Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:49

Xəzər Universitetinin rektoru: «Kimsə rüşvət almağa cəhd etsə...»


Xəzər Universitetinin rektoru John Ryder
Xəzər Universitetinin rektoru John Ryder
Azərbaycanda ilk əcnəbi universitet rektoru- Xəzər Universitetinin rektoru John Ryder- 2010-cu ilin sentyabrında bu vəzifəyə gələndə çoxları ona qəribə baxırdı. Necə yəni «Tələbəyə azadlıqlar verilməlidir», «Öz iş sisteminizi özünüz təklif edin?»

Beləmi olmalıdır universitet rektoru? Nyu-Yorkla Bakının ilk fərqi burdan başlandı...

«MƏNƏ DƏLİ KİMİ BAXDILAR...»

John Ryder:

«Azərbaycanda tələbələrin daha az azadlıqları var. Onların seçimləri bir o qədər də yoxdur. Onlara cədvəl verilir və onlar bu cədvəl üzrə hərəkət etməyə məcburdurlar, daha az seçim imkanları var. Mən müəllim yoldaşlarımla söhbətim zamanı bildirmişdim ki, tələbələrə qarşı daha liberal olaq, onlara seçim etmək üçün imkanlar verək. Onlarsa mənə dəli kimi baxdılar».

John Ryder 80-ci illərdə Nyu-York Universitetinin mühazirəçisi olub, 1985-2002-ci illərdə həmin universitetin professoru vəzifəsini daşıyıb. Bundan başqa, 1991-96-cı illərdə universitetin fəlsəfə departamentinin sədri, 1995-96-cı illərdə Şərqi və Mərkəzi Avropaşünaslıq Layihəsinin yaradıcısı və direktoru olub. 1996-2002-ci illərdə Nyu-York Universitetinin İncəsənət Elmləri fakültəsinin dekanı işləyib.

«KİMSƏ GÖZLƏYİR Kİ ƏMR VERİM»

Onun təhsil sahəsindəki təcrübəsi Xəzər Universitetinin təsisçisi və keçmiş rektoru Hamlet İsaxanlının da diqqətini çəkib və Qəyyumlar Şurasının sədri olaraq onu 38 namizəd arasından seçərək Azərbaycana rektor vəzifəsinə dəvət edib. İlk əcnəbi rektorun ölkənin təhsil sistemində diqqətini çəkən məqamlardan biri iş yoldaşları ilə münasibəti olub:

«Azərbaycanda universitet rektoru ilə digər işçilər arasındakı münasibət avtoritar xarakter daşıyır. Kimsə gəlir və məndən gözləyir ki, əmr verim. Nyu-Yorkda isə bu, bir qədər fərqli idi. Orda rəhbərlik və işçi arasında əməkdaşlıq münasibəti hökm sürürdü. Məncə bu, dərində yerləşən mədəniyyət fərqidir».

Azərbaycanın ilk özəl universiteti olan «Xəzər»də hazırda 1700 tələbə təhsil alır. Əvvəllər Demokratiya Uğrunda Universitetlərin Alyansına rəhbərlik etmiş cənab Ryder indiki iş yerində də təhsil sisteminin demokratik dəyərlər əsasında formalaşmasına kömək edəcəyini deyir:

«Burda dəyişikliklərə nail ola bilməyim üçün hələ tezdir. Bu, bir az zaman aparacaq. Çünki insanlar buna uyğunlaşmalıdırlar. Əslində keçən semestr üçün bir təklifim var idi: qarşıdan gələn semestrin planını tutmaq üçün tələbələrin də təklifini eşitmək istədim. Amma onlara təəccüblü gəldi ki, xeyir ola, tələbə də iştirak edir cədvəl tutulmasında. Bunu bir-iki ilə həll etmək olar, bu, vaxt aparan işdir».

Xəzər Universitetinin rektoru John Ryder
Xəzər Universitetinin rektoru John Ryder
Tədrisi ingilis dilində aparılan Xəzər Universiteti dünyada universitetlərin reytinq cədvəlində adı olan 3 Azərbaycan təhsil müəssisələrindən biridir. Digər universitetlər Bakı Dövlət və Qafqaz universitetləridir.

«BURDA RÜŞVƏTİ GÖTÜRƏN YOXDUR»

John Ryder deyir ki, xaricdə universitetin reytinqinin aşağı olmasına da rüşvət faktoru təsir edir. Onun fikrincə, korrupsiyaya batmış universitetin heç bir hörməti olmayacaq:

«Rüşvətin kökünü kəsmək çox sadədir. Biz burda rüşvətlə mübarizə aparmağa davam edirik. Kimsə rüşvət almağa cəhd etsə, həmin an işdən qovula bilər, ona görə də heç kəsin ağlına gəlmir bu. Xəzər universitetində rüşvətin olmaması həm tələbədən, həm də müəllimlərdən asılıdır. Heç bir tərəf nə almağa, nə verməyə cəhd göstərməməlidir.

Düzdür, ola bilər ki, burda da valideynlərdən, yaxud tələbələrdən kimsə rüşvət vermək istəsin, amma Xəzər universitetində kimsə yoxdur ki, rüşvəti götürsün. Bir qarşılıq görməyəcəkləri üçün də bu sevda baş tutmur». (Azərbaycanda ali məktəblərdə rüşvət riskləri barədə polemikaya burada sən də qoşula bilərsən. - red)

QAPILAR AÇIQDIR

Azərbaycanda universitetlərin tədris planı Təhsil Nazirliyi tərəfindən təsdiqlənib göndərilir. Cənab Ryder deyir ki, vahid kurikulumun olması belə, universitet daxilində dərslərə fərqli yanaşmaya mane olmur:

«Xəzər universitetinin bir qədər müstəqilliyi var. Təhsil Nazirliyi kurikulumu göndərir bizə, amma dərsin detallarını biz özümüz müəyyənləşdiririk. Təhsil Nazirliyi tərəfindən də qəbul olunub ki, Xəzər Universiteti eksperimental universitetdir. Digər universitetlərin həyata keçirmədiyi yeni təcrübələri sınaqdan keçirir. Nazirlik yoxlamalar aparır, amma müdaxilə yoxdur».

Mühafizəçi ilə gəzən, qəbuluna yalnız həftənin 2 günü müəyyən saatlar daxilində yazılmaq lazım gələn rektorlar barədə verdiyim sual isə John Ryderi təəccübləndirdi:

«Bizim qapılar açıqdır tələbələrin üzünə. Katibəyə də təlimat vermişəm ki, bura gələn hər kəsi içəri buraxsın, mən məşğul deyiləm».
XS
SM
MD
LG