərbaycanda fədakarlıq üçün böyük meydanlar yoxdu, varsa da insanlarımızı o meydanlara girməyə qoymurlar.

Bələ olduğundandı ki, məsələn, azmış adama yolu göstərərkən də özümüzü fədakar hiss eləyirik. Hətta bir qadın uğrunda fədakarlığımız da onun yanında dilənçiyə pulu və çayçıya hesabı artıq verməkdən ibarət olur.

Bütün bunlar isə qələbə doğurmayan qəhramanlıqlar… «Qadınlarsa qəhramanları yox, qalibləri sevirlər». Elə tarix də.

* * *

İnsan əzaBları və insan əzaLarı...
«Cəbəllüttariq boğazı», «Ümid burnu» (Afrikanın cənubunda), «Missuri qolu», «İngilis barmağı», «Axilles dabanı»… İnsan əzaları hər yerə dağılmış – coğrafiyaya, siyasətə, fəlsəfəyə, tarixə.
Dünya tarixində isə dabanından oxlanmış birinin «Axilles dabanı» qaldı, dabanından soyulmuş o birinin «Nəsimi dabanı» yox.

* * *

Şerif. Bizim dilənçilər
Şerif. Bizim dilənçilər
Biləsən ki, instituta öz başımnan daxil olmuşam –rüşvətsiz. Yəqin ondandı ki, hətta dəlixanaya da öz başıynan, öz halal havalanmış başıynan girənlərə ehtiramım çox böyük.

* * *

Kənd adamlarının «daş yağdır, Allah», «xaraba qalasan, dünya» kimi emosianal qarğışları artıq səmimi istəyə çevrilməkdə. Artıq onlar kənd yerləri üçün real olan torpaq sürüşmələrini səbirsizliklə gözləyirlər. Nəticəsə aydın: sürüşmə zonasındakı evlərin əvəzində hökumət pul verəcək, kəndlilərsə o xarabadan baş götürüb qaçacaqlar.
Vay-vaay, artıq camaatımızın öz ev-eşiklərinin nə vaxtsa uçurulacağından başqa ümid yeri qalmamış. İnsanlar yaşayış yerlərinin hansısa proyektə düşəcəyini səbirsizliklə gözləməkdə. Kiminin evi «İPƏK YOLU» proyektinə düşəcək, kimininki də «ƏLİ YOLU» proyektinə

* * *

Vətəndaş müharibəsinə potensial təhlükə iqtidar-müxalifət münasibətlərində deyil ki, camaatın ayrı-ayrı qrupları arasında qarşılıqlı hörmətsizlikdə, qəddarlıqdadı. Azərbaycanda satıcı-alıcı, nəzarətçi-dustaq, müəllim-tələbə, deputat-seçici, polis-vətəndaş, sürücü-sərnişin ara-sında əsl müharibə vəziyyəti var.

* * *

Özün bilirsən ki, buralarda bir dənə də pozulmamış qanun yox.
İndi gör nə deyirəm sənə: bu gedişlə həmvətənlərimiz günlərin bir günü, məsələn, Nyuton, Faradey, Avaqadro, Arximed qanunlarını da pozmağa girişməsələr, gəlib qəbrimə söyərsən.

* * *

Ölümündən sonra bəraət almış repressiya qurbanları və ölümündən sonra repressiyaya uğramış Stalin özü…
Belədi də, sağlığında cəzalandırılması mümkün olmayan diktatorları tarixə məhbəsə salmış kimi salırlar.
Hə, sən öl, tarixin də cənnəti və cəhənnəmi var.

* * *

Artıq “keçəllərimizin” heç olmasa tarixə düşmək naminə yaxşı əməllər törədəcəyinə ümidlər də puç olmaqda. İndi Ginnesin «Rekordlar kitabı» daha stimullaşdırıcıdı, nəinki tarix.
Yarışlar xırda müstəvilərə keçmiş. Tarixə deyil, «qızıl onluqlara», «milyonçu siyahılarına», «fəxri ad siyahılarına» düşmək uğrunda rəqabət getdiyi yerdə ta böyük əməllər törənə bilməz.

* * *

Hansısa qəzetdə oxumuşdum. Ki, Yaponiyada kasıb bir tələbə qız 100 min dollar pul tapır. Və… Pulu polisə təhvil verir. Və… Polis pulun sahibini tapmaq üçün qəzetlərdə elanlar yayır. Və… Bir ay müddətində pulun sahibi üzə çıxmadığından tapılmış vəsait dövlətin hesabına köçürülür.

