Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:31

Əməkdar artist Ədilə Əflaki: “Dövlət bizim haqqımızı verməlidir"


Ədilə Əflaki
Ədilə Əflaki
​Ötən həftə ölkə mediasında Dövlət Muğam Teatrında ixtisarlar olacağı, hətta teatrın direktoru Arif Qazıyevin yaşla bağlı işdən uzaqlaşdırılacağı barədə xəbər yayıldı. Teatrın işçisi əməkdar artist Ədilə Əflakiyə telefon açıb son durumla maraqlandıq.


--Ədilə xanım, sizinlə son söhbətdən 5-10 gün keçdi. Bu müddətdə nələr dəyişib teatrda?

--Dedikləri söz elə də qalıb. Texniki işçilər və solistlərdən ibarət 35 nəfər ixtisara salınıb. Bunun bizə xeyri var. Lazımsız müğənnilər. sənətlə məşğul olmayanlar, passiv sənətkarlar işdən kənarlaşdırılacaq.

--Teatrda belələri çoxdurmu?

--Var. İşə davamlı gəlmirlər. Çoxusu da gənclərdir. Özləri də deyirlər ki, həvəsimiz yoxdur işləməyə. Ən maraqlısı, bunlar tam ştatda maaş alanlardır. Özü də bunlar xüsusi maraq güdülərək işə götürülənlərdir.

XALQIN SƏNƏTKARI NECƏ YAŞAMALIDIR?

--Niyə işləməyə həvəsləri yoxdur? Bəlkə maaşın azlığındandır?

--Dünyada olmayan şey bizim başımıza gəlir. Harada görünüb ki, işləyəsən, amma aylıq məvacib almayasan? Mən özüm 42 ildir bu səhnənin fədaisiyəm, amma 60-70 manat məvacib alıram. O maaş heç gəlib mənim evimə çatmır. Alan kimi kommunal borclarımı ödəyirəm, çox vaxt borclu qalıram. Yəni verdiyi pulu yenə dövlətin büdcəsinə qaytarıram. Sual edirəm: Xalqın sənətkarı necə yaşamalıdır? Adı varlı ölkələr siyahısında gedən Azərbaycanın sənətkarı, 42 il səhnəyə xidmət edən, cəbhə bölgələrinə səfər edən, öz övladlarını qurban verən ana, adı “N” saylı hərbi arxivə həkk olunan Ədilə Əflaki-Nəzərli bu yaşayışı nədən yaşamalıdır? Qaldı dediyim maraq güdülərək işə götürülənlərə, bir tərəfdən nazirlik düzgün addım atıb ki, işləməyənləri kənarlaşdırır. İxtisar olarsa, əsl sənətkarlar tam ştata keçərlər. Düzü, tam ştatdan da Fatı qarıya ətək tikmək olmur. Amma heç olmasa, kommunal xərcləri ödəyəndən sonra evə çorək pulu gətirmək olar. Mənim evimdə ömürlük əlil oğlum var. Mən ona dərman ala bilmirəm. Başqa heç yerdən gəlirim yoxdur. Pensiya yaşına hələ çatmamışam.

50 MANAT VERSƏLƏR, OXUYARAM

--Ədilə xanım, toylara getmirsinizmi?

--Yox, getmirəm. Bütün şadlıq evlərini gəzmişəm. Heç kəs yaxın durmur. Çünki cavanlar gedib 30 manata oxuyurlar. Mənə heç olmasa, 50 manat versələr, oxuyaram. Axı, 20 manat bunun taksi puludur. Gözəllik salonunu hələ bir yana qoyuram. Gərək 30 manat evə gətirim də. Amma mənim kimi müğənnilər şadlıq evlərinin marağında deyil. Burada monopoliya məsələsi var. Şadlıq evinin müdiri ancaq öz əyalətindən olan musiqiçiləri ora yığır. Musiqiçilər də şadlıq evlərini arendaya götürürlər. Deyirlər ki, bu şadlıq evi mənimdir. 2 min manat da verirlər onlara, deyirlər, kənar musiqiçi gəlməsin. Gənc qızlara da 30 manat verib oxutdururlar, yola salırlar... Bax belə. Əslində, bizə dövlət diqqət göstərməlidir. Bizə haqqımızı verməlidir.

