Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:48

50 min manatlıq əməliyyatın aqibəti


Arxiv foto
Arxiv foto
-

ŞƏHİD AİLƏSİNDƏ 30 MİN MANATIN NARAHATÇILIĞI


«20 min manat verilib, 30 min manat xəstəxanaya borclu qalmışıq. Baş həkim də deyir ya pulu ver, ya da məhkəməyə verəcəyəm. Qalmışam dərdimi kimə deyim. Hara yazıramsa, kömək edən yoxdur. Mehriban Əliyevanın qəbuluna yazıldım, getdim, qəbul elədilər, dedilər nə edə bilərik sənin üçün?»

Kürdəmir sakini Gülnar Zamanova oğluna qaraciyər köçürülməsi əməliyyatının yararsız aparılmasından şikayətlənir və deyir ki, bu azmış kimi, əməliyyat üçün 50 min manatı tam ödəyə bilmədiyinə görə xəstəxana tərəfindən məhkəməyə verilmək təhlükəsi ilə üz-üzə qalıb.

BEŞ OĞULDAN DÖRDÜ

Gülnar Zamanovanın 5 oğlundan biri Qarabağ müharibəsində şəhid olub, bir oğlu isə hərbi xidmətdə xəstəlikdən ölüb. İki oğlu da indi Mərkəzi Neftçilər Xəstəxanasında həyatla mübarizə aparır. Deyir, ortancıl oğlu Fuad Zamanov qaraciyərin serrozu xəstəliyindən əziyyət çəkirmiş. Ötən il dekabrın 24-də Mərkəzi Neftçilər Xəstəxanasında (yanvarın 1-dən bu xəstəxana Səhiyyə Nazirliyinin balansına keçib, lakin hələ də üzərindən Mərkəzi Neftçilər Xəstəxanasının lövhəsi çıxarılmayıb) üzərində qaraciyərin canlı donordan transplantasiyası əməliyyatı aparılıb. Donor da öz qardaşı Elman Zamanov olub.

Ancaq əməliyyat uğursuz alındığından 3 gün ərzində Fuad başqa yaxın qohumunun donorluğu ilə təkrar əməliyyat olunub. Gülnar Zamanova deyir ki, indi donorluq etmiş oğlunun da vəziyyəti pisləşib və onu təkrar əməliyyat ediblər.

İndi Gülnar Zamanovanı əməliyyatın yararsızlığından çox xəstəxanaya yaranan borcu narahat edir. Deməsinə görə, əməliyyata görə ondan ümumilikdə 50 min manat istəyiblər. Bunun 20 min manatını oğlu Fuadın işlədiyi şirkət ödəyib. Qalan 30 min manatın ödənilməsi üçün ana müxtəlif dövlət orqanlarına müraciət etsə də müsbət cavab almayıb. Xəstəxana rəhbərliyi isə Zamanovları xəbərdar edib ki, pul ödənilməsə, məhkəməyə müraciət edəcək.

KLİNİK XƏSTƏXANAYA GÖSTƏRİŞ VERİLSƏ DƏ...

Ananın Heydər Əliyev Fonduna yazdığı məktubların nəticəsi bu olub ki, Fond xəstəyə köməklik göstərilməsini Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinə tapşırıb. Həmin İdarədən deyirlər ki, vətəndaşlara maddi yardım üçün büdcədə vəsait nəzərdə tutulmadığına görə köməklik göstərə bilmirlər. İdarə yalnız onu edə bilib ki, 3 saylı şəhər klinik xəstəxanasına xəstənin müayinə və müalicəsinə köməklik göstərilməsini tapşırıb. Gülnar Zamanova deyir, həmin xəstəxana transplantasiya əməliyyatları həyata keçirmədiyinə görə hər hansı köməklik göstərə bilməyib.

