Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:02

«İranın Azərbaycanda onlarla məscid və on minlərlə islamçı üzərində nüfuzu var»


Thomas de Waal
Thomas de Waal
«The National Interest» dərgisi Beynəlxalq Sülh uğrunda Karnegi Fondunun araşdırmaçısı Thomas de Waal-ın məqaləsini dərc edib. Məqaləni kiçik ixtisarla oxuyun:

QONŞULARLA HİYLƏGƏR MÜNASİBƏTLƏR

Azərbaycan kim olacaq? Bu Qafqaz ölkəsi bu yaxınlarda BMT-nin Təhlükəsizlik Şurasına üzv olub, əvvəlkindən daha varlıdır, dövlət xəzinəsi neft və qaz gəlirlərindən aşıb-daşır. Ancaq dünyadakı mövqeyi iyirmi il əvvəlki ilə müqayisədə heç də asan deyil.

Qərb ölkələri ilə münasibətləri biznes xarakterlidir, enerji təchizatından və bu ölkənin Əfqanıstana tranzit marşrutu kimi statusundan asılıdır. Azərbaycanlılar Vaşinqtonla kifayət qədər çətin münasibətlərini Konqresdəki erməni lobbisinin Matthew Bryza-nın Azərbaycana səfir təyinatının qarşısını almasında görür. Dövlət Departamentinin yenə Bakıda səfiri yoxdur. Amerika rəsmiləri münasibətlərin pis olmadığını və Azərbaycanın demokratiyadan uzaq durduqca münasibətlərin yaxşılaşmayacağını bildirirlər.

Azərbaycanın bütün qonşuları ilə hiyləgər münasibətləri var. Mənzərə belədir –
Ermənistanla münaqişə vəziyyəti, İran və Türkmənistanla sərin münasibətlər, Rusiya ilə bağlı daimi şübhələri pərdələyən dostluq və guya dost-qardaş saydığı Türkiyə ilə daimi anlaşılmazlıqlar.

SAAKAŞVİLİNİN BAŞAĞRIDAN ÇIXIŞI

Hətta ən yaxın qonşusu Gürcüstanla münasibətləri də problemsiz deyil. Gürcüstan prezidenti Mixeil Saakaşvili martın əvvəlində Bakıda olanda Azərbaycan-Gürcüstan dostluğu barədə danışdı və hətta təklif etdi ki, iki ölkə 2016-cı il Avropa futbol çempionatına birgə ev sahibliyi üçün müraciət etsin. Ancaq Saakaşvilinin Azərbaycan parlamentindəki çıxışı ev sahiblərinə başağrısı yaratdı. O, rusca çıxışında dedi ki, Moskvanın xarici siyasətinin «çox adı var, ancaq bizim, Rusiya Federasiyasının qonşuları üçün mənası birdir: azadlıq və müstəqilliyimizin sonu, Rəsulzadənin və əcdadlarımızdan çoxunun arzusunun sonu».

Bu çıxış Azərbaycan deputatlarından bəzilərini qəzəbləndirdi. Onların fikrincə, Gürcüstan prezidenti protokolu pozub, parlamentdən onların yaxşı münasibətdə olduğu ölkəyə hücum üçün istifadə edib. Saakaşvilinin tez-tez Məmməd Əmin Rəsulzadəyə istinad etməsi, onun məşhur «Bir kərə yüksələn bayraq bir daha enməz» kəlamından istifadə etməsi də pis qarşılandı. Azərbaycan hakim elitası Rəsulzadə kimi tarixi şəxsiyyətin xatirəsini əbədiləşdirməyib, onun adını çəkməməyə üstünlük verir.

İSRAİLLƏ DOSTLUĞUN ÇƏTİNLİYİ

İsrail Azərbaycanın digər müttəfiqidir. Ancaq bu coğrafi mövqedə İsrailin yaxşı dostu olmaq heç də asan deyil. Azərbaycan hökuməti və İsrail mediası bu yaxınlarda belə bir informasiya sızdırıb ki, iki ölkə 1.6 milyard dollarlıq silah sazişi imzalayıb. Bu münasibət Türkiyə ilə də mübahisə yaradıb. Türkiyənin Bakıdakı səfiri ötən il gileylənib ki, azərbaycanlılar İsraillə mübahisədə Ankaranı dəstəkləməlidirlər. İsraillə münasibət İranın da qəzəbinə səbəb olur.

Azərbaycan yanvarda BMT-nin Təhlükəsizlik Şurasına qoşulub. Bu həm böyük hörmət, həm də məsuliyyətdir. Bir qərb diplomatı mənə deyir ki, «Sən BMT Baş Assambleyasında gizlənə bilərsən, ancaq Təhlükəsizlik Şurasında gizlənə bilməzsən». İndi azərbaycanlılar əvvəl bəlkə susmağa üstünlük verəcəkləri Suriya məsələsində mövqe bildirməli olurlar.

Neftlə zəngin Bakıda hökumət getdikcə daha çox qaranlığa çəkilir. Xarici qonaqlar və diplomatlar gileylənirlər ki, qərarlar verən hökumət rəsmilərinə çıxış çətinləşir, onlar hökumətin strategiyasını başa düşməyə çalışırlar.

Bu kontekstdə Azərbaycan ermənilərlə 1994-cü ildə bitmiş müharibəsindən sonra ən böyük xarici siyasət testi ilə üz-üzədir: yaxın qonşusu, şiə ölkəsi, güclü ideoloji rəqibi İranla böhranı necə idarə etmək.

SINAQDAN ÇIXARILAN FƏRZİYYƏ

İşlək fərziyyə odur ki, hər iki ölkənin bir-birinə ağır zərbə vurmaq qabiliyyəti olduğundan hər ikisi geniş-miqyaslı qarşıdurmadan çəkinir. İranın Azərbaycandakı onlarla məscid və on minlərlə islamçı üzərində nüfuzu var, onlar da Azərbaycan dövlətini çalxalaya bilərlər. İran həmçinin Naxçıvan üçün iqtisadi və enerji sahəsində həyat yüklü təminatdır.

Azərbaycan isə istəsə, İranın azərbaycanlılar yaşayan ərazilərini qarışdıra bilər.

İndi həmin fərziyyə sınaqdan çıxarılır. Yanvarda Azərbaycan hökuməti bildirdi ki, saytları hücuma məruz qalıb və İsrail əleyhinə mesajlarla doldurulub. Hökumət Bakıda bir yəhudi müəllimi və ravvinə qarşı İran sui-qəsdinin qarşısını aldığını elan etdi. Azərbaycan parlamentinin üzvü Tehranı iynələmək üçün təklif etdi ki, ölkəni «Şimali Azərbaycan» adlandırmaq lazımdır. Onun fikrincə, İranın Azərbaycan vilayətləri də «Cənubi Azərbaycan» olmalıdır.

Yaxşı ki, vəziyyət yenidən sakitləşib. Söhbətləşdiyim Azərbaycan rəsmiləri vəziyyəti idarə etdiklərini deyirlər. Ancaq yenə problem yaranarsa, Azərbaycan gərək əsəblərini cilovlasın, – son vaxtlar öyrəşmədiyi çətin vəziyyətlərdə olduğu kimi – kömək istəmək üçün yollar arasın.

Məqaləni sayta Arifə Kazımova hazırladı
XS
SM
MD
LG