--Bəs dövlətin sizə necə diqqət göstərməsini istərdiniz?

--Heç olmasa, sənətdə izi olan xanəndələr, müğənnilər arasında ayrıseçkilik etməsinlər.
Sevda İsmayıllı
Sevda İsmayıllı
Prezident mükafatı var. Bunları bizə də aid etsinlər.

--Heç istəmisinizmi prezident mükafatı?

--Prezident mükafatı üçün nə qədər məktub yazmışam?! Məktublarımdan roman yazmaq olar...

SOMALİ BİZİM EVİMİZDƏDİR

--Hara yazmısınız?

--Prezident Aparatına. Son məktubum Nazirlər Kabinetinə idi. Mükafat bir yana, tam ştata keçmək üçün dəridən-qabıqdan çıxıram. Nazirlər Kabineti cavab yazdı ki, “hələ bunu edə bilmərik, teatrda ixtisar gedəcək, ora bina veriləcək”. Qarşıda da “Eurovision” var. Sonra yay tətili başlayacaq. Sentyabrda işə çıxacağıq. İşə baxılanacan gəlib olacaq oktyabr. Maaşı alana kimi olacaq noyabr. Bəs mən ilin axırınacan nə yeməliyəm? Əlimi nə ilə yumalıyam? Mən əl-üz sabunu tapa bilmirəm ki, xəstə oğlumun əl-ayağını yuyum. Biz Azərbaycanın Ginnesin Rekordlar Kitabına düşəsi ən müflis vətəndaşları olmuşuq. Axı, bu qədər olmaz? Somali bizim evimizdədir. Hal-hazırda Somalidəki kimi yaşayırıq. Mənim başımda gözəl layihələr var, amma heç birini həyata keçirə bilmirəm. Təkcə mən bu halda deyiləm. Teatrda gözəl səsi olan xanəndələrimiz var, hamısı bu gündədir.

CANİLƏR 8 KVADRATDA YAŞAYIRLAR, BİZ IKI...

--Adlarını çəkə bilərsinizmi?

--Məsələn, Zeynəb Behbudova. O, xalq artisti adına layiqdir. Elə mən də. Çünki dövlətçilik uğrunda hər iş görmüşük. Zeynəb xanım da Qarabağın yetişdirməsidir. Gözəl xanəndədir. Amma ondan aşağı səviyyədə olanlar xalq artistidir, prezident mükafatı alır. İnanırsınız, heç birimizin ev-eşiyi yoxdur? Orenburqda həbs cəzasına məhkum olunmuş caninin heç olmasa 8 kvadrat yaşayış sahəsi var. Amma biz 6 nəfər bir mənzildə yaşayırıq—oğlum, gəlinim, iki uşaq və 30 yaşlı xəstə oğlum. 16 kvadratı adamların sayına böləndə, hərəyə İki kvadrat yer düşür. Xalqın sənətkarı bu iki kvadratda necə yaşasın? Gəlin, baxın, görün nə müsibətdir?! Mən demək olar ki, hamamda yatıb-dururam...Mən bunu aidiyyəti təşkilatlara deməkdən yorulmuşam. Mən insan kimi yaşamaq istəyirəm. Cah-cəlal içində yaşamaq istəmirəm. Keçən dəfə də dedim: xəstə oğlumun altında mələfəsi yoxdur! Həmçinin mənim! Axı, bunlar Azərbaycan mədəniyyətinin, musiqisinin tarixinə, imicinə zərbə vurur. Mən imarət, cah-cəlal istəmirəm. Yaşamaq üçün məvacib versinlər. Mən bu aydan-o aya antisanitariyanı götürmək üçün vəsait istəyirəm...

--Ədilə xanım, bəs indi vəziyyət necədir? Arif müəllim özü nə deyir?

--Arif müəllimin özünü ixtisara salırlar. Dünən özü dedi. Yaş həddi ilə bağlı. 65 yaşdan yuxarıları çıxarırlar, axı.

TELMAN ADIGÖZƏLOV RƏHMƏTƏ GEDƏNDƏ...

-- Necə bilirsiniz. Bunun nə köməyi olacaq? Yəni daha cavan direktor dərdə çarə tapa bilərmi?

