Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:46

Oqtay Gülalıyev niyə cəzalandırıldı?


Kür və Araz çaylarında daşqın zamanı, 2010-cu ilin yazı
Kür və Araz çaylarında daşqın zamanı, 2010-cu ilin yazı
Aprelin 9-da Sabirabad rayon məhkəməsi «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev haqqında inzibati qaydada 12 sutka həbs qərarı çıxarıb. Bu haqda AzadlıqRadiosuna Sabirabad Rayon Məhkəməsindən məlumat verdilər. Sabirabad rayon polis şöbəsindən verilən məlumata görə isə Oqtay Gülalıyev ictimai yerdə söyüş söydüyünə görə saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə məsuliyyətə cəlb olunub. Oqtay Gülalıyev Minbaşı kənd bələdiyyəsinin sədri Rufulla Qocayevin şikayətindən sonra həbs olunub.

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, «Turan» informasiya agentliyinin direktoru Mehman Əliyev deyir ki, Oqtay Gülalıyev Minbaşı kəndinə monitorinq keçirməyə gedibmiş. Orada bir neçə kənd sakini ilə görüşən vaxtı bələdiyyə başçısı, icra nümayəndəsi gəlib onu təhqir edib:

CİDDİ MÜQAVİMƏT VAR

«Deyiblər ki, «sənin nə ixtiyarın var bura icazəsiz gəlib girirsən». Sözləşiblər, bundan sonra onlar polisə zəng ediblər. Oqtay Gülalıyevi aparıblar Sabirabad polis bölməsinə. Ondan şikayət edənlər ərizədə də göstəriblər ki, o gəlib dövlətə qarşı danışır, camaatı nümayişlərə təhrik edir və s. Əslində belə bir vəziyyət iki ildir davam edir. İcra orqanları, bələdiyyələr vətəndaş cəmiyyəti üzvlərinin orada işləməsində maraqlı deyillər. Biz sonuncu dəfə prezidentə də müraciət edəndə vətəndaş cəmiyyətinin, medianın, yerli icmaların komissiyaların işində təmsil olunmasını göstərmişdik. Çünki bu, daha çox şəffaflıq, yardımın ədalətli paylanmasına şərait yaradır. Ancaq görürük ki, çox ciddi müqavimət var, elə ona görə də Oqtay Gülalıyevi cəzalandırdılar».

Mehman Əliyev
Mehman Əliyev
Mehman Əliyev bildirir ki, «Kür» Vətəndaş Cəmiyyəti Qərargahı çoxsaylı korrupsiya, icra orqanlarının vətəndaşları aldatması faktlarını aşkar edib.

Minbaşı kənd bələdiyyəsinin sədri Rufulla Qocayev isə deyir ki, əksinə, Oqtay Gülalıyev onu təhqir edib:

DEDİM Kİ, BU ADAM DÖVLƏT ƏLEYHİNƏ ÇAĞIRIŞLAR EDİR

«Dünən - aprelin 8-də saat 13.30 radələri olardı. İcra nümayəndəliyi qarşısında bir qrup adamı başına yığmışdı. Tikintilərin keyfiyyətsiz tikilməsi, kompensasiyaların düzgün verilməməsi, yuxarı təbəqələrin kompensasiyaları mənimsəməsi, evlərə düzgün rəy verilməməsi məzmununda çıxışlar edirdi. Mən də ona iradımı bildirdim ki, «nə üçün belə çıxışlar edirsiz?» Dedim «prezidentin sərəncamı, Nazirlər Kabinetinin qərarı var. Sən də bu qərar əsasında camaata izahat ver». İradımı bildirdim ki, «dövlət komissiyasından da başqa heç kim ora rəy verə bilməz. Yəni ikinci bir şəxsin ora baxması mümkün deyil”. Başladı artıq-əskik deməyə. Məni nalayiq sözlərlə təhqir etdi. Polisə müraciət elədim. Dedim ki, “bu adam əhalini yığıb başına, dövlət əleyhinə çağırışlar edir». Onu düz yola dəvət elədim, o da onun qarşılığında məni təhqir elədi. Dedi ki, «burada kişi yoxdur, qeyrətiniz yoxdur, filandır, şərəf və ləyaqətimi təhqir etdi»».

Bu günkü məhkəmə prosesində Rufulla Qocayev zərərçəkən kimi tanınıb. O deyir ki, Oqtay Gülalıyev ittiham üzrə özünü təqsirli saymayıb:

BU, CAMAATI QALDIRMAQ DEYİL?

«O, məhkəmədə deyirdi ki, mən günahkar deyiləm. Günahkar deyilsənsə, niyə evlərə girib baxış keçirirsən, deyirsən ki, buna düzgün rəy verilməyib, belə olmalıydı və s. Ona dedim ki, «deyirsən mən heç nə eləməmişəm, camaata deyirsən ki, sizə komissiya baxmayıb, düzgün rəy verməyib, ərazidə tikilən evlər bu cürdür, bu camaatı qaldırmaq deyil?»»

Minbaşı kənd sakini Asəf İmanov isə deyir ki, Oqtay Gülalıyev kəndə gələndən sonra polis gəlib:

«Eşitdim ki, gəlib camaatı dinləyib. Hamı da deyib ki, haqqımızı tələb edirik. Həmin vaxt da polis də gəlibmiş. Tutub aparıblar».

Aprelin 4-də Minbaşı kəndinin bir qrup sakini etiraz aksiyası keçirərək Şirvan-Sabirabad yolunu bağlamışdır. Onlar 2010-cu ildə baş vermiş daşqından sonra zərər çəkənlərə kompensasiyaların ədalətli paylanmamasına etirazlarını bildirirdilər. Minbaşı kənd sakini Asəf İmanov deyir ki, onun da evi daşqında ziyan çəksə də indiyə qədər evinə baxış da keçirilməyib:

EVİM 1 M 20 SM SUYUN İÇİNDƏDİR

«Hər yerə müraciət etmişəm. Fövqəladə hallar icra hakimiyyətinin üstünə göndərib. Deyirdilər kömək edəcəyik. Ancaq heç bir səs-soraq çıxmadı. Bu dəqiqə evim 1 metr 20 sm suyun içindədir. O vaxtdan su basandır, hələ də qurumur».

Oqtay Gülalıyev
Oqtay Gülalıyev
Minbaşı kənd icra nümayəndəliyindən isə bildirdilər ki, hazırda kənddə dövlət komissiyası işləyir, evlərə baxış keçirir.

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahı Oqtay Gülalıyevin həbsini siyasi motivli sayır. Bildirir ki, bununla da daşqından zərər çəkən vətəndaşlara yardımın paylanmasında vətəndaş cəmiyyətinin iştirakının, şəffaflığın qarşısı alınır.

2010-cu ildə daşqın zamanı Azərbaycanın 8 rayonunda 100 min hektardan çox sahəni və 20 min evi su basıb. Ümumilikdə, 2012-ci ilin martına kimi dövlət tərəfindən daşqının nəticələrinin aradan qaldırılmasına 350 milyon manata yaxın vəsait ayrılıb. Bu il martın 29-da prezidentin sərəncamı ilə əlavə olaraq 50 milyon manat ayrılıb.
XS
SM
MD
LG