Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:27

Kamal Abdulla "Qədiməli kişi və onun bülbülü" (Hekayə)


Kamal Abdulla


QƏDİMƏLİ KİŞİ VƏ ONUN BÜLBÜLÜ

("Bilgə əhvalatları" silsiləsindən)


Bağ mövsümü deyildi. Uzun qış gecələrinin birində bizim bağda növbəti yeyib-içmədən sonra Bilgəli Rüstəm kişi bizim xahişimizlə bir əhvalat danışmağa başladı.

Sən demə, çox da uzaq olmayan keçmişdə Bilgə kəndində bir yaşlı, əslində, Rüstəm kişi "qoca" deyirdi, inandırıcı olması üçün mən "yaşlı"yazıram, qərəz, bir yaşlı kişi varmış. Adı Qədiməli olan bu kişi bütün ətrafda məşhur imiş.

Təkcə Bilgədə deyil, məsələn, Nardaran, Buzovna, Mərdəkan kimi kəndlərdə də yaxşı tanınırmış.

Xeyir, Rüstəm kişi onu şəxsən tanımayıb. O ölərkən Rüstəm kişinin iki, ya üç yaşı olardı. Elə o zamandan bu vaxtacan kənddə Qədiməli kişinin söhbəti bitib tükənmək bilmir.

Nəydi bu arıq, bəlkə də cılız, yaşının bu ahıl vaxtına baxmayaraq başının bütün tükləri, özü də qapqara və ağzının bütün dişləri, özü də cabəca yerində olan bu adamın belə məşhurluğunun səbəbi?! Rüstəm kişi dediyi sözlərin təsirini mavi gözlərini heyrətdən böyütməklə artırıb yenə də özünün ən mötəbər istinadgahına -- Bilgə çayxanasına "sitat verdi".

Sən demə, Bilgə çayxanasında danışırmışlar ki, Qədiməli kişinin məşhurluğunun səbəbi nə az, nə çox onun dənizdə üzmək məharətindəymiş. Qədiməli kişi Bilgədə dənizə girib saatlarla ( nə az, nə çox -- saatlarla!!) dənizin ortasına doğru üzə bilirmiş. Yenə də saatlarla üzüb geri qayıdırmış.

O, əslində, elə bu məharətinin hesabına yaşayır, tanış-bilişlə, daha çox tanımadıqları adamlarla mərc gəlir, hər dəfə də mərci udurdu.
Rüstəm kişi, əslində, "günahsız" idi, o, çayxanada deyilənləri bizim üçün təkrar edirdi. Biz də ki, yeyib-içib məzələnmək üçün fürsət gözləyirdik. Pıqqıltımızı güclə saxlayırdıq. Öz aramızda onu Baron Münhauzen çağırırdıq.

Ağlına görə yox, bəlkə daha çöx ağılsızlığına görə skeptik dostumuz Zakir onsuz da nazik dodaqlarını bir az da büzərək söhbətin şirin yerində Rüstəm kişinin sözünü kobudluqla kəsdi:

-- Dənizin ortasınacan?! Üzə-üzə gedib İrana çıxardı ki… -- Öz sözlərinə onun-bunun üzünə baxa-baxa bərkdən, özü də, necə --"ha-ha-ha…" güldü. Amma heç kim Zakiri dəstəkləmədi, onun son sözləri isə xeyli qətiyyətsiz səsləndi. – İnandırıcı deyil e, sənin danışdıqların…

Bu gözəl axşamı bu cür ancaq Zakir korlaya bilərdi. Ancaq Zakir bu gözəl gop söhbətini axıracan ləzzətlə dinləməyimizə mane olardı. Heç kim Rüstəm kişinin Bilgə çayxanasından dost bağına bir sövqat kimi daşıyıb gətirdiyi söhbətlərin həqiqətə nə dərəcədə uyğun gəlib-gəlmədiyini onun üzünə vurmazdı. Bu, Rüstəm kişinin xətrini çox istədiyimizdən idi. Bir də ki… məzələnməyin gərək öz məqamı gələydi. Qoy bir Rüstəm kişi -- Bilgənin və ətraf kəndlərin bu baron Münhauzeni sözünü öz bildiyi kimi danışıb qurtarsın. Ondan sonra idi həngamə. Dözmək, əhvalatın sonuna qədər gözləmək lazım idi. Suallar ortada gəlsəydi, hiyləgər Rüstəm kişi öz dediyi sözləri elə ustalıqla dəyiş-düyüş edəcəkdi ki, ona sonradan heç nəyi sübut etmək mümkün olmayacaqdı. Özü demişkən, o, əldəqayırma yox, həyat professoru idi. Müəllimi də kəndin ağsaqqallarından biri, hamımızın böyük hörmətlə xatırladığımız atası Zülfüqar kişi idi. Söhbətin ortasında suallar –olmazdı! Biz bunu induyə qədər bu "tupoy" Zakirə heç cür başa sala bilməmişdik. Suallar sonra veriləcəkdi. Məlikin gözləri verəcəyi sualın "ağırlığından" indidən bic- bic qıyılmışdı.

