Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:51

SALAM SARVAN. “A” böyük “a” balaca silsiləsindən


Salam Sarvan
Salam Sarvan
Salam Sarvan


“A” böyük “a” balaca silsiləsindən


A

Əslində sıxır məni
dünyadakı mənə dəxli olmayan
torpaq artıqlığı, yer genişliyi -
bu yekəlikdə də heç dünya olar?!..

hansı daha çox faşistdi, qardaş-
çörəyi basabasdan çıxan sürücü,
yoxsa insan çoxluğundan
qəzəblənən sərnişin?

Bu boyda da ölkə olar?!-
ərazisi neft quyularının dərinliyindən
məscid minarələrinin ucalığınacan…

Əslində sıxır məni
ovuc içindən dərin,
«I» hərifindən enli,
dəniz ləpəsindən hündür,
körpüdən uzun bütün ölçülər.

a

Çoxdandı burda qar yağmır –
kasıb evlərin təzəcə palto almış xanımları
evdəki soyuqdan deyinir, çöldəki istidən.

Çoxdandı burda qar yağmır –
qar örtüyü olmayan torpağı
vətən deyib uşaqlara sevdirmək çətindi.

A

Anayçun, arvad-uşaqçun,
lap elə vətənçin yaşayan insan
ömrün son illərini cənnətçin yaşar–
anasız, arvad-uşaqsız, vətənsiz bir yerçün.

Həə, deməli məlumdu məsələ…

Məsələn, işıq sönmüş otaqda
bir kibriti tapanacan
nə qədər lazımsız əşyaya toxunursan –
stola, divara, televizora…

Həə, deməli yaşamaq da belədi –
bir «kibrit» axtarışında
arvada, uşağa, vətənə, dosta və sairəyə
toxunmaqdı yaşamaq.

a

Məsələn, bir stəkan suyun
ömrü yoxdur əslində.
Donmaq və ərimək
hərəkətində yaşayır su.

Məsələn, qazılan quyulardan
çıxarılmış torpaq zibildir artıq.

Təxminən sən də yaşamırsan.
Yalnız saçlarının və dişlərinin
yavaş-yavaş tökülməsidi həyat əlamətləri.

A

Sənin yazdığın söz nədi ki, guya?!
samit kişilərin, sait qadınların
bir qəpikliyidi.

Sənin bərkliyin nədi ki, guya?!
şaxtadan quruyub qac olmuş
yaş paltar bərkliyidi.

Sənin tənhalığın nədi ki, guya?!
kirayə qaldığın evdəki
özgə əşyalar əhatəsində
insan təkliyidi.

a

Qorxmağa dəyməz…
Hündürlükdən atılmaqla
intihar edənlərin yarışında
yerə ən tez çatan da qalibdi.

Yıxılıb yol getməkdi
hündürlükdən yıxılmaq…

Darıxmağa dəyməz…
dünyada çox maraqlı şeylər var hələ:
məsələn, balaca qız uşaqlarının
kuklalara analıq etmələri kimi.

Məsələn, maniken qadının
içindəki ağrıları nümayiş etdirən
yerişi kimi.

A

Bütün həriflərin əlifba sırasıyla
düzülüşü də bir sözdü…
Və yeganə sözdü ki, mənası
nəfəs dərməklə tələffüzdü.

Hündürlük yıxılmış evlər səviyyəsindən,
səs sürəti iniltidən hesablanırsa,
deməli, bütün ölçülər dəqiqdi, düzdü.

Mənaların hamısı uydurmadı –
isti qadın nəfəsindən son nəfəsəcən
hamısı adicə tənəffüsdü.

a

Diksinərsən qanından
analiz verdiyin yerdəcə.

Diksinərsən bir damcı
qanının yayıldığı şüşə parçası
tibb bacısının əlindən
yerə düşüb sınanda.

Diksinərsən
sınmış şüşə qırıntıları
və sındırılmış kişi qırıntıları
tapılanda qanında.

Sonra tapançandan
atəş açarsan iki dəfə:
birini havaya – xəbərdarlıq atəşi,
birini gicgahına.

A

Bu kimsəzliyi, mənasızlığı və boşluğu
ən yaxşı dolduran sənsən.

Çürük dostlarla içməkdənsə,
boş-boşuna küçələri ölçməkdənsə
bütün günü dayanırsan
metronun qababağında –
guya kimisə gözləyirsən deyə
aldadırsan özünü və hamını.

Aldadırsan özünü ki,
xoşbəxt bir ömür sürmüsən –
guya keçən günlərində hər şey
qəzetlərdən kəsib yığdığın
ulduz fallarındakı kimi olub.

Hər şeyi, hamını unutmaqla
ölü kimi bir şeysən.
Təkcə soyuducunun fasiləli səsidi
həyatı arabir yadına salan.

a

Bir də görəcəksən ki
gözlərinə qaranlıq çökür
işıq sürətiynən…

Hələ ki, yaşayırsan.
Çoxdan itirdiyin adamları
axtarırsan metrodakı çıxışlarda.

Adamlar öz fallarına baxır
ağacların qabığındakı qırışlarda.
Hələ ki, yaşayırlar.
Bir fotoqraf qarşısında
ömür boyu haldan-hala
şəkildən-şəkilə düşür adamlar.

Aparatın ani çıqqıltı səsi və ani işığı -
səs sürətiynən və işıq sürətiynən
dəyişir adamlar.

A

Guya tənhalığa çəkilmisən –
gizlətmisən dünyanı
dörd divarın o üzündə…

Ətrafa baxmırsan –
dülgərin satmaqçun qayırdığı pəncərədən
heç yerə baxmadığı kimi.

İndi sən
poliqonda atılan güllələrdən
taxta hədəflər dalında
gizlənmiş vəziyyətdəsən.
XS
SM
MD
LG