Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:43

Prezidentin mətbuat katibi: «Biz tələblərimizi demişik, əlavə şərhə ehtiyac yoxdur»


-
Azər Qasımov
Azər Qasımov
AZƏR QASIMOV: «ORDA HƏR ŞEY AYDINCA YAZILIB»

«Azadlıq» qəzeti ölkə prezidentinin 800.000 dollarlıq qol saatı taxması ilə bağlı məlumata təkzib vermədi. Qəzet sadəcə, izahat verdi: «Prezidentin mətbuat xidmətinin təkzib etdiyi məlumatın mənbəyi redaksiya deyil. Məlumat bloqqer Vəfa Cəfərovanın bloqundan götürülüb». Qəzet həmçinin bildirdi ki, bu məlumatın dərcində heç bir qərəz güdməyib, yalnız onun maraqlılıq dərəcəsini nəzərə alıb.

Bəs bu izahat Prezident Administrasiyasını qane edirmi? Yoxsa bəyan etdiyi kimi, məhkəməyə müraciət edəcək? Prezidentin mətbuat katibi Azər Qasımov:

- Mətbuat xidmətinin məlumatında tələblərimiz göstərilmişdi, onlar irəli sürülüb. Əlavə şərhə ehtiyac yoxdur.

- Yəni izahat yetərli deyil? Məhkəməyə müraciət edəcəksiz?

- Şərhə ehtiyac yoxdur. Dünən (aprelin 24-də - Ş.B.) biz tələblərimizi demişik. Orda hər şey aydınca ifadə olunub.

- Bu o deməkdirmi ki, qəzetlə məhkəmədə görüşəcəksiz?

- Şərhə ehtiyac yoxdur.

- Qəzet mətbuat xidmətiylə əlaqə yaratmağa cəhd etdiyini də bildirir...

- Xeyr, belə şey olmayıb. Kim zəng edirsə, həmişə cavab vermişəm. Bir adam onu deyirsə, səhv deyir...

«MEDİAFORUM» A VERİLƏN FƏRQLİ CAVAB

Azər Qasımov AzadlıqRadiosunun sualını cavablandırmazdan az əvvəl isə «Media forum» saytına demişdi: ««Azadlıq» qəzetinin yaydığı və qəzetin özündə də dərc olunan açıqlamanı görmüşük. Amma bunun bizi qane edib-etmədiyi haqda indi bir söz deyə bilmərəm. ​Bir neçə gün gözləyək, görək hadisələr necə inkişaf edəcək. Prosesi izləyəcəyik. Hər şey prosesin gedişindən asılı olacaq. Yalnız bundan sonra mövqeyimizi bildirəcəyik».

Prezidentin mətbuat xidmətinin aprelin 24-də yaydığı məlumatdasa deyilirdi ki, qəzet 3 günə təkzib verməklə üzr istəməzsə, məsələnin hüquqi müstəvidə həlli ilə bağlı məhkəməyə müraciət ediləcək.
Rahim Hacılı
Rahim Hacılı

RAHİM HACILI: «QƏBUL EDİB-ETMƏMƏK ONLARIN ÖZ İŞİDİR»

«Azadlıq» qəzetinin redaktoru Rahim Hacılı deyir ki, onlar öz mövqelərini artıq bildiriblər: «Qəbul edib-etməmək onların öz işidir».

Redaktor 2 variantın heç birini istisna etmir. O, qəzetin məhkəməyə veriləcəyini də, izahatlarının kafi sayılmasını da mümkün sayır.

Bəs prezident qəzetin izahatını qəbul etməsə, məhkəməyə baş vurarsa, «Azadlıq»ı hansı aqibət gözləyir?

«YALNIZ KOMPENSASİYA!»

