Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:50

Aslan Quliyev: «Onlar məni öldürdülər»


“Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin hekayə onluğuna keçmiş yazarları daha yaxından tanıtmaqda davam edirik. Növbəti müsahibimiz Aslan Quliyevdir.


- Bildiyim qədər, 20 ildən çoxdur yazırsınız, çap olunursunuz. İmzanız oxuculara nə qədər tanışdır, kimlər sizi mütaliə edir?

- Çoxdan yazıram, amma uzun müddət, 20 ildən də uzun bir müddətə yazılarımı heç yerdə çap elətdirə bilməmişəm. Müxtəlif bəhanələrlə rədd eləyirdilər.

Mən Tanrının da, bəndəsinin də yaddan çıxartdığı əyalətdən idim, ədəbi və yüksək dairələrdə kimim-kimsənəm yox idi, ən başlıcası isə yazılarıma veto qoyanlardan yaxşı yazırdım. Onlar kimi yazmırdım, qəbul eləyə, həzm eləyə bilmirdilər.

Bütün bunlar haqda «Sənət» qəzetində, sonra isə «Yazı» jurnalının 2-ci sayında çap olunmuş «Onlar məni öldürdülər» adlı yazımda yazmışam.

Çap olunmağa isə əsasən 2000-ci illərdən, ədəbiyyatımız süqut eləyəndən və ədəbiyyat mətbəxindən yeyənlər nəhayət başlarını və pəncələrini bu süfrədən çəkəndən,- onsuz da bu süfrədə yeməyə heç nə qalmamışdı, - başlamışam. Jurnallarda, qəzetlərdə yazılarım işıq üzü görməyə başlayıb, ədəbiyyata yeni gələn, o vaxta kimi tanımadığım cavan uşaqlar yazılarımı virtual aləmdə yayıblar.

Oxucularımın içində hər peşənin adamları var, nə yazıram, necə yazıram, bunu oxucularım desə yaxşıdır, amma bircə onu deyə bilərəm ki, hər halda bu yazıları oxuyurlar. Çoxlu məktublar alıram, zəng eləyirlər… Mən elə düşünürəm ki, oxucu üçün yazıram, amma hamı mənim kimi düşünmür.

İradə Musayeva yazır ki, «Müəllif öz quraşdırmalarını ədəbiyyat adına sırıyır oxucularına. Bayağı, yüngül, ötəri maraqların damarını tutmuş Aslan kimlər üçün yazdığını yaxşı bilir». Bir sözlə “möhtərəm” tənqidçimizə görə mənim yazdıqlarım ədəbiyyat deyil, sadəcə mən bunları ədəbiyyat adına oxuculara sırıyıram. Qısa, dəqiq və konkret! Yəni bu da var.

- Gənc yazarlardan kimləri oxuyursunuz? Romanı, hekayəsi, şeiri ilə diqqətinizi çəkən imzalar hansılardır?

- Cavidanın romanlarını və şeirlərini, Kəramətin «Çöl» romanını, Svetlana Quliyevanın «Dalğa» povestini oxumuşam. Alpay Azərin, Natiq Məmmədlinin, sənin hekayələrini oxumuşam, münasibət də bildirmişəm. Aqşin Yeniseyin, Zahir Əzəmətin, Günel Mövludun, Qismətin, Jalənin, Oqtay Hacımusalının və başqalarının yazıları ilə tanışam. Adlarını unutduqlarım inciməsinlər. Mənim oxumağa elə də çox vaxtım olmur. Öz yazılarım, digər ölkələrin nasirlərinin əsərləri, tərcümələr, «Yazı» jurnalının işləri…

- Deyirlər, Azərbaycan ədəbiyyatında roman bumu yaşanır. BUMU yaradanlardan biri də siz deyilsiniz ki?

- Bumu, xüsusilə də roman bumunu qəbul eləyə bilmirəm. Son illərdə yazıçılarımız çoxlu romanlar yazıblarsa və yazırlarsa, buna yalnız sevinmək lazımdır. Həqiqət acıdır, amma həqiqətdir və bunu hər kəs eşitməli, dinləməli, başlıcası isə həqiqətlə barışmalıdır. Yazıçı roman yazar da! Bəzi roman yaza bilməyənlərimiz, romanı tamamlamaq üçün nəfəsi, gücü, istedadı çatmayanlar az qala buna ironiya ilə yanaşır, lağa qoyurlar. Heç nə başa düşmürəm, belə olurmu? Bəs yazıçı neyləməlidi, meyxana, qaravəlli yazmalıdı, ya əlini qulağının dibinə atıb «Mənsuriyyə» oxumalıdı?

Mənə qalanda isə indiyə kimi 7-8 romanım çap olunub, hazırda isə iri həcmli bir roman üzərində işləyirəm, tamamlamaq üzrəyəm.

- Əyalətdə yaşamağınız indi də sizi diqqətdən kənar saxlamır ki?

- Cavid, bu necə olar, əyalətdə yaşayasan, həm də diqqətdən kənarda qalmayasan? Diqqəti, bəhməni boş ver, bizi sadəcə görmək istəməyiblər, qabağımızı kəsiblər, sinələrini kişi kimi irəli verib, sona qədər çəkilməyiblər. Sənə bir sirr açım, mən tribuna görəndə özümü unuduram, nələrsə danışıram və sonradan da bunun ağrı-acısını çəkirəm.

Elçin İsgəndərzadə Yardımlıda bir dostuma Türkiyənin hansısa cəmiyyətinin fəxri
Aslan Quliyevin Milli Kitab Mükafatında onluğa keçmiş romanı
Aslan Quliyevin Milli Kitab Mükafatında onluğa keçmiş romanı
professoru, - onun bu kimi mükafatları var, - adını verirdi. Yığıncaq idi, başçı, rayonun bütün vəzifə sahibləri orda iştirak eləyirdilər. Heç gözləmədiyim halda mənə də söz verdilər, çıxdım lənətə gəlmiş o tribunaya və məlum işdir, özümü unutdum. Dedim: «Biz tikanlı tellər arasında anadan olduq, o tellərin arasında böyüyüb boya-başa çatdıq. Sonra o telləri sökdülər, amma nə yazıq ki, hara getdiksə o tikanlı telləri qarşımızda gördük». Sonra bilirsənmi nələr oldu? Aləm qarışdı, məlum oldu mən nə az, nə çox, dövlətçiliyimizin anasını ağlatmışam!

Həqiqət isə budur, anadan olduğumuz gündən alnımıza yazılan uzaqlıq, ucqarlıq, ögeylik taleyindən qaça bilmədik!

- Yazıçılığın, kitablarınızın ümidinə qalsaydınız, indi gün-güzəranınız nə yerdə olardı? Bu haqda danışmağa dəyərmi?

- Bərbad! Yazmaqla, kitablarla gün-güzəran nə yerdə ola bilər? Yuxarıda xatırlatdım, mən ədəbiyyata artıq ədəbiyyat onu yaradana heç nə verməyəndən, yalnız baş ağrısı gətirəndən sonra gəlmişəm.

- Vaxtilə ədəbi mühitdə bir fikir formalaşmışdı: “Aslan Quliyev hər şeydən şikayətçidir” Nədir sizi narazı salan?

- Mən heç vaxt, heç nədən şikayətlənməmişəm, sadəcə, olanları yazmışam. Mənə qarşı haqsızlıq ediləndə, barışmamışam. «Onlar məni öldürdülər» çap olunandan sonra çoxlu zənglər olurdu, keçmişi qurdalamağa dəyərmi? Bütün bunları unutmaq lazımdır! Mənsə deyirəm, əsla unutmaq lazım deyil! Biz unutduqca, bu cür haqsızlıqlar baş alıb gedəcək. Dünən qapısını döyürdün, bozarırdı, qaralırdı, harınlıq eyforiyasına qapılıb qarşısındakını adam hesab eləmirdi, bu günsə elə danışır, tanımayan olsa deyər yeni peyğəmbər zühur eləyib.

Bununla barışaqmı? Adam komsomol, dövlət mükafatı alıb, ev, maşın, bağ evi alıb, günü sanatoriyalarda, kurortlarda keçib, qara qəpiyə dəyməyən kitablarına ətək-ətək pullar alıb, işləmədiyi vəzifələr qalmayıb, bu gün durub məzlum-məzlum deyir, mənə qarşı haqsızlıq edilib. Təsəvvür eləyirsənmi? Bunları yazmayaqmı?

Müsabiqələr keçirilir, yer vermirlər, müsabiqədən sonra yazını saytlardan birinə qoyub, oxucuların ixtiyarına verirəm, qoy özləri qiymət versinlər. Yəni mənim oxucu qarşısında alnım açıqdır! Bu şikayətlənməkdirmi? Kitab tərcümə eləyirəm, kitab çapdan çıxır, ancaq kimin tərcümə elədiyini yazmırlar. Susummu? MKM onluğuna düşən yeganə əyalət yazıçısı idim, münsiflərin verdiyi ballara görə sonuncu oldum, romanı «2», «3» balla qiymətləndirmişdilər. Ədalətlimi iş görmüşdülər? O balları verənlərin özləri də qələm əhlidir və Allah şahiddir ki, mən onların yazdıqları kimi yazsam, aralığa çıxartmaram.

Məni nə narazı salırsa, yazır, deyirəm və kimin nə deyəcəyi, kimin necə qəbul eləyəcəyi haqda isə, sadəcə düşünmürəm.

- Müsabiqə haqqında danışaq... Hansı hekayələri bəyəndiniz?

- Hekayələrin hamısı ilə tanış deyiləm, münsiflərin seçimləri haqda nəsə danışmağım ədalətsizlik olar. İyirmilik, sonra da onluq elan olunanda ölkədə deyildim, qayıdandan sonra baxdım, bəzilərini oxudum. İyirmilikdən Cavidanın, Nərimanın hekayələrinin onluğa düşməməsinə heyfsiləndim, yaxşı hekayələrdir. Onluqdan Ruqəyyənin hekayəsi xoşuma gəldi, dil baryeri fikrini tam çatdırmağa bəzən mane olsa da, gözəl yazıb. Hamıya uğurlar arzulayıram!
Aslan Quliyev
Aslan Quliyev
XS
SM
MD
LG