Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:26

Bakdakı hotellər gizli kameralar iddiasına cavab verirlər


Arxiv foto
Arxiv foto
-


7 HOTELDƏN GİZLİ VİDEO CAVABI

Biznes və İnsan Haqları Resurs Mərkəzi Eurovision 2012 mahnı yarışı günlərində Bakıda fəaliyyət göstərən hotellərdə otaqlara gizli kameralar yerləşdirilməsi haqda iddiaları araşdırıb.

Bu ilin martında Azad Gənclik Təşkilatı Bakıya gələcək turistlərə müraciət edərək, onları hotel otaqlarında sekslə məşğul olmaqdan çəkinməyə çağırıb. Təşkilat qeyd edib ki, Azərbaycanda hökumət onu tənqid edənlərin qaldıqları yerlərə kamera quraşdırıb sonradan onları həmin videolarla təhdid edir.

Biznes və İnsan Haqları Resurs Mərkəzi Azərbaycanda fəaliyyət göstərən 7 böyük hotel şəbəkəsinə müraciət edərək onlardan bu mövzuda fikirlərini soruşub.

Qurumun müraciətinə Excelsior Hotel Baku, Hilton, Hyatt, Kempinski, Radisson, Ramada Hotel Baku, Sheraton Hotels cavab verib. Onların əksəriyyəti qeyd edirlər ki, belə iddialardan onlar da xəbərdardırlar və müştərilərinin şəxsi həyatlarına müdaxilə olunmamağı üçün əllərindən gələni edirlər.

HOTELLƏR MÜQAVİMƏT GÖSTƏRƏ BİLƏCƏKMİ?

Biznes və İnsan Haqları Resurs Mərkəzinin direktoru Christopher Avery deyir ki, onlar hotelləri hökumət qurumlarından gələ biləcək kamera quraşdırılması cəhdlərinə müqavimət göstərəcəklərinə ümid edir:

- Biz ümid edirik ki, hotellər şəxsi həyat toxunulmazlığı hüquqlarının pozulması ilə müşayiət olunan və hökumətin öz tənqidçilərinin gözünü qorxutmaq üçün istifadə etdiyi hotel otaqlarına kamera quraşdırılması cəhdlərinə qarşı çıxacaqlar.

Əgər hotel otaqlarına gizli kameralar yerləşdirildiyi barədə xəbərlər gəlsə, biz bu məsələni həyəcan təbili ilə jurnalistlərin, sərmayəçilərin, turist agentliklərinin və BMT-nin biznes, insan haqları ilə məşğul olan qurumlarının diqqətinə çatdıracağıq.

GİZLİ KAMERA TARİXÇƏSİ

Biznes və İnsan Haqları Resurs Mərkəzi qeyd edir ki, Azərbaycanda son 1 ildə azı 2 tənqidçi jurnalistin yataq otağı gizli kameralarla çəkilib. Bəzi hallarda həmin videokadrlar prezident İlham Əliyevin əmisi oğlunun sahibi olduğu telekanalda nümayiş olunub.

Qurum həmçinin Azərbaycanda insan haqları problemləri ilə bağlı Eurovision mahnı yarışmasının korporativ sponsorlarına da müraciət edib, onlardan aldığı cavabı ilə Eurovision-2012-nin finalından 3 gün əvvəl – mayın 23-də yayacaq.

Azərbaycanda hökumət rəsmiləri və hakim Yeni Azərbaycan Partiyasının nümayəndələri ölkədə insan haqları pozuntuları barədə tənqidləri rədd edirlər. Rəsmilər qeyd edirlər ki, jurnalistlərin şəxsi həyat toxunulmazlığı hüququnun pozulması ilə bağlı da cinayət işi açılıb, istintaq gedir.

Azərbaycanda “Azadlıq” qəzetinin 3 əməkdaşının çəkilmiş seksual xarakterli görüntüləri “Lider” telekanalında nümayiş olunub. Rəsmilər və telekanalın rəhbərləri buna görə tənqidlərə cavab vermirlər.

Bu ilin əvvəlində isə araşdırmaçı jurnalist Xədicə İsmayılovanın gizli kamera ilə çəkilmiş görüntüləri internet vasitəsilə yayılıb. Jurnalistin israrı ilə şəxsi həyat toxunulmazlığı ittihamı əsasında cinayət işi açılıb.
XS
SM
MD
LG