Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:16

Ombudsman hesabatına iradlar


Ombudsman Elmira Süleymanova
Ombudsman Elmira Süleymanova
Bakıda bir neçə tikinti şirkəti tərəfindən aldadıldığını deyən yüzlərlə sakin az qala hər həftə Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirirlər. Ancaq onları bir qayda olaraq Bakı Şəhər İcra Hakimiyyəti qarşısına göndərirlər. Ancaq etirazçıları burada da qəbul edən tapılmır.

Şikayətçilərin bir dövlət orqanından digərinə göndərilməsi adi bir hala çevrilib. Ancaq martın 7-də Azərbaycanın İnsan Hüquqları Müvəkkili - Ombudsman Elmira Süleymanova parlamentə təqdim etdiyi illik hesabatda quruma edilən şikayətlərdən, bu şikayətlərə necə baxılmasından, bəzi hallarda pozulmuş hüquqların bərpa edilməsindən bəhs olunurdu. Hesabatda bir sıra təkliflər də öz əksini tapmışdı.

KORRUPSİYA VƏ RÜŞVƏTLƏ BAĞLI MÜRACİƏTLƏR ARTIB

Ombudsmanın hesabatında qeyd olunur ki, 2011-ci ildə vətəndaşların korrupsiya və rüşvətlə bağlı müraciətləri artıb: «Ombudsmanın ünvanına korrupsiyaya yol verilməsi və rüşvət tələb etmə halları ilə bağlı 797 şikayət daxil olub. Bu da 2010-cu illə müqayisədə 30,6 faiz çoxdur. Şikayətlərdə vəzifəli şəxslərin qanunsuz hərəkətləri və müxtəlif pozuntulara yol verilməsi ilə bağlı məlumatlar, qanunçuluğu, hüquq qaydalarını, vətəndaşların hüquq və qanuni maraqlarını təmin etməyə məsul olan bəzi dövlət orqanlarının və təşkilatların fəaliyyətindən narazılıqlar əksini tapıb».

Ombudsman aparılan təhlillərə istinadən deyib ki, ümumiyyətlə insan hüquqlarının pozulmasında günahkar olan və cəzalandırılan əməkdaşlarla yanaşı, tabelikdə olan rəhbərlərin də cəzalandırılması və bu barədə ictimaiyyətin məlumatlandırılması zəruridir.

Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü, deputat İqbal Ağazadə nəinki bu hesabatla razılaşmır, deyir ki, Azərbaycanda müstəqil Ombudsman institutu yoxdur. İcra strukturlarından asılı bir Ombudsman Aparatı var.
İqbal Ağazadə
İqbal Ağazadə
Onun da nə araşdırmalarının, nə təhlillərinin, nə də hesabatının heç bir nəticəsi ola bilməz. Çünki bu qurum demək olar ki, heç nə ilə məşğul olmur:

«OMBUDSMANIN HANSI FƏALİYYƏTİNDƏN DANIŞMAQ OLAR?»

«Əgər Avropa Məhkəməsinə gedən bu qədər işlər və vətəndaşların qalib gəldiyi məhkəmə halları varsa, bunlar Ombudsmanın hesabatında öz əksini tapmırsa, bu qədər insanın mülkiyyət hüququ tapdandığı halda hesabatda yalnız hakimiyyətə aid olmayan MMC-lərin, MTK-ların adları çəkilirsə, «Qış bulvarı» və digər söküntülərlə bağlı narazılıqlar heç bir hesabatda yer almır, mülkiyyət hüququnun pozuntusu kimi dəyərləndirilmirsə, 2 aprel aksiyasından sonra dünyanın bütün beynəlxalq qurumlarının vicdan məhbusu kimi tanıdığı 16 aksiyaçı və Bəxtiyar Hacıyevin məsələsi öz əksini tapmırsa, o Ombudsmanın hansı fəaliyyətindən danışmaq olar? Bu fəaliyyət nəyə və necə söykənir?»

İqbal Ağazadə hesab edir ki, Azərbaycanda Ombudsman Aparatı icra strukturlarının, hüquq mühafizə orqanlarının, məhkəmələrin etdiyi qanunsuzluqları üzərini pərdələmək, onları guya İnsan Hüquqları üzrə müvəkkilin məşğul olduğu bir hala gətirməyə çalışan qurumdan başqa bir şey deyil.

DEKORASİYA?

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev isə deyir ki, Ombudsman Aparatı Azərbaycanda insan hüquqları sahəsində guya dövlətin gördüyü işləri cəmiyyətə və beynəlxalq aləmə nümayiş etdirmək üçün bir dekorasiyadır. Hesabatda əksini tapan statistika, verilən təkliflər də bu məqsədi güdür. İntiqam Əliyevin fikrincə, Ombudsmanın bu cür fəaliyyətinin də obyektiv və subyektiv səbəbləri var:

İntiqam Əliyev
İntiqam Əliyev
«Obyektiv səbəb onunla bağlıdır ki, hakimiyyət ölkədə insan hüquqlarının təmin olunmasında, azad seçkinin keçirilməsində, məhkəmələrin müstəqil olmasında, toplaşmaq hüquqlarının reallaşmasında, mülkiyyət hüququnun təminatında maraqlı deyil. Hakimiyyət bu sahədə çalışan hər hansı müstəqil qurumların mövcudluğunda maraqlı deyil. Bu mənada Ombudsman onun üçün müəyyən edilmiş çərçivədə insan hüquqlarından danışa, ona icazə verilmiş hədlər çərçivəsində problemlərə toxuna bilər».

İntiqam Əliyev düşünür ki, Ombudsmanın hesabatında seçki saxtakarlığından, vətəndaşların mülkiyyət hüququnun pozulmasından, vicdan məhbuslarından danışılmaması təsadüfi deyil. Ara- sıra bu cür məsələlərə toxunanda da o, məsələni məmur özbaşınalığı ilə əlaqələndirir. Amma vəziyyətə az-çox bələd olan hər kəs yaxşı bilir ki, Azərbaycanda insan hüquqlarının pozulmasının kökündə ayrı-ayrı məmurlar yox, siyasi iradə dayanır.
XS
SM
MD
LG