Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:57

Ordudan siyasi opponentlərə qarşı istifadə olunur?


Cabbar Savalanlı
Cabbar Savalanlı
AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlının hərbi xidmətə çağırılması ordudan siyasi opponentlərə qarşı istifadə olunması fikirlərini yenidən gündəmə gətirib. Yaxınları və vəkili Cabbar Savalanlının təhsil almaq üçün möhlət verilmədən tez bir vaxtda orduya aparılmasını onun siyasi fəaliyyəti ilə əlaqələndirirlər.

MÖHLƏT HÜQUQU NİYƏ VERİLMƏDİ?

Cabbar Savalanlı özü də hərbi xidmətə aparılmazdan əvvəl - aprelin 20-də AzadlıqRadiosuna müsahibəsində daha ciddi siyasi fəaliyyətə başladığını demişdi. O, «Facebook» profilində də hakimiyyəti tənqid edən statuslar yazıb.

2011-ci ilin fevralında narkotik maddə saxlamaq ittihamı ilə 2 il yarım azadlıqdan məhrum edilmiş Savalanlı ötən ilin dekabrında əfvlə həbsdən buraxılmışdı. Savalanlı həbsdən sonra təhsil aldığı Sumqayıt Dövlət Universitetinə bərpa olunsa da, 2 gün dərsə gedə bilmişdi. Daha sonra ona deyilmişdi ki, təhsilini davam etdirmək üçün hərbi komissarlıqdan möhlət hüququ olmalıdır. Ancaq o, həmin sənədi ala bilmədiyini deyirdi:

«Mən neçə gündür hərbi komissarlığa gedib gəlirəm. Hesab edirəm ki, bu, mənim siyasi məsələlərdə daha fəal olmağım və aksiyalarda iştirak etməyimlə bağlıdır».

«MƏNİ DÜZ TƏNQİDLƏR YAZDIĞIM HƏRBİ HİSSƏYƏ GÖNDƏRDİLƏR»

Jurnalist Zamin Hacı da ordudan təzyiq vasitəsi kimi istifadə olunması fikirlərini bölüşür. Deyir, bu, yeni bir məsələ deyil.
Zamin Hacı
Zamin Hacı
O, 1998-ci ilin dekabrında Murovdakı bir hərbi hissədə 4 əsgərin ölməsi ilə bağlı yazdığı tənqidi yazıdan sonra hərbi xidmətə çağırılmasını buna misal çəkir. Dediyinə görə, həmin yazıdan düz 2 ay sonra onu həmin hərbi hissəyə, əsgərlərin öldüyü hərbi bölüyə salıblar. Hətta ona xəbərdarlıq edilibmiş ki, özünü yaxşı aparmasa, vəziyyəti lap pis ola bilər. O, da «özünü yaxşı aparmaq» üçün dəfələrlə AzTV-nin hərbi vətənpərvərlik proqramında, «Azərbaycan ordusu» qəzetində ordunu və hakimiyyəti tərifləyən fikirlərlə çıxış edib.

«GÖZ HƏKİMİ MƏNƏ KAĞIZ VERDİ Kİ...»

Zamin Hacı deyir ki, halbuki gözləri zəif gördüyündən o, piyada qoşunlarında xidmətə belə yararsız olub:

«Bir ara özümü xəstəliyə vurub Gəncə hospitalına gəldim, göz həkimi mənə kağız verdi ki, bu adam ümumiyyətlə piyada qoşunlarında xidmət edə bilməz. Hətta mən Biləcəri hərbi komissarlığında tibbi müayinədən keçəndə mənə dedilər ki, səni Müdafiə Nazirliyindən tapşırıblar və sən mütləq Murova getməlisən. Yəni, ordudan bu cür istifadə edirlər».

Jurnalistə görə, hərbi xidmət şərəf işi sayılmalı olduğu halda hakimiyyət ordudan həm də cəza yeri kimi istifadə edir.

DEPUTAT: «ORDUNUN SİYASİ MƏSƏLƏLƏRƏ QOŞULMASI SƏHV ADDIMDIR»
Fazil Mustafa
Fazil Mustafa

Hakimiyyəti tənqidi çıxışlarından sonra ikinci dəfə hərbi xidmətə aparılan deputat Fazil Mustafa ordunun siyasi məsələlərə qoşulmasını səhv addım sayır:

«Bu, sırf siyasi motivli bir hadisə idi. Bunun başqa adı yox idi».

Cabbar Savalanlının ailəsi onun eşitmə qabiliyyətində problem olmasına dair həkim rəyinin də olduğunu deyir. Sumqayıt hərbi komissarlığından bu məsələyə münasibət almaq mümkün olmadı.

MÜDAFİƏ NAZİRLİYİ: BU, AZƏRBAYCAN ORDUSU BARƏDƏ MƏNFİ RƏY YARATMAQ İSTƏYƏNLƏRİN FİKİRDİR

Ancaq Müdafiə Nazirliyində nəinki Cabbar Savalanlı, eləcə də ordudan siyasi opponentlərə qarşı istifadə olunmasına dair fikirlərin tam yanlış olduğu qənaətindədirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyir ki, bu fikirləri səsləndirənlər Azərbaycan ordusu barədə mənfi rəy yaratmaq istəyənlərdir:

«Hər bir Azərbaycan vətəndaşı orduda xidmət etməlidir. Kimsə orduya aparılırsa, burda nə pis bir şey var?
Üzeyir Cəfərov
Üzeyir Cəfərov
Bunu nə üçün elə qiymətləndirir və siyasi don geyindirilər?».

««ORDU KARTI»NDAN İSTİFADƏ AÇIQ-AŞKAR BİR MƏSƏLƏDİR»

Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, siyasi opponentlərə və ya ordu barədə tənqidi fikirlər söyləyənlərə qarşı «ordu kartı»ndan istifadə açıq-aşkar bir məsələdir:

«Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev, İnsan Hüquqları Cəmiyyətinin rəhbəri Eynulla Fətullayev, köşə yazarı, jurnalist Zamin Hacı, digər jurnalist Əkbər Həsənov, deputat Fazil Mustafa və digərlərini buna misal göstərmək olar. Onlar öz tənqidi çıxışlarına, mövqelərinə görə orduya göndərilməklə cəzalandırılıblar».

Hərbi ekspert hesab edir ki, bu qədər nümunələr olduğu halda rəsmi qurumların bu məsələləri təkzib etməsi heç də problemdən çıxış yolu deyil.
XS
SM
MD
LG