Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:39

Astarada prezidentin yolunu gözləyirlər...


Astara rayonu
Astara rayonu
Astara rayonu prezident İlham Əliyevi qarşılamağa hazırlaşır. Prezidentin martın əvvəllərində bu rayona səfər edəcəyi gözlənilir. İlham Əliyev sonuncu dəfə Astarada ötən il, aprelin 15-də olmuşdu. O, Heydər Əliyev Mərkəzinin, Şahağacı-Astara yolunun, Gənclər Mərkəzinin açılışında iştirak etmişdi. Bundan başqa, Astaraçay üzərində inşası nəzərdə tutulmuş mini Su Elektrik Stansiyasının təməlqoyma mərasimində olmuşdu. Prezident geri qayıdarkən Lənkərana və Masallıya da baş çəkmişdi.

SADƏ VƏTƏNDAŞLARA PREZİDENTLƏ GÖRÜŞMƏK İMKANI VERİLMİR

Prezident İ.Əliyev Astaraya səfəri zamanı az sayda və seçilmiş adamlarla qısa görüşlər keçirtdi. Yollar və məktəblər bağlandı, prezidentin hərəkət etdiyi bütün istiqamətdə nəqliyyat vasitələrin hərəkəti dayandırıldı, adamların hərəkətləri məhdudlaşdırıldı. Sadə vətəndaşların prezidentlə görüşünə imkan verilmədi. Onda rəsmilər deyirdilər ki, bu sərt tədbirlər mümkün təhlükələri aradan qaldırmaq üçündür.

PREZİDENTİN GƏLİŞİNƏ HAZIRLIQ...

Prezidenti qarşılamaq üçün bu dəfə də Astara şəhərində təmizlik işləri aparılır. Mərkəzi xəstəxana əsaslı təmir edilir, olimpiya kompleksində son tamamlanma işləri aparılır. YAP Astara rayon Təşkilatı üçün tikilən ikimərtəbəli inzibati bina artıq istifadəyə hazırdır. Lənkəranda H. Əliyev muzeyini sökərək bu adda ikimərtəbəli yeni mərkəz inşa edilir. Bəzi obyektləri açılışa hazırlamaq üçün gərgin iş gedir.

Rayonlarda istifadəyə verilən obyektlərin lentlərini prezidentin kəsməsi artıq adət halını alıb. Açılan obyektlərin sonrakı taleyi isə heç kimi maraqlandırmır. Məsələn, ötən il təməli qoyulan mini Su Elektrik Stansiyasının tikintisi dayandırılıb. Gənclər Evi adına uyğun fəaliyyət göstərmir. Astara-Şahağacı yoluna istifadəyə veriləndən 3-4 ay sonra yamaq qoyuldu. Halbuki, bu yolun tikintisi üçün prezident 3.6 milyon manat pul ayırmışdı.
Şanisa Əliyeva
Şanisa Əliyeva
Görəsən, prezident ötən il qırmızı lentlərini kəsdiyi bu obyektlərin sonrakı taleyi ilə bu səfərində maraqlanacaqmı?

Bəs astaralılar prezidentin növbəti səfərindən nə gözləyirlər?

Bu sualla da Astara sakinlərinə və partiyaların rayon təşkilatların rəhbərlərinə müraciət etdik.

Astara şəhər sakini Şanisa Əliyeva:

«DEDİLƏR PREZİDENTLƏ GÖRÜŞMƏ»

«Mən 30 ildir evsiz-eşiksizəm. Keçən dəfə polis məni apardı şöbəyə. Məni döydülər, sürüdülər, atdılar maşına. Mənim mərhum valideynlərimi söydülər. Dedilər, prezidentlə görüşmə. Dedim mən birinci qrup əliləm, mən küçələrdə necə qalım. Dedilər necə istəyirsən elə də qal. Hər yerə müraciət etmişəm evə görə. Heç bir imkanım yoxdur, iki ay pensiyamı vermədilər. Mənə lazımdır prezidentlə görüşüm, dərdimi deyim. Ayaqlarım işləmir».

Şanisa Əliyeva deyir ki, bu dəfə də prezidentlə görüşməyə çalışacaq.

Astara rayon Polis İdarəsindən isə prezidentin səfəri müddətində şikayətçilərin polisə aparılıb döyülməsi haqda deyilənləri təkzib edirlər. Polisdən verilən məlumata görə, həmin vaxt profilaktik tədbirlər nəticəsində bəzi insanlar şöbəyə aparılıblar. Ancaq onlardan döyülüb, təhqir edilən olmayıb.