Bu xırda, sıradan bir epizod «qıyıqgöz» yapon cəmiyyətinin mahiyyəti.
Bizim «çəpgöz» cəmiyyətimizdə kasıb bir tələbə qız bu pulu tapa bilməz (bizdə kasıbların bəxti olmur, «pulu pul gətirər» təkcə iqtisadi yox, həm də tale prinsipidi). Tapsa, polisə təhvil verməz. Təhvil versə, onu oğurluq maddəsi ilə içəri atar, valideynlərini gətizdirib əlavə 10 min dollar da alar, qızı zorlayıb Şüvalana göndərərlər. Sonra pulun sahibinin axtarışına başlanılar ki, gəlib itirdiyi pulun «üstünü düzəltsin». Axşam isə «Xəbərlər»də belə bir məlumat oxunar: «Azərbaycan polisi sayıqlıq göstərərək 100 min dollar saxta əskinas müəyyən eləyib».
Ay Allah evinizi yıxsın, yandım-töküldüm.

* * *

Bəlkə də, «burmabığ» olmasaydı Koroğlunun, «eşməbığ» olmasaydı Qaçaq Nəbinin təfəkkürümüzdə qəhrəman kimi oturması belə asan olmazdı.
Bunu isə elə-belə deyirəm. Əgər səndən soruşsalar ki, «bizlər Koroğlunun nəvələri olaraq hansı atanın oğullarıyıq, hansı beldən gəlmişik?», cavab ver ki, «Çənlibeldən!»

* * *

Rayondaydım. Üzüm bağlarında işləməyə gedən qız-gəlinləri gördüm. Onları iş yerlərinə sınıq-salxaq yük maşınlarında aparırlar. Bu qızların təkcə gözləri görünür – sifətlərini qalın parça-larla gizlədirlər ki, gün vurub qaraltmasın.

Şerif. Bizim futbol
Şerif. Bizim futbol
80 kq-lıq üzüm dirəklərini çiyinlərində daşıyan bu qızların eyni zamanda günəş şüasından qorunmaq, zərif və gözəl qalmağın da qayğısına qalmasında nə isə sirli bir çalar var.

* * *

Allahın bəlasıdırlar. Bu şair-şüürlərimiz prezidentlərə bəsit, düşük mədhiyyələrini sırıyıb əvə-zində ordenlər, mandatlar, imtiyazlar almaqla dəfələrlə hakimiyyətə əməlli-başlı «atıblar». Gör iş nə yerə çatmışdı ki, Allahın bir xanəndəsi da prezidenti aldatmaq cəsarətinə gələ bilirdi: «Axşam sizi yuxuda gördüm, gördüm ki, imam zühur eləyib».

* * *

Türkmənistanda xalq yenə də ayağa qalxıb… Türkmənbaşı gəlib keçəndən sonra yenə oturmuşlar.

* * *

Şorgözlüyü leqallaşdıran da elə bu şair-şüürlər olub. Gözəlliyi vəsf adı altında camaatın qız-gəlininin qaş-gözünə, xal-buxağına, sinə-topuğuna şeir yazanlar hansı əxlaqi hərc-mərcliyi yaratmaq istəyirdilər, xeyir ola?!

Qəribə ki, belə-belə şeylər təkcə bu ədəbi «şeyxnəsrullahlara» heç vaxt qəbahət hesab olunmayıb. Hər halda camaatın qız-gəlininə şeirdə söz atmaq tərbiyəsizliyinə görə bir şairin “bıçaqlandığını” eşitməmişəm.

* * *

Bizim “keçəllərimiz” iki hissədən ibarət: özgəsinə quyu qazan MAMEDLƏRDƏN və o quyuya düşən MƏLİKMAMEDLƏRDƏN.

* * *

Azərbaycanda milli həmrəylik yoxdu? Var axı!
Bir-birimizin anticəmiyyət əməllərinə haqq qazandırmaqçün azərbaycansayağı milli həmrəyliyin qəşəng bir prinsipi də məlum: «Onun da balası var da».
Cinayət xarakterli yazılmımış qaydalar camaat arasında humanist ənənələr kimi qüvvədə. Məsələn, maşınla adam vurub öldürənləri bağışlamaq (tutdurmamaq) humanistliyində tayımız yoxdu.