«BU ƏMƏLİYYAT NEFTÇİLƏR ÜÇÜN DƏ ÖDƏNİŞLİDİR»

Gülnar Zamanova
Gülnar Zamanova
Prezident Administrasiyasına yazılan məktublar isə Dövlət Neft Şirkətinə göndərilib ki, şəhid ailəsinə yardım göstərilsin. Şirkətin sosial məsələlər üzrə şöbəsindən deyirlər ki, orqan transplantasiyaları kifayət qədər bahalı və mürəkkəb əməliyyatlar olduğu üçün belə əməliyyatlar Mərkəzi Neftçilər Xəstəxanasında təkcə qeyri-neft işçiləri üçün deyil, Dövlət Neft Şirkətinin öz işçiləri üçün də ödənişli əsaslarla həyata keçirilir. Odur ki, Fuad Zamanovun üzərində aparılmış transplantasiya əməliyyatı üçün Gülnar Zamanovanın borclu qaldığı məbləğin Dövlət Neft Şirkəti tərəfindən ödənilməsi imkan xaricindədir. Gülnar Zamanova deyir «neft ölkəsində yaşayıb Dövlət Neft Şirkətindən belə cavab almağına qəzəbli gülməyim tutur».

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin rəhbəri Mehdi Mehdiyev deyir ki, əvvəllər xeyriyyəçilik edən müəssisələrə xeyriyyəçilik etdikləri məbləğlərə görə vergi sahəsində müəyyən güzəştlər var idi. Bu səbəbdən də onlarda xeyriyyəçiliyə həm insani baxımdan stimul var idi, həm də xeyriyyəçilik etdiklərinə görə ziyan çəkmirdilər. Ancaq o qanun ləğv olunandan sonra hər hansı şirkət xeyriyyəçilik etdiyi məbləğə görə ziyan çəkir. Ona görə də belə xeyriyyəçiliklər azalıb.

YERLİ İCRA HAKİMİYYƏTLƏRİNİN FONDLARI

Mehdi Mehdiyev:

«İri şirkətlər daxili təlimatları ilə özləri üçün müxtəlif fondlar yaradırlar. Ancaq yenə də bu, heç bir qanunla məcburi xarakter daşımır. Qanuni tərəfdən tələb etmək düzgün deyil. Qanuna istinad edirlər ki, şəhid ailəsi müəyyən müavinət alır, prezident təqaüdü alır. Ancaq belə məsələlər qanunla tənzimlənmir. Yerli icra hakimiyyətlərində müəyyən fondlar yaradıblar, o xanım yaşadığı ərazinin icra hakimiyyətinə müraciət etsə, bəlkə də qismən kömək ala bilər. Ancaq bütün xərcləri heç kim öz üzərinə götürməz».

Fuad Zamanovun müalicəsiylə bağlı sənədlər
Fuad Zamanovun müalicəsiylə bağlı sənədlər
Mərkəzi Neftçilər Xəstəxanası ilə xəstə arasında bağlanmış müqavilədə əməliyyatın və digər xərclərin məbləği göstərilməyib. Gülnar Zamanova deyir ki, donorlardan biri xəstənin doğma qardaşı, digəri isə doğma bibisi oğlu olub ki, onlar donorluğu könüllü ediblər.

PULU ŞİRKƏT ÖDƏYƏCƏK

Xəstəxananın baş həkimi Həbib Yüzbaşov deyir ki, onlar əməliyyatın xərcini xəstədən yox, xəstənin işlədiyi və xəstəxana xərclərini üzərinə götürmüş şirkətdən tələb edəcəklər. Həmin şirkət xəstəxana qarşısında öhdəlik götürüb, ancaq xərclərinin müəyyən hissəsini ödəsə də, xeyli hissəsini ödəməyib:

«Biz onlara güzəştlər etmişik, onlar özləri bunu bilirlər. Onların yerinə baş bir şirkət zəmanət verib ki, biz o pulu ödəyəcəyik».

MÜQAVİLƏDƏ MƏBLƏĞ GÖSTƏRİLMƏYİB

Əməliyyatın uğursuzluğuna gəlincə, baş həkim deyir ki: «Özləri də bilirlər ki, xəstəxana həkimləri uşaqlarını ölümcül vəziyyətdən çıxarıb».

Qaraciyərin transplantasiyası əməliyyatının hansı məbləğə başa gəlməsi barədə isə baş həkim məlumat vermədi. Xəstə ilə bağlanmış tibbi xidmət müqaviləsində də əməliyyatın qiyməti göstərilməyib. Gülnar Zamanova deyir ki, xəstəxanaya daxil olanda baş həkim ona şifahi şəkildə deyib ki, əməliyyat 50 min manata başa gələcək. Ancaq rəsmi müqavilədə tərəflərin öhdəlikləri yazılsa da, xəstəyə görə ödəniləcək məbləğ göstərilməyib.

Bakıda qaraciyərin köçürülməsinə 2008-ci ildə başlanıb.
XS
SM
MD
LG