Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:27

«Sizin ölkədə media azaddırmı?»


Belarusda əhalinin cəmi 23 faizi hesab edir ki, Belarusda media azaddır.

Bu, dünyada ən aşağı göstəricidir.

Dünyada ən yuxarı göstərici isə Finlyandiyadadır. Burda əhalinin 97 faizi hesab edir ki, Finlyandiyada media azaddır.

"SİZİN ÖLKƏDƏ MEDİA AZADDIRMI?"

Gallup keçən il boyu seçdiyi 133 ölkənin hər birində 15 yaşdan yuxarı 1000 adamdan soruşub ki, “Sizin ölkədə media azaddırmı?”

Məqsəd mətbuat azadlığının vəziyyəti haqda əhalinin təəssüratını müəyyən etmək idi.

Bu, müxtəlif ölkələrdə media azadlığının vəziyyətinə qiymət verən Freedom House kimi təşkilatların metodologiyasından fərqli yanaşmadır.
Freedom House əvvəla, ekspert qiymətləndirməsinə əsaslanır, ikincisi, ekspertlər ölkədəki siyasi, iqtisadi, sosial və qanunverici mühitə qiymət verirlər.

Gallup isə birbaşa sıravi sakinlərdən soruşur.

Gallup qeyd edir ki, onun sorğusunun nəticələri ilə Freedom House-un, Sərhədsiz Reportyorların qiymətləndirməsi təxminən eyni mənzərəni yaradır.

ƏN NARAZILAR ERMƏNİSTANDA, QABONDA, BELARUSDADIR

Gallupın sorğusu keçirilən 133 ölkə arasında öz mediasının azadlığı haqda ən aşağı fikir Belarusdan sonra Qabonda, Ermənistanda və Mavritaniyadadır.

Ermənistanda rəyi soruşulanların 29 faizi medianı azad sayıb.
52 faizi isə hesab edir ki, mətbuat azad deyil.

AZƏRBAYCANDA 15% CAVAB VERMİR

Azərbaycanda rəyi soruşulanların 52 faizi deyib ki, Azərbaycan mediası azaddır.
33 faiz isə hesab edir ki, media azad deyil.

Öz mediasının azadlığı haqda Azərbaycan oxucusunun, dinləyicisinin, tamaşaçısının bu təəssüratı dünya ölkələri ilə müqayisədə yaxşıdır ya pisdir?

Gallupın siyahısına görə, Azərbaycandakı təəsürat
Nigeriya, Haiti, Əfqanıstan və Sinqapurdakı kimidir.

Məsələn, Nigeriyada rəyi soruşulanların 55 faizi hesab edir ki, onların ölkəsində media azaddır, 35 faiz isə deyir ki, azad deyil.

“Bilmirəm” deyənlər və ya cavab verməkdən imtina edənlər də Azərbaycanda nisbətən çoxdur- 15 faiz.

ZİDDİYYƏT?

Gallupın sorğusuna görə Azərbaycanda soruşulanların 52 faizi deyir ki, media azaddır, o biri tərəfdən Freedom House hesab edir ki, Azərbaycanda media azad deyil.
Burda ziddiyyət nədədir?

Adam” sorğu mərkəzinin rəhbəri, müstəqil sosioloq Rüfət Qaragözlü:

“Söz azadlığı olmayan ölkələrdə insanlar siyasi suallara cavab verməkdə çətinlik çəkirlər.

Rüfət Qaragözlü
Rüfət Qaragözlü
Siyasi suallar olanda “cavab verməkdə çətinlik çəkirəm” deyənlərin sayı bəzən respondentlərin 30 faizinə çatır.

Özü də belə vəziyyət təkcə Azərbaycanda deyil. Orta Asiyada, Rusiyada da eyni problem var.

Ona görə Qərb ölkəsində sorğuda işləyən metodologiya Azərbaycan kimi ölkədə işləməyə bilər, hətta təhrif olunmuş nəticə verə bilər”.


GÜRCÜSTAN, QANA...

Qonşu Gürcüstanda rəyi soruşulanların 47 faizi deyib ki, media azaddır, 31 faiz isə hesab edir ki, azad deyil.

Gürcüstanda da “bilmirəm” deyən və ya cavab verməyən çoxdur- 22 faiz.

ÖZ MEDİASINI AZAD HESAB EDƏNLƏR

Öz mediasının azadlığı haqda ən yüksək fikirdə olan ölkələr isə Finlyandiyadan sonra Niderland (96%) , Avstraliydır (94%).

Maraqlıdır ki, Qanada da rəyi soruşulanaların 93 faizi deyib ki, onların ölkəsində media tam azaddır.
Yeri gəlmişkən, Freedom House-un qiymətləndirməsinə görə, Qanada media azaddır və Afrika qitəsində media azadlığına görə Qana birinci yerdədir.

Dünyadakı ümumi vəziyyət isə belədir ki, dünyada rəyi soruşulanların 67 faizi öz ölkəsinin mediasını azad sayır.
2010-cu ildə belə düşünənlər 65 faiz idi.

BİZİM SORĞU

"Azərbaycanda media azaddırmı?"

Cavablarınızı bizə yazın
XS
SM
MD
LG