Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:22

Rus müəllifləri Rəsulzadəni niyə gözdən salmaq istəyirlər?


Moskvada təzəcə çapdan çıxan «А.М. Топчубашы и М.А. Расулзаде – переписка 1923-1926» («Ə.M.Topçubaşı və M.Ə.Rəsulzadə -- Yazışmalar. 1923-1926-cı illər») kitabının tərtibçisi, önsöz və qeydlərinin müəllifi Salavat İshakovdan AzadlıqRadiosu üçün müsahibə alacağımızı bildirmişdik. Çox hörmətli ziyalımız Ramiz Abutalıbovun yardımları ilə baş tutan bu müsahibəni diqqətinizə yetiririk:

- Azərbaycan tarixinə marağınız nədən qaynaqlanır?

- Marağa yol açan səbəblər bunlardır: Keçmiş imperiya torpaqlarında gedən vətəndaş savaşından, bolşeviklər müsəlman xalqlarının bütün qeyri-sovet hökumətlərini darmadağın edəndən sonra onların, o sıradan Azərbaycan xalqının dirənişi kəsilmədi və burada daxili gərginlik artdı.

LUBYANKA STALİNƏ NƏ DEDİ?

Kremlin «milli» siyasətinə qarşı etirazlar Azərbaycan xalqının Avropada mühacir həyatı yaşamağa məcbur qalan liderlərinə də bolşevik rəhbərlərin davranışlarını müxtəlif dövri nəşrlərin səhifələrində kəskin tənqidə tutmağa ciddi əsas verirdi. Məsələn, 1922-ci ilin oktyabrında Lubyankanın (Moskvada bolşevik xüsusi xidmətləri mərkəzi idarəsinin yerləşdiyi küçənin adı – S.İ.) Stalinə verdiyi məlumata görə, Parisdə müsavatçılarla quzey qafqazlıların daxil olduğu və Fransa hökuməti, rus mühacirəti, eləcə də ağqvardiyaçı generallarla işbirliyi quran mərkəz fəaliyyət göstərirmiş. Fransa 1920-ci illərdə təkcə rus mühacirətinin deyil, müsəlman, o sıradan Azərbaycan mühacirətinin də siyasi və mədəni mərkəzinə çevrilibmiş.

PARİSDƏ «PROMETEY» KLUBU VƏ «PROMETEY» DƏRGİSİ ...

Salavat İshakov

Salavat İshakov

Salavat Midhatoviç (Midhat oğlu –S.İ.) İshakov. 1959-cu ildə doğulub. Tarix elmləri doktoru və Rusiya Elmlər Akademiyası Tarix İnstitutunun böyük elmi işçisi, eyni zamanda tarix üzrə elmi şuranın elmi katibidir. Elmi maraq dairəsi XX əsrin əvvəllərində, özəlliklə 1917-ci ildə Rusiya imperiyasında baş verən inqilablar, vətəndaş savaşı, islahatlar, sosial hərəkatlar, millətlər və dinlərarası münasibətlərdir. Çox sayda elmi əsərin və tərcümənin müəllifidir. Rusiya müsəlmanlarının taleyi barədə çox önəmli 2 monoqrafiya da onun qələmindən çıxıb:

1. Rusiya müsəlmanları və inqilab (1917-ci ilin yazı – 1918-ci ilin yayı)

2. Birinci rus inqilabı və Rusiya imperiyasının müsəlmanları
Rusiya imperiyasındakı müxtəlif xalqların liderləri 1926-cı ildə beynəlxalq təşkilat kimi fəaliyyət göstərən «Prometey» klubunu məhz Parisdə yaratmışdılar. Bu məqsədlə həmin ildən başlayaraq Qafqaz İstiqlal Komitəsi (Azərbaycan, Gürcüstan, Quzey Qafqaz) Parisdə fransız dilində «Prométhée» («Prometey») dərgisi nəşr edirdi. Sözügedən qurum 1920-ci illərin ortalarında yaradılmış mühacir təşkilatı idi. Ardından SSRİ xalqlarının dillərində də digər dərgi və qəzetlər meydana çıxmışdı.