Astara rayon Seləkəran kənd sakini Əzim Kərimov isə sosial yardımı ala bilmədiyini deyir:

YAP-ın yeni binası
YAP-ın yeni binası
«Sosial yardım üçün o idarənin müdirinin yanına getmişəm. Deyirəm mən vətəndaşam, məni vətəndaş kimi qəbul elə. ​O mənə deyir ki, çıx çölə. Mən prezidentə minnətdaram, həyatım boyu, ailəm də həmçinin. Vəziyyətim pis olduğuna görə yaşaya bilmirəm. Cənab prezidentdən istəyirəm ki, heç olmasa, sosial yardım ala bilək».

Adının çəkilməsini istəməyən iki Astara sakini isə prezidentə əhali ilə sərbəst görüşməyi məsləhət görür:

«PREZİDENT XALQIN DƏRDİNƏ ŞƏRİK OLSUN»

- «Prezident Astaraya gələndə xalqla görüşsün. Astara xalqının vəziyyətini yaxından görsün, adamlar da öz dərdlərini yaxından ona desinlər. Prezident xalqın dərdinə şərik olsun».

- «Prezident Astaraya gələndə birinci növbədə Astara camaatı ilə maraqlansın. Hər kəs yaxşı yaşamaq istəyir, prezidentlə görüşmək istəyir. Prezident haqqında məlumat olanda, onu gizlədir, heç kəsi də buraxmırlar. Heç kəsə də imkan verilmir ki, prezidentinə şikayət etsin, öz dərdini ona desin. Prezident bizlərlə də maraqlansın ki, Astara camaatı yaşayır ya ölür? Bizi elə vəziyyətə qoyublar ki, yaşamaqdansa ölmək yaxşıdır».

Müsavat Partiyasının Astara rayon təşkilatının sədri Tarif Əliyev də prezident İlham Əliyevin dəflərlə Astaraya gəldiyini deyir:

«ƏHALİNİ QƏFƏSƏ SALDILAR Kİ, PREZİDENTLƏ GÖRÜŞƏ BİLMƏSİN»

«İlham Əliyevin regionlara gəlməyi «analoqu olmayan» sosial-iqtisadi inkişafı nümayiş etdirmək məqsədi güdür. Bunların əhali ilə bağlılığı yoxdur. Bağlılığı olsaydı, keçən ilin aprelində gəlmişdi.
Tarif Əliyev
Tarif Əliyev
Demək olar ki, əhalini qəfəsə saldılar. Hər tərəfi polis, ordu tutdu ki, əhali prezidentlə görüşə bilməsin. YAP-ın binasını açırlarsa, siyasi plüralizm varsa, digər partiyalar üçün də şərait olmalıdır. İlham Əliyev gələcək, bir partiyanın, özünün təmsil olunduğu partiyanın binasını açacaq».

Tarif Əliyev deyir ki, rayonlarda aparılan tikintilərdə yeyintilər kifayət qədərdir:

«İlham Əliyev bura gəlib lentləri kəsirsə, dolayası ilə o da büdcənin dağıdılmasına şərait yaratmış olur».

YAP Astara rayon təşkilatının sədr müavini Vaqif Ağayev isə deyilən iradları böhtan adlandırır. Onun deməsinə görə, qısa müddətdə Astaranın siması dəyişib, gözəlləşib. Vaqif Ağayev deyir ki, hər il yeni-yeni binalar inşa edilib əhalinin istifadəsinə verilir:

«ALLAH PREZİDENTİMİZƏ CANSAĞLIĞI VERSİN...»

«Hörmətli prezident Astaraya gəlib gedəndən sonra böyük dəyişikliklər olub. Məsələn, mərkəzi xəstəxana əsaslı təmir olunub. Məktəblərin inşası və təmiri. 600-700 hektar neft şirkəti yer götürüb, orda da iş yerləri açılıb. Yolların təmiri, olimpiya kompleksin tam istifadəyə verilməsi, YAP binasının inşası. Ümumiyyətlə hərtərəfli inkişaf gedir. Bütün sahələrdə. Hamı ondan razıdır. Allah prezidentimizə cansağlığı versin, bundan sonra güzəranımız bir az da yaxşılaşacaq. Buna tam əminik».
XS
SM
MD
LG