Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 20:29

Agatha Christie-nin əsərlərinin 2/3 hissəsinin hüququ satıldı


ABŞ-ın Acorn Media Group şirkəti məşhur detektiv yazarı Aqata Kristinin (Agatha Christie) ədəbi irsinin üçdə iki hissəsinin hüququnu əldə edib.

Xəbəri The Guardian yayıb.

Xəbərdə Amerika şirkətinin yazıçının ədəbi irsinin 64 faizini əldə etdiyi vurğulanır.

Aqata Kristinin çap hüququnun vaxtilə Britaniyanın Chorion media kompaniyasına satıldığı bildirilir.

Fevralın 29-da baş tutmuş satışın məbləğinin nə qədər olduğu barədə məlumat verilmir.
Qalan hissənin Agatha Christie firmasına məxsus olduğu deyilir.

Həmin firmanı Aqata Kristinin varisləri idarə edirlər.

Kompaniyanın sədri Britaniya yazıçısının nəvəsi Metyu Priçarddır.

Chorion media kompaniyası yazıçının ədəbi irsinin böyük hissəsinə 10 ildən çoxdur ki, sahiblik edirmiş. Ancaq maliyyə çətinlikləri üzündən bu kompaniya öz paketini satmağa məcbur qalıb.

İndi Acorn Media Group Aqata Kristinin 80 roman və hekayəsinin, 19 pyesinin çap hüququna və yazıçının əsərləri əsasında ekranlaşdırılmış telefilmlərin yayım hüququna nəzarət edir.

The Los Angeles Times-ın xəbərində Aqata Kristinin tarixdə əsərləri ən çox çap olunan və satılan yazıçı olduğu qeyd olunur.

Onun kitablarının indiyəcən dünyanın 44 dilində təxminən 2 milyard nüsxəsinin satıldığı deyilir.

İndiyədək tiraja görə Aqata Kristini ancaq Bibliya və Şekspirin əsərləri üstələyib.
Xatırladaq ki, Aqata Kristi bütün zamanların detektiv kraliçası sayılır.

Vaxtilə “öləndən 10 il sonra məni heç kəs xatırlamayacaq”--deyən yazıçı nə qədər səhv etdiyinin fərqində olmayıb.

İndi Vətənində onun əlinin dəydiyi hər şey nəvazişlə qorunub saxlanılır.
XS
SM
MD
LG