«PROMETEİZM»İN MÜƏLLİFİ POLKOVNİK ŞETSEL İDİ

Bənzər Prometey klubları Avropanın başqa şəhərlərində, o sıradan Varşavada da (1928-ci ildə) qurulmuşdu. Belə klublarda iclaslar keçirilir, mühazirələr, toplantılar, müzakirələr, Prometey liderlərinin və avropalıların seminarları təşkil edilirdi. «Prometeizm» termininin müəllifi polkovnik T. Şetsel idi. O, 1924-1926-cı illərdə Polşanın Türkiyədəki hərbi attaşesi çalışarkən Qafqaz xalqlarının siyasi mühacirləri ilə bağlantılar qurub.

BU HƏRƏKATA PİLSUDSKİ DƏSTƏK VERİB

Polşa dövlətinin başçısı Y.Pilsudski belə antibolşevik hərəkatı yaratmaq fikrinə dəstək verib. Təsadüfi deyil ki, «Rusiya Məzlum Xalqlarının Liqası» («Prometey» cəmiyyəti)1928-ci ildə məhz Varşavada yaradılmışdı. Həmin liqada Azərbaycan, Gürcüstan, Don, İnqriya, Kareliya, Komi, Krım, Kuban, Volqaboyu, Quzey Qafqaz, Türküstan, Ukrayna və Ural təmsil olunmuşdu. Bu antibolşevik birliyi sovet təbliğatı üçün ciddi təhlükə qaynağı sayılırdı.

PROMETEYÇİLƏR NƏ İSTƏYİRDİ?

Prometeyçilərin 2 önəmli vəzifəsi vardı: 1) Öz taleyinə sahib çıxmasından ötrü təmsil etdikləri xalqın siyasi şüurunu oyatmaq; 2) Avropa və bütövlükdə dünya ictimaiyyətinə sovet hakimiyyəti altında olan qeyri-rus xalqlarının ciddi problemlərini çatdırmaq, bolşevik diktaturasının Sovetlər Birliyində rus olmayan xalqların özgünlüyünə, mədəniyyətinə, tarixinə, ənənələrinə gerçək münasibətini ifşa etmək. «Prometey» cəmiyyəti öz varlığının ilk illərində bolşevizmlə mübarizəyə və milli müstəqillik uğrunda ayrı-ayrı xalqların səylərinin birləşdirilməsinə başlıca diqqət yetirirdi. Prometeyçi nəşrlər bütün dünyada, o sıradan gizli yollarla Sovetlər Birliyində yayılır, Kremllə qeyri ruslar, o cümlədən azərbaycanlılar arasındakı çox kəskin problemləri üzə çıxararaq stalinçi milli siyasət təbliğatının önündə güclü əngələ çevrilirdi.

RƏSULZADƏ NİYƏ TÜRKİYƏDƏN DEPORTASİYA EDİLDİ?

Ə.M. Topçubaşov və M.Ə. Rəsulzadə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Azərbaycanda yeritdiyi milli siyasətin ən nüfuzlu tənqidçiləri idilər. Müsavatçıların lideri sayılan M.Ə.Rəsulzadə bu üzdən 1931-ci ildə Kremlin basqıları ucbatından hətta Türkiyədən deportasiya edilmişdi. Mustafa Kamal hökumətinin həmin addımından sonra M.Ə. Rəsulzadə Polşaya köçüb və Ə.M. Topçubaşovla birgə istər Avropa ictimai rəyi qarşısında, istərsə digər mühacir mərkəz və təşkilatlarında Azərbaycan mühacirətini təmsil edib.

PARİSDƏ «PROMETEY»Ə HƏSR OLUNMUŞ İLK KONFRANS KEÇİRİLDİ

- Araşdırıcı G. Mamulia ilə necə tanış olmusunuz? O, Topçubaşı və Rəsulzadə arasındakı yazışmaların nəşri üçün niyə məhz Sizə üz tutub?

