Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:25

Namiq Şaman. Ağ və Gözəl


Namiq Şaman
Namiq Şaman
Namiq Şaman


AĞ VƏ GÖZƏL


Həmişə, hekayələr bir qucaq köhnə fotonun sırayla göz önünə gətiriməsilə yazılmağa başlayır.

Nədəndir ki, köhnə zamanlar qızmar günəşin, bol işıq və şənliyin əhatəsinda xatırlanır.

Səviyyəli yazmağa çalışanda özünü sərhədlərlə zincirləyirsən. Özünü dahi kimi göstərib kafkasayağı söz oyunları oynayanda da, niçşesayağı aforistik fikirləri bol-bol basanda da əvvəl-axır artistliyindən sıxılırsan.

Adamlar üçün yazmaq, adamlar üçün onların gözü qarşısındaca sevişmək kimidir. Bir işdə ki, həzz var mütləq intim tərəfləri də olmalıdır, burda adamları vecə almaq yersizdir. Axırda elə çıxır ki, ümumiyyətlə yazmamalısan, ya da özündən heç bir “dərinlik aşiqi” obrazı yaratmadan yazmalısan.

Mahnılar və şəkillər bizim arzularımızdır. Arzularımız yaşadıqlarımızın səlnaməçiləridir. Gələcəkdə doğulacaq gizli arzular, ya da doğulmayacaq, sadəcə, yada salınıb nə qədər gecikilmiş olduğuna görə köks ötürüləcək. Hər halda, gərək ki zahirən romantik olmaq indiki dövrdə gülməli görünür, daxilən isə çox əzab verir.

Mahnılar və şəkillərin plansız doluşub kirlətdiyi vizual dünyamız hələ heç vaxt indiki qədər çox erotik materialların interpretasiyası ilə işğal olunamışdı. Yəqin bizim indi gördüyümüz qədər cinsəl səhnələri o vaxtın eyş-işrət düşkünü sultanları, bir də hərəm ağaları görürdülər. Orta əsr çobanı, ya da buddist rahibi bizim bildiyimizdən yüz min dəfə az erotik material bilirdi və bununla da yetinirdi. (Necə?)

Şəhər həyatında hər addımda bir erotik siqnalla qarşılaşa bilərsən. Televizorun yaydığı cinsi aktı xatırladan rəqslərdən, iniltini xatırladan mahnılardan tutmuş, xəbərlər aparıcısının geyindiyi yaxası açıq kostyuma, bədəni ilə deputatlığa qədər yüksəlmiş qadınlara qədər. Avtobusa minib arxa sırada pəncərənin önündəki sevimli yerində oturub tənha şeirlərini yazmaq istədiyin vaxt, dayanacaqların birində bir qız əl edib saxladır, minir avtobusa. Əynindəki şalvar dərhal bir semiotik analizə ver gör nə deməkdir. Dam-dar, fiquranın əsas cizgilərini mümkün olduqca dolğun ifadə etməyə can atan bir geyim, sahibinin cinsi akta nə qədər çox hazır olunduğunu göstərir. Yəni o dardır, alt paltarını xatırladır və onu soyundurmaq çox asan olacaq. İş elə gətirib ki, bizim dövrdə paltarın seksuallığı onun nə qədər tez soyundurula biləcəyi ilə düz mütənasibdir (qədimdə bu dəyər paltarın al-əlvanlığı ilə ölçülürdü). Bəs dodaqlara qoyulan silikonlara nə deyəsən, birbaşa oral seksin simvolu deyilmi? Belə aydınlaşır ki, seksuallıq adətən bir zahiri simvolla məhdudlaşır, qalanını təsəvvür etmək sənin masturbativ fantaziyanın genişliyindən asılıdır. Yaddaşın nə qədər güclü və tutumu çoxdursa bir o qədər dərindən təsəvvür edəcəksən.

Bu qədər seksual siqnalın içində, kişi kimi hələ də heç bir siqnala belə cavab verməyə yarayan bir sistem formaşdırmaqda aciz olduğuna adam utanır doğrusu. Hələ də cinsi aclığın kəskin forması ilə şəhərin mərkəz küçələrini, identik olaraq amansız seksual manyakın düşüncəsi ilə üst-üstə düşən bir düşüncəylə gəzirsən.

Netokratiya - beynimizdə dəhşətli küləklər əsdirir. Biz Facebookdakı hələ özünü reallaşdırmamış saysız seksual partnyordan birinə yiyələnmək üçün ümumi katyola görməmiş kimi hücum çəkirik, son nəticədə isə var olan boşluq daha da dərinləşir. Get-gedə beynimiz virtual aləminin dəqiq olmayan, dağınıq surətinə çevriləcək. İnternetin sürəti hər iki dəfə artanda milli dəyərlər, milli əxlaq, milli cinsi tabular dörd dəfə sürətlə çöküb gedəcəklər. Artıq ağsaqqalların öz dərslərini keçmək üçün arealları daralıb miskin, dağınıq parklarla hüdudlanacaq. Bir sözlə həmişə sənin başına açılan faciələrdən əvvəl bir müddət əylənməyinə imkan verilir.

Ev istehsalı oğurluq porno rəsmlər yayımlayan saytların birində görmüşdüm onu. O, ağ və yupyumşaq, ağ və gözəl, ağ və yupyumru. Allah ona hər şeyi verib, o özü orta xətdir, sakitlikdir, mülayimlikdir, həyəcansızlıqdır. Görünür onun özünü bu dərəcədə kamilləşdirməsi üçün xeyli vaxtı olub. O çox ucalıb, çox dərinlərə gedib, mənim bu ömürdə ona çatmağım ümidsizdir. Qısa bir formulla: Onun özünü dərinləşdirməsi
"Ekstaz" (1894), polyak rəssamı Władysław Podkowińskİ
"Ekstaz" (1894), polyak rəssamı Władysław Podkowińskİ
üçün gərgin işləyən bir diqqəti var imiş. Qəribədir ki, bütün o böyük, əsrarəngiz görünən dahiliklər, cəlbedici əllaməliklər hamısı bir diqqətin əlində yığılıb, hazırlanıb.

