Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:49

Balayar Sadiq. Həsrətin rəngləri


"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğundan


Balayar Sadiq


HƏSRƏTİN RƏNGLƏRİ

Ayrılığın ovucunda
bir «əlvida» sözü
yarpaqlayır…
ahım
başdaşı kimi soyuqdu…
ürəyimdən
düşüb getdin
Hələ də gözlərimdən
ayaq səslərin tökülür…

Bu soyuq havada
bir ovuc
həsrət də yoxdur ki,
adam üşüsün…
adın
kibrit çöpü tək
söndü dodağımda…

Səni
unutmaq istəyirəm,
xatirələr daşa basır
yaddaşımı…
Küçənizin ətəyi
bomboş idi,
bu daşlar hardandır?...

Bir əlçim təbəssüm ver,
bir «Vağzalı» havasının
göz yaşını silim…
Daha
səbr kəndiri üstə
yığmağa bir şey yox…
Sənsizliyi
yaylıq kimi sərdim
adın üstə…

Gözlərim
xatirə dəftəridir,
oxuma…
Göz yaşlarını
silə bilmərəm…
Əllərimi unutmuşam
bir qadının saçlarında…


UNUDULMUŞ SƏTİRLƏR

Yağır payız yağışı…
Yaddaşımın susuzluğu
köynəkdən çıxır…
səsim
diz çöküb
bayraq öpən əsgər kimi…
göz yaşım islanıb
ürəyim qurumuş dənizdi.
balıq kimi çırpınır
sənə yazdığım məktubun
unudulmuş sətirləri…

Həsrətin ad günüdür…
gözlərim
kədər dolu qədəh
sənin sağlığına…
Son görüşü
gözmuncuğu tək asmışam
həsrətin boynundan…
Darıxma,
sənsiz də yaşamaq olur,
balıq susuz yaşayan tək…
XS
SM
MD
LG