Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:59

Samirə Əşrəf "Müəllimin ölümü" (Hekayə)


Nəhayət ki, bu gün, köçdüyümüz yataqxananın darısqal olan bir otağında məskunlaşa bilmişdik. Divarları yarıya qədər yaşıl rəngli yağlı boya ilə boyanmış otaqdan toz-torpağın iyi hələ çəkilib getməmişdi. Beşmərtəbəli yataqxananın birinci mərtəbəsində olan bu otağı indiyə qədər bizdən başqa heç bir ailə bəyənib yaşamamışdı. Otaq çox darısqal, həm də ayaqyolu, hamamla üz-üzə idi. Rayondakı evimizdən gətirdiyimiz iki çarpayı, mir-mitil, televizor, soyuducu stol-stul hamısını bu otağa sığışdırmışdıq.
Atamla–anam eyvanda söhbət edirdilər. Bacımla mən ortası çökmüş taxtın üstündə uzanmışdıq. Anam qardaşıma yerdən yer salmışdı. Mən yuxulaya-yuxulaya atamın sözlərini eşidirdim.
- Altı təpili otağı ver erməniyə, özün də gəl gir bu daxmaya.
Səhəri biz yuxudan qalxanda saat onu keçmişdi. Otaqda bacımla məndən başqa heç kəs yox idi. Biz paltarlarımızı geyinənə qədər anam əlində, boşqab dolu ləyən otağa girdi. Axşamdan qalan qabları mətbəxdə yuyub gətirirdi. Otağa girən kimi tərs-tərs bizə baxıb dedi:
- Niyə durmusunuz? Qayıdın təzədən yatın!
Biz yuxulu-yuxulu gözümüzü döyürdük.
- Bura murdarçılıqdı. Ayaqyolu, hamam, mətbəx hamısı ümumidi. Mətbəxdə bir stol qoyublar, adam baxanda ürəyi bulanır. Oralara girib, çıxanda ehtiyatlı olun. Sonra anam köksünü ötürərək dedi:
- Leylanı bir yerdə yatsın, min yerə iyi düşsün. Gül kimi ev idi də oturmuşduq.
Leyla bizim əvvəl evində kirayə qaldığımız evin sahibi idi. Kirayə pulunu elə məbləğə qaldırdı ki, verə biməyib çıxmışdıq.
Bacımla mən, əl-üzümüzü yumaq istəyirdik, otaqdan çıxıb, üzbəüz hamama girdik, içəridə ortayaşlı yaşlı bir kişi ilə sarışın, uzun cavan oğlan söhbət edirdilər. Kişinin üzünün yarısı sabunluydu, üzünü təraş edirdi. Oğlanınsa əlində sabunqabı və diş şotkası vardı. Biz onları görəndə hürküb çölə çıxdıq. Oğlan tez çıxıb getdi. Gedərkən gözucu bizə baxmağı da unutmadı. Kişi isə beş dəqiqə ləngidikdən sonra çiynində dəsmal gəlib bizim yanımızdan keçdi. Hamamda su dayanmadan axır, səsi adamın başına düşürdü. Əl-üzümüzü yuyub hamamdan çıxmışdıq ki, mətbəxdən anamızın və başqa arvadların səsi gəldi. Mətbəxin qapısına yaxınlaşıb baxanda, anamın əlindəki qazanı zərblə dörd gözlü qaz sobasının boş olan yerinə qoyduğunu gördük. Anam əl-qolunu ölçə-ölçə danışırdı.
- Mənim qazanımı götürüb kənara qoyanın gözünü çıxardaram. Deyəsən, üstümü unlu görüb adımı dəyirmançı qoymaq istəyirsiniz?
Kənardakı stolun üstündə qabları şampunlayan qarayanız bir arvad anama baxıb deyirdi.
- Ay bacı o yaşlı qadındı, götürüb, götürüb də qan olmayıb?
Anam daha da əsəbləşib dedi:
- Yaşlıdı sənin qazanını götürsün də məni niyə gözümçıxdıya salıb, dünən də çaydanı götürüb kənara qoymuşdu. Bir də mənim qoyduğum qazanı, çaydanı bir adam yerindən tərpətsə heç kəs mənən inciməsin.
Anam mətbəxdən çıxanda, elə bil qurbağa gölünə daş atdılar. O dildən iti, sözdən bol qadındı. Bir də kim olur-olsun haqqını heç kəsə verməzdi, onun ayağını tapdalayan adamın dərsini mütləq verərdi. Düşdüyü yerdə özünü ilk andaca tanıdırdı ki, bu mənəm! Mənlə ehtiyatlı olun.
Bir-iki gündən sonra isə yataqxananın bütün sakinləri ilə tanış olub, mehribanlaşmışdıq.
