Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:00

Zaqatala sakini polisin onun saqqalını qırxdığını deyir


Foto: Arxiv
Foto: Arxiv
Yanvarın 12-də Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları Muxax kəndinin sakini İslam Ağalarovu saxlayıb. O, kəndin içində telefonla danışarkən söyüş söyməkdə günahlandırılıb.

Bundan sonra Zaqatala rayon Məhkəməsi ona 4 sutka həbs cəzası verib. İslam Ağalarov yanvarın 16-da həbsdən çıxıb. O, AzadlıqRadiosuna bunları deyib:

«Guya mən söyüş söymüşdüm. Polis şöbəsində mənə dedilər ki, saqqalın uzundur. 5 nəfər məni zorla yerə yıxıb saqqalımı qırxdılar».

İslam Ağalarov deyir ki, polis şöbəsində saqqalının qırxılması birinci dəfə deyil: «Keçən ilin mayında da polis şöbəsində saqqalımı zorla qırxmışdılar».

Zaqatala rayon Polis Şöbəsinin növbətçisi Ramazan Əhmədov AzadlıqRadiosuna bildirib ki, İslam Ağalarov məhkəmənin qərarı ilə 4 sutka şöbədə qalıb: «Saqqalının qırxılması haqqında bilmirəm. Şöbədən çıxanda, saqqalı yerində idi».

İslam Ağalarov isə deyir ki, bundan sonra da saqqal uzadacaq: «Polis ildə bir dəfə saqqalımı qırxsa da, mən yenə saqqal saxlayacağam. Bu, mənim üzümdə bitir də, kimə maneçiliyi var? Bəlkə qanunda var ki, saqqal saxlamaq qadağandır, xəbərimiz yoxdur?».

İslam Ağalarov deyir ki, başına gələnlərlə bağlı Baş Prokurorluğa, Ali Məhkəməyə müraciət edib.
XS
SM
MD
LG