--Ola bilər düzəlsin. Qanunsuz işə götürülənlər var. Onları maraq güdülərək işə alıblar. Tutaq ki, 5-6 ştat olub, əvəzində 28-ini işə götürüblər. Bir musiqiçi 3 yerdə işləyib maaş alır. Üstəlik, evin xanımını da gətirib orda işlədir. Mənim kimilər isə 60-70 manata qulluq edir. Belə qanunsuzluqlar var. Deyəndə də, əllərini kürəyimizə çəkib sakitləşdirirlər. Biz də oturub gözləyirik ki, nə vaxt göydən bir bal damcısı düşəcək ağzımıza. Düşsə də gec olacaq. Üzü qəbiristanlığa gedirik...Hər bir işi zamanında
Beynəlxalq Muğam Mərkəzi
Beynəlxalq Muğam Mərkəzi
görmək lazımdır. Bizim çox gözəl prezidentimiz var. Amma hər işə prezident müdaxilə etməməlidir. Onun vaxtı-zamanı çatmaz. Bəs bu məmurları niyə təyin ediblər? Onlar da ancaq bir krizis, fəlakət olanda ayağa qalxırlar. Bax, Telman Adıgözəlov rəhmətə gedəndə, hamımız baxdıq və fikirləşdik ki, xalqın sənətkarı da bu evdə yaşayarmı? Biz də həmçinin. Mehriban xanımın muğam ensiklopediyasında bizim nəslin neçə nümayəndəsi var—Ələkbər Nəzərli, Mehdi Nəzərli, Nəcəfqulu, Rasim Nəzərli. Rəssam, musiqiçi olublar. Üzeyir bəylə birlikdə “Koroğlu”nu səhnəyə qoyublar. Bu kişilər vaxtilə Bakının 90 faizinə çörək veriblər. Onların nəvəsi niyə bir parça çörəyə möhtac olmalıdır? Vaxtilə əlimizdən 2 min kv-lik evi alıblar. O zamandan ev gözləyirik. 30 yaşlı oğlum qastrol çamadanlarımın üstündə yatır...Mən bu oğlanı evləndirməliyəm. Nəvələrim böyüyüb 14-16 yaşına çatıb. 6 nəfər 16 kvadratda yaşayarmı?

--Ədilə xanım, belə çıxır hər şey payızda bilinəcək?

--Yox, martın 1-dən Maliyyə Nazirliyi ştatdan kənar olan işçilərə maaş verməyəcək. Üstəlik, bütöv ştatda olanlar ki, var—iki-üç yerdə işləyənlər—onları da yarım ştat saxlayırlar. Müqavilə yolu ilə gəlib işləyəcəklər. Lap özəl sex kimi. Deyirlər, gedin işləyin, konsertlər verin, qazanın, gətirin verin bizə, biz də sizə oradan faiz verək...

"ULU ÖNDƏRİN DOĞUM GÜNÜNDƏ"...

--Bəs siz?

--Mən qalıram teatrda. Hələlik 70 manat maaşla. Bütöv ştata keçməyim, dediyim kimi, oktyabra çəkər... Onu da söz veriblər ki, may ayında ulu öndərimizin anım günündə mükafat veriləcək. Nə dərəcədə doğrudur-yalandır- bilmirəm. 3-4 ildir mənə bu deyilir, amma həyata keçmir.

--Yəni hər il mayda belə mükafat olur?

--Hə. Amma müvəqqətidir.

--Nə qədərdir?

--Birillik verirlər—ayda 500 Azərbaycan manatı. Deyiblər, Ədilə xanım, bir il alacaqsan... Heç olmasa, bizə 300 manat maaş versələr, dolanarıq. Camaat İrəvandan. Qarabağdan balasını dişinə alıb Bakıya məcburi qaçanda, mən yolumu ora salmışam, axı?! İndi Hacı Qəmbər, ya Hacı Qara demiş, bir qara quruşa da dəymədim? Mən Azərbaycan torpağına başımı qoyub ölməyə hazıram, axı. İndi görək, martın 1-də nə olacaq.

Mövzuya dönəcəyik.
XS
SM
MD
LG