Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:43

«8 Mart narazılıq gününə çevrilməkdədir»


Arxiv foto
Arxiv foto
Övladları orta məktəbdə oxuyan valideynlər 8 martla bağlı yenidən pul tələbi ilə üz-üzə qaldıqlarını iddia edirlər. AzadlıqRadiosuna müraciət edən Arif Səlimov (ad şərtidir) deyir ki, 6 və 7-ci siniflərdə oxuyan övladlarının hər birinə 30 manat pul verib. Dediyinə görə, digər bayramlarda pul yığma könüllü olsa da, bu dəfə məsələ qəti qoyulduğundan tələblə razılaşıb:

«UŞAĞI PİSİKDİRİRLƏR»

- Birmənalı hamıdan yığırlar.

- Pul məsələsini uşaqlara kim deyir - müəllimlər yoxsa valideyn komitələri?

- Sinif rəhbəri...

- Artıq pul vermisinizmi?

- Hə, artıq vermişəm.

- Nə qədər?

- 30 manat.

- Bəs nə üçün araşdırmadınız?

- Uşağı pisikdirirlər, mən onu necə araşdırım.

Elə bu səbəbdən də Arif Səlimov hesab edir ki, 8 Mart artıq bayram yox, valideynlərin narazılıq gününə çevrilməkdədir.

«KİMLƏRİNSƏ QƏPİYİNƏ, MANATINA EHTİYACIMIZ YOXDUR»

Təhsil Nazirliyində isə 8 martla əlaqədar şagirdlərdən kütləvi şəkildə pul yığılmasını təkzib edirlər. Nazirliyin sözçüsü Bayram Hüseynzadəyə görə, kimsə öz müəlliminə hədiyyə almaq istəyirsə, buna görə bütün müəllimləri, bütün məktəbləri rüşvətxorluqda, korrupsiyada ittiham etmək yersizdir:

«İnsanlar bilməlidir ki, nə məktəbin, nə də müəllimin kimlərinsə qəpiyinə, manatına ehtiyacı yoxdur.
Məktəbdə yığılan pulların siyahısı
Məktəbdə yığılan pulların siyahısı
Müəllimə diqqət göstərmək, hədiyyə almaq istəyirlərsə, məsələni o dərəcədə şişirdib, o müəllimləri də çox pis bir vəziyyətdə qoymasınlar. Bizim əsas tövsiyəmiz bundan ibarətdir».

«200 MÜƏLLİMİ 2 MÜƏLLİMİN GÜDAZINA VERMƏK DÜZGÜN DEYİL»

Bayram Hüseynzadə bu məsələ ilə əlaqədar nazirliyin «qaynar xətt»inə gələn zənglərin də çoxunun qərəzli olduğunu deyir:

«Bir məktəbdə 200 müəllimdən 2-sinin nöqsanı varsa, qalan 198 müəllim də onların güdazına gedir ki, bu da yolverilməz haldır».

Nazirlik rəsmisinin dediyinə görə, bir çox hallarda şagirdlər valideynlərini aldadaraq məktəb adından onlardan pul alırlar:

«Çox vaxt məlum olur ki, şagirdlər 8 Martı hansısa restoran və ya kafedə qeyd edirlər və valideynlərdən pul alanda, deyirlər ki, məktəbdə yığılır».

«İNDİ ORTA MƏKTƏBLƏRDƏ PUL PIÇAPIÇLA YIĞILIR»

Jurnalist Cəsur Sümərinli isə heç də hər şeyin nazirliyin dediyi kimi, olmadığını bildirir. Deyir Sabunçu rayonunda təhsil alan övladından ötən il təmir pulu tələb edilib, demədiyi rəsmi qurum da qalmayıb:

«Müraciət etmədiyim yer qalmadı. Çağırdılar, kiminlə bağlı hansı addım atıldı bilmirəm, amma indi pul söhbəti olanda, onu pıçapıçla həll edirlər. Bir də kim istəmir verməsin. Əvvəl isə elə deyildi. Kim pul vermirdisə, onu danlayırdılar. Mənim uşağım pul aparmadığı üçün ayaq üstə saxlamışdılar».

Cəsur Sümərinli deyir ki, ötən illərdən fərqli olaraq indi pul məsələsini şagirdlərə yox, birbaşa valideynlərə deyirlər:

Cəsur Sümərinli
Cəsur Sümərinli
«Özü də elə valideynlərə deyirlər ki, biz narazı valideynlər bunu bilməyək. Yəni bilirlər ki, vəziyyət nəzarətdədir, nə isə olsa, yenə səs-küy qalxacaq. Ona görə də ehtiyatla davranırlar».

MARTIN 10-A KİMİ VALİDEYNLƏRƏ QOYULAN MƏKTƏB QADAĞASI

Bakı şəhər Təhsil İdarəsi isə 8 Mart ərəfəsi pul söz-söhbətlərinə son qoymaq üçün martın 10-a qədər valideynlərin məktəblərə buraxılmasına qadağa qoyub.

Təhsil Nazirliyində bunu orta məktəblərdə rüşvət və korrupsiyaya qarşı mübarizənin nümunəsi sayırlar.

«HƏR ŞEY MÜƏLLİMLƏRİN SOSİAL VƏZİYYƏTİ İLƏ BAĞLIDIR»

Təhsil eksperti Nabatəli Qulamov isə istənilən qadağanın nəticəsiz olacağını düşünür. O hesab edir ki, hər şey müəllimlərin sosial vəziyyəti ilə bağlıdır:

«Qadağan etmək mümkün deyil. Müəllim bu yollarla özünə 3-5 manat qazanmaq istəyir. Ayda 200 manat müəllimi dolandırmır. 8 Mart və digər bayramlar hamısı bəhanədir».

Nabatəli Qulamov orta məktəblərdə yığılan pulların heç də hamısının onu yığan müəllimə çatmadığını düşünür. Onun fikrincə, şagirdlərdən alınan pulun içərisində məktəb direktoru və hətta icra hakimiyyətlərinin də payı var.
XS
SM
MD
LG