Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:22

Orxan Kərimova yeni rüşvət ittihamları irəli sürülüb


Orxan Kərimov
Orxan Kərimov
-

Təhsil Nazirliyinin rüşvət ittihamı ilə tutulan keçmiş rəsmisi Orxan Kərimovun anası Elza Kərimova bildirir ki, 2000-ci ildən bəri tələbə köçürmələri ilə bağlı nə varsa, hamısını onun oğlunun boynuna yıxmağa çalışırlar. O, oğlunun Təhsil Nazirliyində 2006-cı ildən işlədiyi halda ona qarşı əvvəlki illərlə bağlı ittihamlar irəli sürülməsini absurd sayır:

“Necə olur Orxan təkbaşına, heç kəsin xəbəri olmadan tələbə köçürür? Nazirlikdən başqa heç kimin günahı yoxdur? Yalnız günahkar Orxandır? Bu, hansı məntiqdir? Orxan kimdir əmr eləsin ki, filan tələbə filan institutdan filan instituta keçsin”.

ORXAN KƏRİMOVA QARŞI İRƏLİ SÜRÜLƏN İTTİHAMLAR

Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və passiv rüşvətxorluqda ittiham olunub.

Kərimovun həbsindən sonra Təhsil Nazirliyindən bildirilmişdi ki, bu həbs Nazirliyin öz təşəbbüsü ilə aparılıb. Söhbət tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi ilə bağlı sənədlərdən gedir. Nazirliyin digər əməkdaşlarının da bu işdə əlinin olub-olmamağına dair rəsmilər deyirdilər ki, bunu istintaq müəyyənləşdirəcək, hələlik qurumun bir əməkdaşı saxlanıb.

Dünən- yanvarın 10-da isə istintaqın yekunlaşması haqda qərarı elan ediləndə Orxan Kərimova yeni məzmunda ittiham verilib. Bu dəfə cinayət işinə küllü miqdarda rüşvət alma və təkrar rüşvət alma bəndləri əlavə olunub.

Orxan Kərimov iki mətbəə işçisi ilə birgə 116 min manat rüşvət almaqda təqsirləndirilir. Sənədlərin saxtalaşdırılmasında iki nəfər ittiham olunsa da onlardan biri həbs edilib. Orxan Kərimov hazırda Bakı istintaq Təcridxanasında saxlanılır.

Məhkəmədə də bu ittihamlar sübuta yetirilərsə, Orxan Kərimovu əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

XARİCDƏ OLARKƏN BAKIDA RÜŞVƏT ALIB?

Vəkili Ramiz Məmmədovun AzadlıqRadiosuna dediyinə görə, müdafiə etdiyi şəxs istintaqın yenidən aparılması ilə bağlı vəsatət qaldırıb. O, kimlərinsə sığortalanması məqsədilə onun rüşvət almada ittiham olunmasına kəskin etirazını bildirib.

Vəkil deyir ki, Orxan Kərimov 2009-cu ilin avqust-sentyabr aylarında rüşvət almada ittiham olunur. Amma həmin tarixlərdə o, Bakıda ürəyindən əməliyyat olunub və bundan bir müddət sonra da bir ay ərzində Türkiyədə olub:

“Yəni rüşvət almada ittiham olunan şəxsin ittihamda göstərilən tarixdə ölkədə olmadığı halda kimdənsə rüşvət alması, kimlərlə sövdələşmədə olması mümkün deyil. Bu, absurddur. Bu baxımdan da Orxan Kərimov məsələ qaldırdı ki, bu məsələlər sərhəd xidmətindən öyrənilsin. Kim orda konveyeri fırladıb, kim rüşvəti kimdən alıb, rüşvət kimin cibinə gedir, bu, araşdırılsın””.

“SƏLAHİYYƏTSİZ ADAM TƏLƏBƏ KÖŞÜRÜLMƏSİNİ NECƏ HƏYATA KEÇİRƏ BİLƏR?”

Ramiz Məmmədov Orxan Kərimovu Təhsil Nazirliyində tələbə köçürmələrinə aidiyyatı olmayan şəxs hesab edir. Vəkilə görə, tələbə köçürmələri ilə bağlı kimin rüşvət alıb- verməsini müəyyənləşdirmək elə də çətin bir iş deyil. Onun sözlərinə görə, bu işlə məşğul olan səlahiyyətli şəxslər var və onlar həmin sənədlərə imza atıblar.

Ramiz Məmmədov həm də hesab edir ki, tələbə köçürmələri ilə bağlı iqtisadiyyat şöbəsinin müdir müavini kimi Orxan Kərimovun kimlərəsə təsir etməsi də mümkünsüz bir məsələdir.

Vəkilə görə, Orxan Kərimovun adından istifadə edən şəxslər olub, bu, istintaqa məlumdur və Orxan Kərimov bəyan edib ki, bütün tələbələrlə, valideynlərlə üzləşməyə hazırdır.

“OĞLUMUN MÜALİCƏSİNƏ İMKAN VERİLSİN”

Elza Kərimova
Elza Kərimova
74 yaşlı Elza Kərimova oğlu ilə bağlı iki məsələyə müsbət cavab verilməsini istəyir. Deyir bir, ürək ağrılarından əziyyət çəkən oğlunun müalicəsinə şərait yaradılsın, bir də ədalətli məhkəmə keçirilsin:

“Məni bir eşidən tapılsın və bu işi saf-çürük etsin. Demirəm ki, nəyisə ört-basdır edin, açın, qoyun ortalığa da hər şeyi. Bizi şərdən- böhtandan qurtarın. Günahı varsa, cəzasını çəksin.

Harda yiyəsiz, sahibsiz var, onun üstünə yıxıblar hər şeyi. Bu böyüklükdə nazirlik, onun məmurları hardaydı ki, Orxan hamının başını aldadıb milyonlar qazandı? Burda məntiq var?”

“ELƏ BİL 37-Cİ İLDİR”

Elza xanım Orxan Kərimov həbs olunandan sonra dost-tanışların da onlardan üz döndərdiyini, gizləndiyini deyir:

“Elə bil 37-ci ildir. O vaxt bizim qohumlar da tutulub. O vaxt qohum qohumdan, qardaş-qardaşdan qaçırdı. İndi dərdimi deməyə adam tapmıram, hamısı üzümə gülüb aradan çıxırlar. Niyə görəsən? Bilmirəm”.

Elza Kərimova illərdir təmir görməyən evi, qırıq-qırıq olmuş stol, stulu, qapı- pəncərəni göstərir. Deyir indi belə bir evdə yaşayan adamı külli miqdarda rüşvət almaqda ittiham edirlər. Ana yuxarıların etdiyi hərəkətə, aldığı rüşvətə görə oğlunun həbsə atıldığını bildirir.

Ötən ilin dekabrında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yerli mediaya demişdi ki, iki dəfə Baş Prokurorluğa yazılı müraciət göndərərək şair Əli Kərimin oğlu, məhbus Orxan Kərimovun həbsinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib, amma heç bir cavab almayıb.
XS
SM
MD
LG