-- Belədə üzə-üzə gedib İrana çıxardı ki bu. – Zakir bayaq dediklərini ortalığa çökən sükutun kövrək ab-havasında artıq tam inamsız şəkildə, bu dəfə elə bil, yalnız özü üçün təkrar elədi. Çox istəyirdi ki, onun dedikləri özündən başqa kimisə güldürsün, amma yenə alınmadı. İsti otaqda oturub yeməkdən sonra çay içən bizlər yenə də Zakirin bu vaxtsız və ağılsız müdaxiləsinə yanıb-tökülsək də (tələsir, tələsir!), Zakir uzatmasın deyə, çox bənd olmadıq. Hərə öz ürəyindəki gülüşüilə bu dəfə də səssiz qalmağıüstün tutdu. Halımızı biruzə verməmək üçün dodaqlarımız çeynəm-çeynəm oldu. Bir-birimizin üzünə də baxa bilmirdik ki, birdən Zakirin dediklərinə ("dəlidən doğru xəbər!") rəğbətimiz Rüstəm kişi tərəfindən "ifşa" edilər. Rüstəm kişi Zakirə tərs bir nəzər salıb gözlərini əda ilə süzdü və heç nə olmayıbmış kimi söhbətinə davam elədi:

-- Zakir, sən dayan. Tələsmə. Sən hələ qulaq as. Öyrən! "Yəni, sənin ağlın kəsən məsələ deyil." – Bu sözləri yarıeyham və xətrinə dəyməsin deyə yarıehtiyatla deyərək Rüstəm kişi yenə gözlərilə bir-bir bizə baxıb sözünə aramla, hətta bir qədər də ağır-ağır davam etdi:

-- Bakıdan pullu adamlar məxsusi onun "interesinə" durub Bilgəhə gələrmişlər. Mərc qoşur, uduzur, qəribədir, Vallah, uduzmaqlarından hələ bir ləzzət də alırdılar.

-- Bax a, ləzzət alırdılar… -- Kim idisə, deyəsən, Valid idi, Rüstəm kişini bir az da qızışdırmaq üçün aksenti dərinləşdirirdi.

-- Həri, həzz alırdılar. Saatlarla üzüb gedərdi, hamı da bilərdi ki, bəli, bu, Qədiməlidi, misalçun, üç saatdan sonra qayıdacaq, ya da dörd saatdan sonra qayıdacaq, baxır mərcə. Dediyi vaxta da hökmən qayıdarmış. Deyirlər, iki gün dənizdən çıxmamaqdan mərc çəkənlər olub -- uduzub. – Rüstəm kişi əməlli-başlı qızışırdı. Bizə də elə bu lazım deyilmiydi?!-- Evdəkiləri də niyaran qalmazdı. Kişinin mərifətini, əlbəttə ki, bütün məhlə bilirdi. Həri, həri… iki gündən sonra. Mən səhv-zad eləmirəm. Güclü üzən olub.
Rüstəm kişi sözünü bitirib nəfəsini dərdi. Qabağındakı çaydan qurtum-qurtum içməyə başladı. Indi, bəli, "müzakirə"yə başlamaq olardı. Biz bir-birimizlə baxışdıq. Birinci Əbülfəz özünü saxlaya bilmədi. Buyur, sənətkar. Sənətkar biz tərəfə bic-bic baxaraq dedi:

-- Bir sual olar? Bəlkə dənizə girib dizəcən gedəndən sonra oturub suyun içinə?!
Gülməkdən qarnımızı tutduq. Uşaqlıqda Əbülfəzə demişdilər ki, sənin yaxşı zarafat eləməyin var, danışığın da çox duzludur, qızların yaman xoşuna gəlir. Əslində, bunu Məlik demişdi və, əslində, o, belə deməklə, Əbülfəzlə məzələnmişdi. Bu "fağır" da, "ürəyitəmiz", inanmışdı. O vaxtdan bizim əsəblərimizlə oynamağındadır. Amma hərdən zarafatı ilə "onluğa" vurur. İndiki kimi.

