Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:26

Yola döşənən pullar


Rövşən Ağayev
Rövşən Ağayev
«Ölkədə normal hökumət olsa, bunlar baş verməz».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı-ekspert Rövşən Ağayev 3 il əvvəl istifadəyə verilmiş Zığ-Hava limanı yolunun təmirə dayanmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, inşası bitdikdən sonra həmin yolu podratçı şirkət dövlət komissiyasına təhvil verib:

«Dövlət komissiyanın statusu nədir? Orda kimlər var? Dövlət komissiyası yolları istismara qəbul edəndən sonra problemlər ortaya çıxırsa, həmin qurumun məsuliyyəti nədən ibarətdir? Bunlar araşdırılmalıdır».

R.Ağayev deyir ki, bu, ilk hal deyil. İki il bundan əvvəl istifadəyə verilmiş Bakı-Şamaxı və Bakı-Quba yolunun bəzi yerlərində də artıq çökmələr var:

«Burda məsuliyyət daşıyan bir instansiya varsa, bu, Azərbaycan hökumətidir, onun başında duran şəxslərdir. Ölkədə hüquq işləsəydi, bunların cavabı olardı. Podratçı şirkətlərə ayrılan pulun hamısı onlara çatırmı? Ölkədə o qədər hesabatsızlıq sistemi, qeyri-şəffaf mühit var ki, bu suallara cavab vermək çətindir».

TENDERLƏR ŞƏFFAF OLSAYDI...

İqtisadçı-ekspert Natiq Cəfərli isə problemi dövlət tenderlərinin şəffaf olmaması ilə izah edir:

Natiq Cəfərli
Natiq Cəfərli
«Şəffaf şəkildə tenderlər elan olunsaydı, xarici və daxili şirkətlər bu tenderlərdə iştirak etsəydi, yeyintilərin də qarşısı alınardı, belə problemlər də ortaya çıxmazdı. Həm də bir məsuliyyət müqaviləsi olardı tərəflər arasında ki, hər hansı bir problem ortaya çıxarsa, həmin məsuliyyət kimin üzərinə düşür. Hazırda podratçı şirkət məsuliyyəti öz üzərindən atır. Dövlət komissiyasının statusu və tərkibi açıqlanmır. Məsuliyyətin kimin üzərində olması qaranlıq qalır».

İTİRİLMİŞ PULLAR...

N.Cəfərli deyir ki, Azərbaycan hökuməti «dövlətin puludursa, yemək olar» təfəkkürü ilə çalışır.

«50 milyard manata yaxın infrastruktura vəsait qoyulub. Bu, artıq itirilmiş pullardır. Gələcəyə də baxmaq lazımdır. Azərbaycan hökuməti işlərə müvəqqəti bir idarəetmə üsulu ilə yanaşır. Azərbaycanda büdcənin formalaşmasında da, xarici ticarət dövriyyəsində də ən böyük amil neft amilidir. Büdcənin formalaşmasında neftin rolu 80 faizə, xarici ticarət dövriyyəsində isə 97 faizə yaxınlaşır. Hamı, hətta prezidentin özü də bu fikri qəbul edir ki, neft daimi deyil. Nə vaxtsa o, azalacaq. Bu keyfiyyətsiz işlərin ağrısını, acısını isə bizdən sonrakı nəsillər çəkəcək. Azərbaycan hökuməti heç olmasa, bu barədə düşünsün…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG