Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:45

Facebook-da “Mən səni sevirəm” yazmaq olar, amma...


“Biz müasir texnologiyaların hökmran olduğu məkanda yaşayırıq və müxtəlif mobil qurğular vasitəsilə daim digər insanlarla əlaqə saxlayırıq. Biz canlı ünsiyyəti sadə texnoloji əlaqəyə qurban vermişik”.

Bunu “New York Times” qəzetindəki məqaləsində Massaçusets Texnoloji Universitetinin professoru, psixoloq Sherry Turkle yazır.

Alim son 15 ildə mobil rabitə texnologiyalarının insanın həyat tərzinə təsirini öyrənməklə məşğuldur.

Onun gəldiyi qənaət budur ki, yeni texnologiyalar “nəinki bizim davranışlarımızı, hətta bizim özümüzü də dəyişir”.

“Birlikdə tək olmaq”. Alimin işlətdiyi bu qəribə ifadə insanların ailədə, iş yerində başqa insanlarla bir otaqda əyləşdikləri halda Facebook, e-mail, SMS və s. vasitələrlə başqa şəhərdəki, ölkədəki dostları, tanışları ilə saatlarca əlaqə saxlamasını ifadə edir.

Bir biznesmen alimə şikayətlənib ki, iş yerindəki həmkarlarını faktiki olaraq itirib. Çünki nə onların kabinetinin ağzında ayaq saxlamaq, onlarla danışmaq istəyir, nə də onlara zəng etmək.

Çünki onların öz dost-tanışları ilə virtual ünsiyyətdə olduqlarını bilir və onlara mane olmaq istəmir.

16 yaşlı bir oğlan isə alimə etiraf edib ki, canlı ünsiyyəti də öyrənmək istəyir, amma “indi yox, günlərin bir günü”.

Bostondakı bir hüquq şirkətinin rəhbəri isə öz həmkarlarının iş masalarını pilot kabinələrinin idarəetmə pultuna bənzədib. Onlar işə gələn kimi notebook, iPod, telefon və s. avadanlıqlarını stolun üstünə düzür, sonra isə böyük bir qulaqlığı başına keçirir. “Pilot kabinə”lərində əyləşən gənc hüquqşünaslarla dolu ofisdə ölü sükut hökm sürür. Elə bir sükut ki, pozulmasını “istəmir”.

Sherry Turkle yazır ki, texnologiyalar canlı ünsiyyəti əvəzləyə bilməz. Çünki virtual ünsiyyətdə biz özümüzü öz istədiyimiz kimi təqdim edirik. Facebook-dakı ünsiyyət zamanı biz öz fikirlərimizi redaktə edə, poza bilirik. Canlı ünsiyyət isə emosiyalarla zəngindir. Chatda “Mən səni sevirəm” yazmaq olar, amma insanı yalnız canlı ünsiyyətdə öyrənmək mümkündür.

ÜZBƏÜZ ünsiyyət insana qarşısındakını diqqətlə və uzun müddət dinləməyə imkan yaradır. Rəqəmsal texnologiyalar vasitəsilə əlaqə isə daha çox qısa suallar və qısa cavablar tələb edir. Özü də çox düşünmədən.

Alim oxuculara məsləhət də verir: insanların özləri üçün “müqəddəs məkanlar” yaratmalı olduğunu deyir. Yəni elə məkanlar ki, orada mobil rabitə avadanlıqlarına yer olmasın. Məsələn, qonaq otağı, mətbəx. Valideynlər bu yolla öz övladlarına canlı ünsiyyətin vacibliyini anlada bilərlər. Bundan başqa iş yerlərində müdirlər həftənin hansı günüsə qeyri-rəsmi toplantılar keçirə və işçilərə bir-birilə canlı ünsiyyəti artırmaq imkanı yarada bilərlər.
XS
SM
MD
LG