-- Yox, vallah, yox, siz, deyəsən, zarafata salırsız, istəyirsiz, bu saat gedək çayxanadakılardan bir-bir soruşaq. – Rüstəm kişi vaxtında "şeş qoşa" atmış oyunçular kimi əllərinin içini qaşıya-qaşıya bu sözləri elə inamla dedi ki, elə bil, bizi azından Haaqa məhkəməsinə getməyə dəvət edirdi.

İndi artıq gülmək də, sataşmaq da, zarafatlaşmaq da olardı. Nəhəng su kütləsi bəndi aşmışdı. Rüstəm kişi səbrlə atmacaları dinləyir, tövrünü də pozmurdu. Sanki son sözünü deməmişdi, hələ vacib deyəcəyi vardı.

-- Qoymursuz, axı, sözümü qurtarım. Mən hələ sözümü qurtarmamışam, camaat.

-- Buyur, Rustam bek, buyur. – Məlik yalançı ciddiliyini güclə "bərpa" etdi. -- Qoyun kişi sözünü qurtarsın. Bəlkə, doğrudan da, bu adam üzə-üzə gedib İrana çıxıb, özünün də xəbəri olmayıb…

-- Zarafata salma, Məlik.

Rüstəm kişi xeyli ciddiləşdi. O, nəyə görəsə ümid edirdi ki, Murad onu dəstəkləyəcək, amma belə olmadı. Rüstəm kişi daha gözləmədi, söhbətinin əsas məqamına keçdi:

– Bu Qədiməlinin evdə bir dənə bülbülü var imiş. Hər səhər səsini atarmış başına.

-- Bülbülü də varmış bunun ki… Bülbül də bunun yanında üzə-üzə gedib çıxıb İrana?! – Əbülfəz artıq şitlik eləməyə başlayırdı. Bir dəfə üzünə xoş baxanda, yəni, sözünə güləndə, artıq yolunu azırdı.

Rüstəm kişiisə sözlərə, səs-küyə fikir vermədən tələsmədən əhvalatın ardını danışmağa başladı. O belə edincə səs-küy də yavaş-yavaş yatdı.

-- …Bir dəfə Qədiməli kişi dənizdən qayıtmır. Qoca adamdı, bəlkəm ürəyi tutur, ya bir başqa səbəbdən – kim bilir?! Bir söz, bu adam dənizdə batib qalır. Ölüsünü də tapmırlar. Evdə bunun yasını tuturlar, üçünü, yeddisini, qirxını verirlər. Maraqlı nədir – bilirsiz?! O bülbül ki, hər gün səhər-səhər cəh-cəhi bütün məhləni başına götürərdü, o bülbül düz Qədiməlinin qırxı çıxana qədər bir dəfə də oxumur.

-- Bir də qırxından sonra oxuyur? – Bu dəfə mən özümü saxlaya bilmədim. – Rüstəm, sən lap ağ elədin a…

-- Həri, vallah, çayxanada belə deyirlər. Bulbul bir də bunun qırxından sonra oxuyur.
-- Bəlkə bülbülün səsi batıb?.. – Yəqin duyuq düşdünüz. Bu, yenə də Əbülfəzdir.

Rüstəm kişi bu dəfə də Əbülfəzin dediyinə məhəl qoymadı. Ümumiyyətlə, o, Əbülfəzi, Zakiri heç vədə ciddiyə almırdı. Gözaltı baxdığı, fikrini öyrənməyə çalışdığı adam ya Məlik olardı, ya da Valid. Hərdən-birdən də -- mən.

-- Mat-məəttəl qalmalıdı. Adamın az qalır, inanmağı da gəlir… -- Məlik yenə ortalığı qızışdırmaq istəyirdi.

Rüstəm kişi başı ilə Məlik deyəni təsdiqlədi:" İnan, inan, Məlik."

Gözlənilməz olsa da, bu "bülbül" keçidinə inanan təkcə Zakir oldu. O, çox mənalı-mənalı susub durmuşdu. Elə bil, heç kimin eşitmədiyi bir səsi dinləyirdi. Heç kimin eşitmədiyi bu səs Zakirin üzündə, gözündə, yanaqlarında oynayırdı. Bu zaman bağda işıqlar söndü. Axşam bizdən xəbərsiz gecəyə keçdiyindən içəri qapqaranlıq zülmət oldu.

-- Darıxmayın, indi yanar. – Mən ev sahibi kimi yaranmış bu namünasib sakitliyi şux bir səslə pozmağa çalışdım. Amma sükutun "təhər-tövründən" duyuq düşdüm ki, işığın qəfil sönməyilə hamının ürəyi eynən mənim ürəyim kimi nigarançılıq və kədər içində sıxılmağa başlayıb.

