Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:19

Gəncədə maaşların verilmədiyi zavoddan ətrafa yayılan tüstü...


«Azəralüminium» ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Birliyi
«Azəralüminium» ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Birliyi
İqtisadi böhran üzündən dayandığı bildirilən Gəncə «Azəralüminium» Gil-Torpaq İstehsalat Birliyi ətrafında yeni narazılıqlar eşidilir. Artıq zavodun fəaliyyətini bərpa etdiyi bildirilir. Hərçənd, rəsmilər Gəncədə uzun illər fəaliyyət göstərən bu zavodun dayandığını heç təsdiqləmirdilər. Ancaq bir çox işçilər öz hesablarına uzunmüddətli məzuniyyətə göndərilmişdilər. Bununla belə, zavodun borularından çıxan tüstüyə şəhər sakinləri çoxdan alışmışdı. Küləkli günlərdə ətrafı bürüyən rəngli toz da göyün üzünü qırmızıya boyayırdı. Yenicə işə düşən zavoda indi də yaxınlaşanda, havada həmin duman kimi toz təbəqəsi açıqca görünür, xüsusi qoxudan nəfəs daralır.

Oradakı daxili vəziyyəti öyrənmək üçün zavoda məxsus işçiləri evlərinə aparan avtobusa minirəm. Əksər işçilər zavodun sözdə açıldığını dedilər. Onlar açıqca danışsalar da, bəziləri adlarının çəkilməsini istəmirlər:

«MAAŞ VERİLMİR...»

«Boksit Hindistandan alınır. Qazanlarda bişiririk, un halını alır. Onu da verib alüminium alırlar. Onu da edə bilmirik. Texniki şeylər lazımdır ki, onu da almırlar. Bir işi dəfələrlə təkrarlayırıq. Zavod işləmədiyi üçün maaş da vermirlər. Təzə çağırılanların da maaşını vermirlər. 2 aydır ki, işləyirik».

Zəhərli tozun içində tər tökən fəhlələr xüsusilə də maşlarının verilmədiyindən şikayətləndilər:

«QUL KİMİ SATIRLAR”

«- Kim çox pul verir, ona da işləyirik. Qul kimi satırlar. 160 manat maaş verir.

- Nə işləyirsiniz?

- Ağaclara baxırıq, yaşıllaşdırmaya.

- Öz hesabına məzuniyyətə göndərilənlər işə qaytarıldı?

- Bəziləri hə, bəzilər yox».

«- Maaşımızı vermirlər.

- Nə qədər vaxtdır almırsız?

- 14 aydır.

- Nə işləyirsiz?

- Fəhlə, slesar».

«- İşdən çıxmışdınız?

- Öz hesabıma getmişdim məzuniyyətə.

- Maaşınız necədir?

- Almışıq ki, bilək?».

«Maaşımızı vermirlər»
«Maaşımızı vermirlər»
«Azəralüminium»un Gil Torpaq İstehsalat Birliyinin yaxınlığında yeni müəssisə açılıb. O, DET-AL adlanır. İşçilər deyirlər ki, bu müəssisənin funksiyası «Azəralüminium»da əldə olunan alüminium tozundan elektroliz vannaları vasitəsilə saf alüminium almaqdır. Bunun üçün Samux rayonunda yeni elektrik stansiyası da tikilib.

Yaxın ətrafda yaşayan yüzlərlə ailə isə zavodun fəaliyyətinin səhhətlərinə pis təsir göstərəcəyindən narahatdırlar. Gəncə sakini Sahilə Əliyeva deyir ki, 1-ci zavodun qırmızı tozu onsuz da onları zəhərləyirdi. Üstəlik, onun yanında birini də tikiblər:

«ƏKDİYİMİZ GÖY-GÖYƏRTİNİ SUYA QOYURUQ, QIP-QIRMIZI OLUR»

«Evimizin içinə qədər qırmızı toz gəlir. Əkdiyimiz göy-göyərtini suya qoyuruq, qıp-qırmızı olur. Hamısı zəhərdir. Hər ay xəstəxanadayıq. Zəhərli maddədir. Hələ birini də tikdilər. Deyirlər bu o birindən də güclüdür. Bir açıqlama verilmir ki, biz də bilək».