Adam ona dərhal bir kimlik verir, dərhal bir həyat, dərhal bir ata-ana, ən dəhşətli və kədərlisi isə bir uşaqlıq. Onun yaşadığı bir uşaqlıq. Köhnə, yalançı əxlaq daşıyıcısı dilimizdə işlənən haqlı bir deyimlə ifadə etsək: Heyf pornolarda çəkilən qız analarının əziyyətinə. Eləcə də müharibədə ölən oğlanların, homoseksual olanların, terrorçulara və diktator ideologiyalarına qurban gedənlərin hamısının analarının sonsuz əziyyətindən heyf.

Ola bilsin mələk görünüşünün əksinə bir fahişədir o qız. Pis, siqaret çəkən və araq içən, polisə işləyən, pula görə işçi miqrantları belə əyləndirən bir fahişə. Ola da bilsin sevdiyi oğlanla azad seks yaşamaq istəyən sadə bir ev qızıdır. Ən yaxşısı ikincisi olsun, çünki sonra onu ideyallaşdırmaqdan daha az peşmanlıq keçirərəm, necə olsa heç kim tanımır onu.

Bütün zahiri keyfiyyətlərinə görə daha çox bir azərbaycanlı qızına oxşayır. Nadir tapılan komplekssiz, qoyulan qaydaları ayaqlar altına salıb tapdalamış bir azərbaycanlı qızdır o. Çox güman ki, yeni əxlaqın (əxlaqsızlığın deyil) əsas daşıyıcısı olan rusdilli təbəqə ilə yaxın əlaqələrdədir. Saçları buruq-buruqdur, bədənin bir qram da artıq piy yoxdur. Əsl orta əsrlərdə dərdindən Məcnun olunacaq tiplərdəndir. Bəs niyə bu qədər ucuz verib özünü?

Bizə ən yaxın coğrafiyada yerləşən, həmçinin bizdən ən çox açıq-saçıqlığa rəvac verilən Rusiyada, niyə gözəlliyə əlçatma belə asandır. Deməli, harda kişilər üçün pul qazanmaq asandırsa, orda əks cinsin gözəlliyi də bir o qədər əlçatandır. Belə çıxır, harda rüşvət varsa orda bütün resurslar üzərində olduğu kimi, gözəllik üzərində də ciddi nəzarət, əlçatmazlıq var.

Porno rəsmlərdə diqqəti çəkən şeylərdən biri də odur ki, orda kişilərin üzü heç vaxt görünmür. Görəsən kişilər niyə gizlənir? Psixoloqların nə dediyini bilmirəm, amma feministlərin bu haqda fikirləri köklü yanlışdır. Onlar mütləq deyəcəklər ki, kişilər özlərindən daha gözəl və zərif olan bir varlığa şüuraltı paxıllıq duyur, elə buna görə də onu alçaldıb, rəsmlərini çəkməkdən həzz alır. Əslində isə, heç kim inanmaz ki, porno kimi gəlirli bir sahə çox mənasız bir ibtidai instinktin üzərində qurulub. Hər kişi (ancaq kişilər) öz həmcinslərinə nəsil vermə işində nə qədər uğurla irəlilədiklərini göstərməklə güclü erkəkliklərini sübut etmiş olurlar. Hamısı ona görə ki, “Ey həmcinsim bax və köks ötür, gör mən sənin etməli olduğun, amma edə bilmədiyin nələri etmişəm”.

Qadın həmişə belə rəsmlərdə sanki ikinci dərəcəli rolu oynayan aktyor kimi iştirak edir. O dəyərsiz bir əşya kimi üzü üstdə, ya da arxası üstə uzadılır, müxtəlif duruşlarda dayanır kişi isə güclü qolları ilə onu qalib ədası ilə öz hakimiyyəti altına alır. Eynilə vəhşi təbiətdəki kimi. (Dünya birliyi hələ də səsini çıxarmır).

Mən beynimdə həmişə pornodakı qadınları kiçildib, gərgin ata-ana qayğısı altında uşaqlıqlarında təsəvvür edirəm, bu adamın üzünə gizli bir dəhşət, təəssüf, kədər, acıma hissinin qapısını açan müthiş eksperimentlərimdəndir. Bəli bütün seksual obyektlər nə vaxtsa bu obrazın yaraşdırılması mümkünsüz olan uşaqlıq yaşayıblar! Yaşasın həmişə uşaq qalanlar!

Xülasə hər bir porno rəsm birdəfəlik işlədilən burun dəsmalları kimi dəyərsizdir. Neçə ki, onu görməyibsən, görmək üçün hər yola əl atacaqsan, elə ki gördün, həzzini aldın, beynindəki nəhəng masturbativ fantaziya şəhərində yaşayan bir obraza çevirdin, dərhal sonra o mənasız olacaq, hər baxışda sanki onun heç vaxt sənin olmayacağı həqiqəti ilə daha da ağrı ilə qıvrılmamaq üçün, onu unutmağa çalışacaqsan.

Ən yaxşısı biz səninlə birlikdə xəyallarda qalaq, sonsuzluğa qovuşaq, orda da itib-bataq, şəklinə yüzlərlə dəfə baxdığım naməlum azərbaycanlı qız.
XS
SM
MD
LG