Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:52

Elmar Şahmar: "Qərarsız idim, müsabiqəyə ən son anda qatıldım"


"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin şeir onluğuna keçmiş yazarların yaxından təqdimatına başlayırıq.

Elmar Şahmar tələbədir, 21 yaşı var. Gerisini özü danışır:


- Suraxanı rayonunda anadan olmuşam. Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsiyəm.

Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsində də təhsil alıram.

Uşaq vaxtlarımdan ədəbiyyata marağım, sevgim olub. Amma yazmağa, yazdıqlarımı çap etdirməyə ürək eləmirdim. 11-ci sinifdən bu cəsarətsizliyə qalib gəlməyi bacardım və artıq üç-dörd ildir yazıram.

Şeirlərim “Ulduz” jurnalında və qəzetlərdə nəşr olunub. “Oxuzali.az”, “Kultaz.com” saytlarında çap olunuram.

- Deyən olubmu, nə qədər gec deyil, ədəbiyyatın daşını at, faydalı, qazanc gətirən işlə məşğul ol?

- Mən ədəbiyyata qazanc yeri kimi baxmıram. Düzdür, bir az şablon səslənir, amma səmimi deyim ki, yazmasam olmur.

Şeir gəlirsə, mütləq bunu canımdan çıxarmalıyam. Bu mənim üçün bir ehtiyacdır.

Yazmaq xətrinə yazmıram. Pul olmasa da, oxucu sevgisi mənim üçün ən böyük qazancdır.

- Şeirlərinə fikir bildirən olubmu?

- “Facebook”da paylaşanda dostlar tərifləyirlər. Amma peşəkar ədəbiyyatçılar var, hansı ki, onların fikri mənim üçün çox önəmlidir, qənaətləri normaldır.

Əsəd Cahangir, Aqşin Yenisey, Elnarə Tofiqqızı şeirlərim haqqında fikir bildiriblər. Deyirlər, həvəskarlıqla peşəkarlığın arasındasan, amma perspektivin var. Onların dedikləri ilə razıyam.

Mütaliə ilə bağlı mənə iradlar olur. Artıq bir neçə aydır ki, sistemli şəkildə oxumağa başlamışam. İndi Homerin “İlliada”sını oxuyuram. Kafkanın, Borxesin, Çexovun, Stendalın, Dostoyevskinin əsərlərini çox sevirəm.

- Çağdaş şairlərdən kimləri oxuyursan?

- Sevdiyim şairlərin adını soruşsanız, Salam Sarvanın yaradıcılığını çox bəyənirəm. Bu şairi həqiqətən çox sevirəm. Ramiz Rövşən, Aqşin Yenisey, Tərlan Əbilov... bu şairləri oxuyuram.

- Kitab çıxarmaq haqqında düşünürsənmi?

- Fikrim var bu yaxınlarda. Açığı, konkret vaxtını bilmirəm, amma tələsmək də lazım deyil. Məncə, gec də olsa, yaxşı kitab çıxarmaq lazımdır.

Kitab çıxandan sonra yəqin oxucularımın sayı da çoxalacaq, yazılarım haqqında insanlarda tam təəssüratlar yaranacaq.

- Əvvəllər hansısa müsabiqədə iştirak etmisən?

- Xeyir, indiyədək heç bir müsabiqədə iştirak etməmişəm. “Oxu zalı”nın keçirdiyi bu müsabiqəyə qatılmaqda da qərarsız idim.

Vaxtın bitməsinə bir gün qalmış şeirlərimi göndərdim. Nədənsə, çəkinirdim, düşünürdüm ki, uğursuzluqla üzləşə bilərəm.

Dostlarımın təkidi və ərkyana tələbləri ilə müsabiqəyə qatıldım. Seçimlər göstərdi ki, çəkinmək lazım deyil. Sadəcə, yazmaq, oxumaq və çox çalışmaq lazımdır.

- 20-lik və 10-luq siyahıdakı imzalardan kimlərin şeirlərini bəyəndin?

- Aqşin Evrənin, Balayar Sadiqin şeirləri xoşuma gəldi. Bəzi şeirlər vardı ki, onlardan ayrı-ayrı misraları bəyəndim. Məsələn, Şəhriyarın şeirində bəzi misralar yaxşı idi.

Əslində, 10-luq siyahını özüm üçün müəyyənləşdirmişdim. Hətta nəticələr açıqlananda cüzi fərqlə təxminən gözlədiyim nəticə oldu.

Ümumiyyətlə, bu siyahıda layiq olmayan əsər çox az idi. Münsiflərin kim olduğunu bilməsəm də, seçimlərinə inanıram.
XS
SM
MD
LG