«EVİN QABAĞINDAKI AĞACLAR 3 AYIN İÇİNDƏ QURUDU»

«Zavod yeni işə düşəndə bizim evin qabağındakı ağaclar 3 ayın içində birdən-birə qurudu. Zəhəri azaltmaq üçün zavodun texniki imkanları olmalıdır».

Zavodda işləyən adının çəkilməsini istəməyən 27 yaşlı gənc isə deyir ki, yeni DET-AL zavoduna girmək mümkün deyil. Hər tərəf maqnit kimi bütün əşyaları özünə çəkir:

«O sex maqnitdir. Girisən, ürəyi zəif olanlar, orda işləyə bilməz. Dəmiri atırıq, yerdə düz durur. Maşın 2 sexin ortasına keçəndə, yatır, maqnit qoymur. Çox adam işləmir. Orda cavanlar 2 gün işləyib qaçır».

«Azəralüminium»un Gil Torpaq İstehsalat Birliyinin zərərləri barədə ekoloq İrşad Abbasov da danışır. Deyir ki, müəssisə ilk fəaliyyəti dövrlərindən bu yana atmosferi ciddi şəkildə çirkləndirir:

«MÜASİR FİLTRLƏR QURAŞDIRILMAMIŞDI»

«Müasir filtrlər quraşdırılmamışdı. Müəssisə fəaliyyətdə olan zaman havaya zərər vurur. Filtrlər havaya atılan zərərləri minimuma endirsə belə, Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin ətraf mühitə vurduğu zərər böyükdür».

Ekoloq 2-ci zavod, yeni tikilən DET-Al barədə də məlumat verir. Deyir ki, bu zavod o qədər də ekologiyanı çirkləndirmir.
Zavodun fəaliyyətini bərpa etdiyi bildirilir
Zavodun fəaliyyətini bərpa etdiyi bildirilir
Ekoloq deyir ki, müəssisələrin ətraf mühiti çirkləndirməsinin qarşısının alınması ilə bağlı nəzərdə tutulmuş layihələr ləngidilir:

«Şlam sahəsinin ətraf mühitə vurduğu ziyanın yumşaldılması istiqamətində çox böyük işlər planlaşdırılıb… Bu işlərin icrası Nazirlər Kabinetinə tapşırılıb. Nəsə iş uzadılır. İqtisadi İnkişaf Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Ekologiya Nazirliyi birləşib komissiya da yaradıb. Qanunvericilikdə müəssisənin gəlirlərinin 30 faizi ətraf mühitə vurulan zərərlərin azaldılmasına sərf olunmalıdır».

«Azəralüminium» Gil Torpaq İstehsalat Birliyinin kooperativ idarəetmə sisteminin meneceri Mehriban Osmanova isə hər iki zavodun fəaliyyət göstərdiyini deyir. Menecer işçilərin əməkhaqqı ilə bağlı iddialarını da yanlış sayır:

«YANLIŞ MƏLUMATDIR...»

«Yanlış məlumatdır. İşçilər vaxtlı-vaxtında əmək haqlarını alırlar. Gətirilən yeni texnikalar elektroliz vannalarından havaya qalxan zərərli maddələrin 98 faizinin tullanmadan filtr olunmasını təmin edir. «Azəralüminium» illərdir alüminium istehsal edən zavoddur. Yeni tikilən DET-AL isə istehsalata oktyabr ayından başlayıb».

Mehriban Osmanova deyir ki, zavodda yeni Texniki təhlükəsizlik və əraf mühit departamenti də yaradılıb. Bu şöbə sırf ətraf mühitin mühafizəsi ilə bağlı əsaslı işlər görməlidir.
XS
SM
MD
LG