Atam Azərbaycan dili müəllimi idi. Ancaq o müəllimliyin daşını atmışdı, daha doğrusu atmağa məcbur olmuşdu. O hər axşam evimizin yaxınlığında yerləşən pekarnidən otuz, qırx çörək alıb iki iri çantaya yığar, sonra qardaşımla köməkləşib metroların birinin qarşısına aparıb satardılar. Onlar gecə saat on ikiyə qədər çörəklərin hamısını satdıqdan sonra evə qayıdardılar. Üstəlik atam hər gün özümüzün çörək payını da gətirərdi. Amma dolanışıq yenə də çətin idi. Həmişə yaxşı yemiş-içmiş ailə idik. Atam çalışırdı ki, uşaqları heç nədən korluq çəkməsin.
Neçə vaxt idi ki, anamın ödündə çox iri daş özünə əməlli-başlı yer eləmişdi. O nə qədər müalicə olunsa da xeyri olmadı. Uzun və sıxıcı qış günlərinin birində ödündəki daşın verdiyi sancılar şiddətləndi və o əməliyyat olunmağa məcbur oldu.. Yataqxanadakı evimizin qadınlıq işləri bütün ağırlığı ilə mənim çiyinlərim üzərinə hücuma keçdilər. Hər gün tezdən durmaq, atamla-qardaşımı işə yola salmaq, sonra otağı yır-yığış edib məktəbə getmək, günorta dərsdən gəlib evə, xəstəxanaya, anama xörək bişirmək, üstəlik yataqxanada həftədə bir dəfə növbələşərək mətbəxi, hamamı, ayaqyolunu təmizləmək mənim vəzifəm idi. Bacım məndən altı yaş balacaydı, onu evimizdən bir xeyli aralıda yerləşən Laçın rayon qaçqınlar məktəbinə qoymuşduq. Bacım hər gün yataqxanadakı rəfiqələri ilə birgə gedib-gəlirdi. Evdən məni də həmin məktəbə göndərmək istəsələr də mən evimizin yaxınlığınakı şəhər məktəbinə getdim.
Qardaşımın ayaqları ağrıdığından iki gün idi atam onu özü ilə çörək satmağa aparmırdı. Bu gün axşam qardaşım saat doqquzda gəldi, xörəyini yeyib yatdı. Axşam saat on ikini göstərirdi. Atam harda olsa gələcəkdi, xörək qazanını götürüb mətbəxə getdim, belə vaxtlar mətbəxdə heç kim olmurdu. Qazanı qızdırıb otağa gəldim. Anam olmadığından qardaşım anamın çarpayısında yatmışdı. Televizorda mənim uşaqlıqda çox sevdiyim “Robin Qud” filminin yeni çəkilmiş versiyasını verirdilər. Bu filmin köhnəsinə mən on yaşımda baxmışdım Bir neçə ay o filmin havası başımdan çıxmamışdı. Robin Qud rolunu ifa edən aktyora əməlli başlı aşiq olmuşdum. Qonşuluğumuzda yaşayan Aynur adlı rəfiqəm mənim bu aşiqliyimə gülüb məni o ki, var cırnadırdı. Əvəzində mən öz eşqimə sadiqliyimi nümayiş etdirmək üçün deyirdim ki, baxarsan mən bir az böyüyüm gedib o aktyoru tapacağam. Bir bilsəydiniz o vaxtlar hər şey mənə necə də asan və həll edilməsi rahat görsənirdi...
Film bitti. Saat ikinin yarısı idi. Atam gəlməmişdi. Onun ən gec gəldiyi vaxt bir olardı. Bayırda boz dekabr havası tüğyan edirdi. Arabir yağış çiskinləyir, sonra yerini külək alırdı. Mən televizoru söndürüb atamın çarpayısına uzandım. Atamın yerində uzanıb yatmaq mənim çox xoşuma gəlirdi. Onun tərli, bir az tütün iyi ilə qarışmış olan qoxusunu milyon qoxunun içərisindən seçə bilərdim. Çox yorğun olduğumdan, uzanan kimi yuxuya getmişdim...
...Xırıltılı, boğuq və tanış bir səs məni səsləyirdi.
- Səidə, Səidəə.
Deyəsən yuxu görürdüm, səs də atamın səsi idi. Birdən bərk taqqıtı səsi gəldi. Gözlərimi açdım. Yox, yuxu deyildi və həmin səs yenə məni səsləyirdi. Sərsəm kimi ayıldım, saata baxdım 3 tamam olmuşdu. Bu dəfə lap möhkəmdən atamın səsini eşitdim.
-Səidə qapını aç!
Amma səs qapıdan gəlmirdi, eyvandan gəlirdi. Eyvanın qapısını açdım. Bizim otağımız birinci mərtəbədə yerləşirdi. Eyvanın dəmir barmaqlıqları araısından atamın qançır olmuş üzünü və zavallı gözlərini gördüm...
- Sənə nə olub? deyə mən qışqırdım.
