Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:00

Aktrisa Lütfiyyə Səfərova yad ediləcək


Aktrisa Lütfiyyə Səfərova (Foto: kinozal.az)
Aktrisa Lütfiyyə Səfərova (Foto: kinozal.az)
Bu xəbəri Musiqili Komediya Teatrının mətbuat xidməti AzadlıqRadiosuna verib.

Martın 11-i tanınmış aktrisa, uzun illər bu teatrda çalışmış mərhum Lütfiyyə Səfərovanın doğum günüdür. Həmin gün aktrisanın xatirəsi şərəfinə teatrda «Talelər qovuşanda» (R.Hacıyev, F.Zöhrabov) tamaşası nümayiş olunacaq.

Tamaşada əməkdar artist Xanım Qafarova, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Elvin Əliyev, Nərgiz Kərimova, Emil Heydərov və başqaları çıxış edəcək.

Mərhum aktrisa bu tamaşada uzun illər Nazpəri obrazını ifa edib.

Xəbərdə vurğulanır ki, tamaşadan öncə teatrşünas Vəfa Mühacirova aktrisanın həyat və yaradıcılığı barədə danışacaq.
Teatrın foyesində isə Lütfiyyə xanıma həsr olunmuş sərgi nümayiş ediləcək.

Xatırladaq ki, Lütfiyyə Səfərova 1941-ci ildə anadan olub. O, Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsini bitirib. Musiqili Komediya Teatrında işə dəvət olunan Lütfiyyə xanım özünü zəhmətkeş, istedadlı aktrisa kimi göstərib və çox keçmədən əsas rolların ifaçısına çevrilib. O, Fikrət Əmirovun «Gözün aydın» komediyasında Leyli, V. Adıgözəlovun «Nənəmin şahlıq quşu» əsərində Nazlı, E. Sabitoğlunun «Hicran» komediyasında Çarleston, Ş. Axundovanın «Ev bizim, sirr bizim» tamaşasında Çiçək və başqa obrazlarda çıxış edib.

Aktrisa 1989-cu ildən Bakı Bələdiyyə «Tənqid-Təbliğ» teatrında işləyib.

1996-cı ildən yenidən Musiqili Komediya teatrına qayıdıb, bir-birindən məzmunlu, zəngin obrazlar yaradıb.
«92 dəqiqə gülüş»də Qəmziyyə, «Hələlik»də Lalə, «On min dollarlıq keyf»də tərcüməçi qadın, «O olmasın, bu olsun»da Sənəm, «Dəli dünya»da ana, «Nəğməli Könül»də Qəmər xanım, «Bankir adaxlı»da Ceyran və s. kimi surətlərin öhdəsindən böyük məharət və yüksək professionallıqla gəlib.

Lütfiyyə xanım bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollara çəkilib.

Aktrisa 2010-cu il martın 1-də vəfat edib.

Ağır xəstəliyə tutulan aktrisanın həyatının sonu heç də xoş keçməyib.

O, ömrünü yoxsulluqla xəstəxana divarları arasında başa vurub.
XS
SM
MD
LG