Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:54

Korrupsiya ittihamları ilə üzləşən Almaniya prezidenti istefa verdi


Prezident belə getdi
Prezident belə getdi
Prezident sarayında 5 dəqiqəlik kamera qarşısına keçən Almaniya prezidenti Christian Wulff həyat yoldaşı Bettinanın yanında istefasını verdi. Dedi ki, son günlər artıq prezident kimi insanların etibarını itirib. Bu üzdən artıq Almaniyanı evdə və xaricdə prezident kimi təmsil etməsi mümkün deyil.

Dünən axşam Hannover şəhər prokuroru parlamentə müraciət edərək aparılan istintaqla bağlı olaraq prezidentin toxunulmazlığının ləğvini istəmişdi.

Almaniya tarixində ilk dəfədir ki, müxalifət partiyaların təzyiqindən sonra prezidenti hansısa ittihamla bağlı istintaqa cəlb etmək istəyirlər. 52 yaşlı prezidenti dolayısı ilə vəzifəsindən sui-istifadədə ittiham edirlər.

Wulff Aşağı Saksoniya əyalətinin rəhbəri olanda dostu olan iş adamından 500 min avro güzəştli ipoteka krediti almaqda ittiham olunur. Üstəlik prezidenti ailəsiylə tətilə gedərkən biletlərini havayı olaraq biznes-klassa dəyişdirilməsi və bir neçə dəfə havayı varlı bir adamın villalarında tətil etməyə görə tənqid edirdilər.

Onun başını yeyən isə sözün əsl mənasında Alman mediası oldu. ALmaniyanın populyar Bild qəzeti onun ipoteka krediti ilə bağlı araşdırma hazırlayanda prezident redaktora zəng edib, onun telefonuna mesaj buraxmışdı. Mesajda Almaniya prezidenti yazını çap edərsə redaktoru müharibə ilə hədələyirdi. Sonradan Wulff bu hərəkətinin kobud səhv olduğunu etiraf eləmişdi.

Ancaq dünənə qədər Wulff adını təmizə çıxarmaq üçün prezident vəzifəsində qalacağını deyirdi. Ancaq cümə günü qərarını qəfildən dəyişdirib.

Almaniya Baş kansleri Angela Merkel istefa xəbərini alandan sonra Romaya səfərini təxirə salıb və prezidentin istefasını böyük hörmət və dərin üzüntüylə qarşıladığını deyib:

"Prezidentliyi dövründə Christian Wulff bütün enerjisiylə müasir və açıq Almaniya üçün çalışıb. O bizə çox önəmli impulslar verirdi və bu ölkənin qüdrətinin müxtəliflikdə olduğunu aydınca ifadə edirdi”.

Wulff son iki ildə istefa verən artıq ikinci prezidentdir. Onun xələfi, Beynəlxalq Valyuta Fondunun da keçmiş prezidenti Horst Koehler 2010-cu ildə Əfqanıstandakı əməliyyatlarla bağlı verdiyi açıqlamalara görə tənqidlə üzləşəndən sonra istefa vermişdi.

Wulffun istefası onsuz da başı avronun problemlərinə qarışan Merkeli lap çətin vəziyyətdə qoya bilər. Şərhçilər deyir ki, Merkel onsuz da bu il keçirilən seçkilərdə Schleswig-Holstein and Saarland əyalətlərində səslərini itirmək üzrəydi. Indi isə, yaxşı namizəd tapmayacağı halda iqtidardakı Xristian-Demokrat blokunun vəziyyəti lap pis ola bilər.

Bonn Universitetindən siyasi alim Gerd Langguth deyir ki, “son vaxtlar rəy sorğularında Merkel yaxşı nəticələr alırdı. Ancaq indiki qalmaqallı istefa bu durumu dəyişə bilər”.

ALman mediası yeni prezident vəzifəsinə ən real namizəd kimi Şərqi Almaniyadakı keçmiş anti-kommunist hərəkatının fəalı Joachim Gauckun adını çəkir.

O hətta 2010-cu ildəki seçkidə Wulffa rəqib olub və səsvermənin 3-cü tura qədər davam etməsinə səbəb olmuşdu.

Digər namizədlər isə Müdafiə naziri Thomas de Maiziere, Əmək naziri Ursula von der Leyen və Maliyyə naziri Wolfgang Schaeuble ola bilər. Ancaq sonuncunun prezident sarayına keçməsi avro zona böhranının həllini yubada bilər.
XS
SM
MD
LG