- Prometey hərəkatına həsr edilmiş ilk elmi konfrans 2008-ci ilin aprelində Parisdə keçirildi. Bu konfransa İtaliya, Qazaxıstan, Polşa, Rusiya (S. İshakov) və Fransadan (G.Mamulia) araşdırıcılar qatılmışdılar. Alimlər həmin hərəkatın öyrənilməsinin son dərəcə çətin olduğunu vurğulayaraq, bunun səbəblərinin hər şeydən öncə keçmiş Sovetlər Birliyinin daxili problemlərindən, bolşeviklərin yeritdiyi «milli» siyasətdən qaynaqlandığını bildirdilər.

MAMULİA NİYƏ İSHAKOVU SEÇDİ?

Paris konfransından sonra Prometey hərəkatına aid daha 2 toplantı da Varşavada gerçəkləşdirildi. Orada müsəlman mühacirətinin tarixi, o sıradan Azərbaycandan olan prometeyçi xadimlər haqqında çıxış etdim. Elmi «kapital»ımı (Azərbaycan və Rəsulzadə haqqında da daxil, 200-dən yuxarı çap əsərimi), araşdırma maraqlarımın diapazonunu (19-cu əsrin sonlarından 20-ci əsrin 30-cu illərinədək olan dövrdə bütün müsəlman xalqları), akademik hazırlığımı və ən başlıcası, yenidənqurma dönəmində Prometey hərəkatına dair Moskvada tapdığım və nəşr etdirməyə başladığım arxiv sənədlərini nəzərə alan G. Mamulia mənə üz tutdu.

TARİXÇİLƏRİNİZ ABUTALIBOVDAN ÖRNƏK GÖTÜRSÜNLƏR

- Sizin fikrinizcə, niyə Azərbaycan tarixçiləri sözügedən yazışmalardan daha öncə xəbər tutmayıblar və ümumiyyətlə, bənzər sənədləri daha tez üzə çıxara bilməyiblər (pis axtarırlar, gərəkli yerdə axtarmırlar, yoxsa bu barədə susmağı üstün tuturlar)?

- Belə sənədləri daha öncə tapmaq üçün bakılı həmkarlarım Ramiz Abutalıbovdan örnək götürməlidirlər. O, sovet dönəminin bütün çətinliklərini gözə alıb və mühacirlərin şəxsi kolleksiyalarından Azərbaycan tarixi üçün əvəzsiz sənədlər toplayaraq onu ölkəsinin dövlət arxivlərinə təhvil verib. Artıq tamamilə başqa imkanların da əlçatan olduğu indiki günlərdə həmin işi uğurla davam etdirməkdən ötrü, ən əvvəl bir alim və insan kimi ləyaqətini qorumalı, həmkarlarının güvənini qazanmalısan. Onlar səni anlayıb yardımlarını əsirgəməzlər. Qısası, birgə səylər və əməkdaşlıq lazımdır.

BELƏ ŞEYLƏR YAZAN RUS MÜƏLLİFLƏRİ YA...

- Bu kitabın Rusiya tarixçilərindən, özəlliklə istər M.Ə. Rəsulzadəni, istərsə Ə.M.Topçubaşını ya ingilislərin, ya Anadolu türklərinin, ya da başqalarının əlində oyuncaq sayanlardan ötrü hansı dəyəri var?

- Belə şeylər yazan rus müəllifləri ya tarixi faktlardan xəbərsizliklərini göstərir, ya da o nəhəng siyasətçiləri gözdən salmaq istəyirlər. Güman edə bilərəm ki, zaman gələcək və bu yazışmadan müxtəlif ölkələrin tədqiqatçıları, o sıradan Rusiya araşdırıcıları yararlanacaqlar. Türkiyədə həmkarlarımın bu nadir sənədləri necə yüksək dəyərləndirdiyini bilirəm.

- Bu nəşrə görə Sizə minnətdarlığını ilk öncə kim bildirib?

- Ramiz Abutalıbov.
XS
SM
MD
LG