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, qəzet təkzib versə də, verməsə də, qarşı tərəf ona mülki iddia qaldıra bilər. Çünki ortada cinayət və ya təhqiramiz ifadə yoxdur. Söhbət sadəcə, yalan informasiyanın yayılmasından gedir:

«Zərər dəydiyini iddia edən tərəf həmin qəzetə qarşı mülki iddia qaldıra bilər. Ona maddi və ya mənəvi ziyan dəyibsə, kompensasiya tələb edə bilər. Hər hansı cinayət məsuliyyətindən söhbət gedə bilməz.
Ələsgər Məmmədli
Ələsgər Məmmədli
Burda diffamasiya yoxdur. Cinayət hüququ baxımından 147 və 148-ci maddələri tətbiq etmək mümkün deyil. Sadəcə, doğru olmayan informasiyanın şəxsin nüfuzuna zərər vurub-vurmaması məsələsi dartışıla bilər. Prezidentin şərəf və ləyaqətinin nalayiq formada, qəsdən təhqir olunmasından söhbət getsəydi, o zaman Cinayət Məcəlləsinin 323-cü maddəsi işləyərdi. Amma burda elə bir şey yoxdur».

HEYDƏR ƏLİYEVDƏN FƏRQLİ OLARAQ İLHAM ƏLİYEV TƏZMİNAT TƏLƏB ETDİ

Ələsgər Məmmədli deyir ki, son illər prezidentin şərəf və ləyaqətinə zərər dəyməsiylə bağlı iddia qaldırılmasını xatırlamır. Eləcə də jurnalistdən maddi təzminat tələb etməsini də:

«1995-ci ildə yeni Konstitusiya qəbul olunduqdan sonra (2000-ci ildə də Cinayət Məcəlləsi qəbul edilib - Ş.B.) Cinayət Məcəlləsinin 323-cü maddəsi indiyədək işlədilməyib. Yəni prezidentin şərəf və ləyaqətini təhqir etməni nəzərdə tuturam. Mülki kompensasiyaya gəlincə, Heydər Əliyev mediaya tolerant yanaşmayla bağlı çağırış etmişdi. 2001-ci ildə buna görə «Medianın dostu» mükafatını da qazanmışdı. Elə İlham Əliyev də uzun müddət mediaya qarşı hər hansı iddia qaldırmayıb. Yəni şəxsən özü qaldırmayıb. Xatırlamıram».

NİYƏ «VAŞİNQTON POST» YOX, «AZADLIQ»?

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu
«Azadlıq» qəzetinin redaktoru Rahim Hacılı diqqəti ona yönəldir ki, prezidentin özü və ailəsinin biznesi və ya davranışları haqda beynəlxalq mətbuat həmişə yazıb. Amma nədənsə prezident «Azadlıq» qəzetini məhkəməyə verir. Köşə yazarı Şahvələd Çobanoğluna görəsə, səbəb ​sadədir:

«SAATIN ÖZÜ GÖSTƏRİLMƏLİYDİ»

«Sıradan məqam deyil ki, prezident o dərəcədə bahalı saat gəzdirsin. Əslindəsə prezidentin hər hərəkəti, mətbuat tərəfindən şərh edilə bilər, sorğulana bilər. Bu sorğuya cavab olaraq həmin saatın özü göstərilməliydi. Ona görə də həmin açıqlamanı qəzetə ultimatum kimi qəbul edirik».

Əslində prezidentin mətbuat xidmətinin açıqlaması çoxlarına yetərli görünmür. Elə Ələsgər Məmmədli də hesab edir ki, bu məsələylə bağlı prezident özü danışmalı, hətta lazım gəlsə, saatlarını göstərməli, onları necə əldə etməsi haqda məlumat verməliydi. Hüquqşünas bir misal da çəkir:

«Bu günlərdə Fransa prezidenti Sarkozy mitinqdən qabaq həyat yoldaşının bağışladığı 60 min avroluq saatı çıxarıb cibinə qoymuşdu. Qəzetçilər də bunu çəkmişdi. Onu ittiham etdilər - prezident Fransa xalqını oğru hesab edir ki, saatı gizlədir? Yəni prezident hər hərəkətinə görə diqqət mərkəzindədir və ondan izahat istənir. Bu, dünyada normadır».
XS
SM
MD
LG