Elə bu sükutun içində qulağım əvvəlcə xeyli zəif, sonra çox aydın şəkildə bir bülbül cəh-cəhini tutmağa başladı. Bəli, heç şübhə yox idi, bülbül idi, özü də şövqlə oxuyurdu. Bu quş hardan gəlib bura çıxmışdı?! "Bəs deyirlər, guya bülbül qaranlıqda oxumur?!" Beynimdən bu fikir keçmişdi ki, Rüstəm kişinin qəmli səsi ayrı-ayrı sözlərə parçalanıb zülmət qaranlıqda işıldadı:

-- Oxuyur. Bülbül əgər çox istəyirsə, qaranlıqda da oxuyur.

Qərəz, bu bülbül hardan gəlmişdi, sonra da hara uçub getdi, bunu kimsə bilmədi. Bir xeyli müddət bu quş bizim qaranlığımızda şövqlə oxudu, oxudu…

İşığın yanmağı ilə bülbülün səsini kəsməyi eyni vaxtda baş verdi. Elə bil, o öz ecazkar səsi ilə işığı yandırıb sonra da yox oldu. Uşaqların bir-birinin üzünə çaşqın-çaşqın baxmağından aydın olurdu ki, onlar da bülbülün səsini eşidiblər. Hər şeyə realistcə yanaşan Valid dərin düşüncələr içində qalın qaşlarını çatıb əminliklə dedi:

-- O quş, harasa açıq qalıb, uçub ordan içəri girib.
Muxtar durub bir-bir pəncərələri yoxladı. Fikirli-fikirli başını buladı.

-- Möcüzədi, vallah. -- Əbülfəz maddım-maddım onun-bunun üzünə baxa-baxa qalmışdı. Millət susurdu. Heç kimin ağlına gəlmirdi ki, belə bir sual versin, axı, qışın bu vaxtında bülbül adlı bir quşun buralarda nə işi var?!

Muxtar pəncərələri yoxlamasaydı da, hamımız bilirdik, elə Əbülfəz də də biz qarışıq, bilirdik ki, bu, elə-belədən deyil. Bu qədər adamın hamısının birdən-birə qulağına eyni səs gələ bilməz. Quş, həqiqətən, bir az əvvəl oxuyurdu. Var idi bülbül, yox idi bülbül, bilmirəm, amma o oxuyurdu. Məqamın sirri vardı. Səsindəydi. Bir müddət hamımız susub qaldıq.

Nəhayət, Məlik vahiməli, sirli məqamlardan ki qorxurdı:

-- Yaxşı, ay Rüstəm, -- dedi,-- mən səninlə razı. Bütün nə danışmısan, hamısına inanıram. İranı qoyaq qalsın bir tərəfə. Bəs bu iki gündə bu adam acıyıb eləmirdi heç? Ac-acına üzürdü?

Mən əlüstü bildim ki, Məlik, nəhayət, bu sualı verməklə, əslində, məqamın sirrindən qaçmaq istəyir, bizi əvvəlki əhvala qaytarmaq istəyir.
Rüstəm kişi isə sakitcə bir kənarda oturub mürəbbə ilə çay içə-içə,elə bil, bu sualı gözləyirdi:

-- Yaxşı sualdı. -- Rüstəm kişi qalib bir ədayla dilləndi, çünki, əvvəla, hamı kimi o da bülbülün səsini eşitmişdi və bunu, nədənsə, bayaqdan bəri dediklərinin ən yaxşı sübutu kimi qəbul edirdi. Ona görə də artıq Haaqa məhkəməsinə heç bir ehtiyac qalmamışdı. İkincisi, Rüstəm kişi bu suala bülbülsüz də hazır idi. Mənə elə gəlir ki, bu cür suallar, yəqin ki, çayxanada da tez-tez səslənir. Baron Münhauzen bir bölük cahilə, yəni, bizə bu dəfə azacıq da olsa gizlətməyə lazım bilmədiyi açıq-aşkar bir istehza ilə belə cavab verdi:

– Deməli, belə. Görənlər danışırlar ki… mən görməmişəm, görənlər danışır. Qədiməli kişi, Allah ona rəhmət eləsin, uzun bir vədəylə dənizə çıxanda özü ilə evdən bir qazan bozbaş götürərmiş. Bu adam bozbaş qazanı qarnının üstündə üzərmiş. Acanda da bu bozbaşdan yavaş-yavaş yeyərmiş… Bunu mən demirəm. Bunu bütün kənd bilir.

Son
XS
SM
MD
LG