* * *

Yeri gəlmişkən qoy deyim. Qeyri-ardıcıllığımız həm də ondan irəli gəlir ki, bizim «atalar üçdən deyib». Məqsədə çatanacan sayda cəhdlər mental quruluşumuza zidd. Üç dəfədən alınmadısa, burax başın getsin.
Yeri getməmişkən qoy bunu da deyim. “Atalarımızın” yol göstərmək formalarının hamısında çox ciddi qüsurlar. Müdrik nəsihətnamələrdən tutmuş semiotik vasitələrə qədər. Məsələn, ay bundan qabaq üçüncü mikrorayon bazarında bir «atamın» «açardüzəltmə köşkünü» onun özünün divarlara, dirəklərə vurduğu ox işarələriylə yarım saat axtarsam da, tapa bilmədim.

* * *

Həqiqətin bir üzü var? Tutaq, bu, doğrudan da belədi, amma o üzün anfasdan və ya profildən görünməsinin də məsələyə dəxli çoxdu.

* * *

Bu günü həyatımda «sanitariya günü» elan elədim. Bu, həyatı bir balaca yüngülləşdirməkçin, artıq şeylərdən təmizlənməkçin yır-yıgış aksiyası idi.
Əvvəl yaddaşdan başladım. Şagirdlik, tələbəlik, əsgərlik şəkillərimin əksəriyyətini yandırdım. Hələ təəccübləndim də ki, o vaxt, məsələn, serjant Dadabayevlə qol-boyun şəkil çəkdirməyin onunçun, mənimçün, orduyçün, bəşəriyyətçün, o vaxtçün, indiyçin, gələcəkçün nə mənası varmış ki?

Sonra kompüterimin yaddaşına satış mərkəzinin yazdıgı iki mindən artıq musiqi zibilini pozdum.

Sonra son 20 il ərzində şairlərin avtoqrafla bağışladığı minə qədər kitabı tulladım getdi. Bu iş bir az uzun çəkdi. Oxucu vicdanım qarşısında rahat olmaq naminə o kitabların hər birindən əlüstü bir şeir də oxudum. İndi mənzilin bir kvadratmetrinin beş yüz dollara olduğu bir vaxtda bu şair-şüürün otağımda iki kvadratmetr yer tutacaq qədər «yazıb-yaratmaq» sırtıqlığına əsəbləşdim də.
Belə şakərim də var ki, hərdən ən primtiv bir kitabı da axıradək maraqla oxuyuram, görüm müəllifin həyasızlığı hara qədərdi. Elə lap yaxınlarda kino sənətinə ana-bacı söyüşü olan bir Azərbaycan filminə üçüncücü dəfə axıradək baxdım. Həə, sən öl.

* * *

Çəçnlibelli Dəli Həsən, ağqoyunlu Uzun Həsən və həməsrli Keçəl Həsən… Tarixin təkrar olunmasına tutarlı dəlillər.
Keçəl dedim, papaq yadıma düşdü. Tutaq, mən deyirəm ki, Azərbaycanın papaq altında oğlanları çoxdu – intellektual, ziyalı… Tutaq, sən də soruşursan: «Bəs hanı onlar və nədən çıxıb özlərini göstərmirlər?»
Onlar bomjlar kimi cəmiyyətin dibində, dahilər kimi cəmiyyətin fövqündə deyillər. Onlar solçular kimi solda, sağçılar kimi sağda, mərkəzçilər kimi ortada da deyillər.
Onlar, sadəcə, cəmiyyətin qırağındadırlar.
Onları tərəddüd əldən salıb. Bir hissəsi özlərini mələk olduqlarına inandırıblar və cəmiyyətdəki çirkabın içinə girib bulaşmaqdan qorxurlar.
Papaq altında yatan oğlanların bir hissəsi isə hələ ki papaqlarını qabaqlarına qoyub fikirləşirlər. Fikirləşirlər ki, o papağı neçəyə satsınlar…

* * *

Qoy indi bir ağız da Amerikadan oxuyum. Mənim bu ölkəyə ürəyimin dərin guşələrində bəslədiyim məhəbbət tar-mar olmaqda. Bu ölkənin Azərbaycana hördüyü TORLAR… Minsk qrupunda kuraTORLAR, camaatımıza demokratiya mühazirələri oxuyan araTORLAR, efirimizi basmış terminaTORLAR, Bakını su yoluna döndərmiş senaTORLAR…

* * *

Nə isə... Bir yerdə ki «keçəl Həsən»lə «Həsən keçəl»in fərqi olmaya, axırı belə də olmalıydı da.
XS
SM
MD
LG