Atam bunu gözləyirmiş kimi əlini ağzına yaxınlaşdırıb dedi:
- Qışqırma get, qardaşını durğuz gəlsin.
Mən otağa qayıdıb qardaşımı oyatdım.
Biz ikimiz, köməkləşərək atamı yuxarı qaldırıb evə gətirdik. Onun əynindəki qara gödəkçə tamam palçığa bulanmışdı. Üz-gözü şişmiş, alt dodağı partlamışdı. Başının sağ tərəfində, gümüşü saçlarının arasında yara vardı. Yaranın ətrafından axan qan qaralıb qurumuşdu. Əllərinin üstü didik-didik idi. Qardaşımla mən həm qorxu, həm də təəccüb içərisində atama baxırdıq. Bircə bacım bütün olanlardan xəbərsiz yatırdı. Atam əlindəki palçıqlı sellofanda təmiz qalmış çörəkləri mənə verib güclə eşidiləcək səslə dedi:
- Yod pambıq, bir az da ilıq su gətir.
Qardaşım atamın palçıqlı paltarlarını dəyişir, mənsə onun yaralarının qanını təmizləyib, yerinə yod vururdum. Başındakı yara çox dərin idi.
Biz həmin gecə onun yaralarını yodlayıb sarıdıq və səhər hava işıqlanana yaxın yatdıq. Atamın yaraları onu yatmağa qoymurdu. O biruzə verməməyə çalışsa da, mən bunu hiss edirdim. Ertəsi gün o bizim bütün sullarımızı cavabsız qoydu. Çox sakit və kədərli görsənirdi. Tez-tez eyvana çıxıb uzaqlara tamaşa edir və siqaret çəkirdi. Bütün gün ərzində o bir stəkan su da içmədi. Axşama qədər iki qutu siqaret çəkib boşaltmışdı. Mən onun çarəsiz və gücsüz olduğunu duyurdum. Yalnız axşama yaxın o qardaşıma dedi ki, dörd nəfər içkili cavan oğlanlar onu döyüblər. Biz hadisənin əsas məğzini anam xəstəxanadan çıxıb evimizə gələndə anamdan öyrəndik...
...Həmin günü atam çörək satmaq üçün metronun qarşısında dayananda, dörd nəfər yeniyetmə oğlan ona yaxınlaşıb, ondan iki ədəd çörək alıb, ancaq birinin pulunu veriblər. Atam onlardan ikinci çörəyin pulunu tələb edəndə oğlanlardan biri atama deyib ki, o bir çörəyin üstündə iki çörəyin pulunu qazanır. Beləcə onların arasında mübahisə yaranır. Və atam çörəyi onlara satmır, əllərindən alır. Həmişəki kimi bütün çörəkləri satıb evə qayıdanda içkili oğlanlar pusquda dayanıb, atamı güdürlər və onu döyürlər. Gedərkən atamın üst-başını soymağı da yaddan çıxartmırlar. Onlar çıxıb getikdən sonra atam bir xeyli vaxt özünə gələ bilmir, sonra birtəhər qalxıb palçığın içindən bizim payımız olan sellofandakı iki çörəyi götürüb evə gəlir. Amma yataqxananın həyətində adamlar və gözətçi olduğundan o, onların yatmasını gözləyib qapıdan yox, eyvandan gəlməyi üstün tutur.
Aradan zaman keçdikcə atamın başındakı o yaranın izi itdi, yerində isə balaca bir düyün əmələ gəldi. Sonralar o düyün illərlə sövdələşmiş kimi getdikcə böyüməyə başladı və əlacı olmayan pis bir xəstəliyə çevrildi. Atam elə o xəstəliyin yükü ilə də bu dünyadan köçdü. Onun rəhmətə getdiyi günü yaxşı xatırlayıram...
... Qurumuş bir sümük yığını inadla dərisindən süzülüb çölə çıxmaq istəyirdi. Bədənin ixtiyarı isə öz əlindən çıxacaq vəziyyətdə ruhu ilə çarpışır, ölüm bədənin ətrafında sürətlə var-gəl edir, istədiyini ala bilmək üçün atamın gözlərinə görsənib onu silkəlyir, atamsa can vermək istəmirdi. Onsuzda bu dünyadan kim gedirsə hər kəsin əli uzalı, gözü aralı qalır.. Atam da ömrünün son anlarını məşəqqətlə tərk edirdi. Təntənəli mübarizəsindən sonra ölüm həmişəki kimi qalib gəldi. Atamın sinəsindən güclü bir xırıltı eşidildi və itdi. Mən atamın cansız bədəninə, açıq qalmış bulanıq, bir azca sulu gözlərinə baxırdım. Ondan mənə qalan isə nisgilli xatirələr, birdə həmin gecənin unudulmaz gücsüzlüyü oldu.
XS
SM
MD
LG