Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:46

Maliyyə naziri «Eurovision-2012»yə çəkilən xərclərdən danışıb


Arxiv foto
Arxiv foto
«Azərbaycan dövlət büdcəsindən «Eurovision-2012» Mahnı Müsabiqəsinin keçirilməsi üçün 2012-ci ilin fevralında 50 milyon manat məbləğində vəsait ayrılıb və bu vəsaitin hamısı «Eurovision» Mahnı Müsabiqəsinin İşçi Qrupuna çatdırılıb». Bunu maliyyə naziri Samir Şərifov Azad Azərbaycan telekanalına müsahibəsində deyib.

Nazir «Eurovision-2012» Mahnı Müsabiqəsinə çəkilən xərclərdən danışarkən bildirib ki, hər il Nazirlər Kabineti Azərbaycanda keçiriləcək yerli və beynəlxalq tədbirlərlə bağlı vəsaitlərin ayrılması barədə qərar verir:

«2012-ci ilin fevralında xüsusi büdcə təşkil olunub. O cümlədən, bundan əvvəl Avropa Yayımlar Birliyinə 8 milyon İsveçrə frankı ayırmışıq. Həmin 8 milyon İsveçrə frankı depozit puludur və həmin pulun geri qayıdacağını gözləyirik».

Samir Şərifov qeyd edib ki, «Eurovision» Mahnı Müsabiqəsinin İşçi Qrupuna sponsorlardan da daxilolmalar var və bütün bunlar ümumilikdə müsabiqənin büdcəsini təşkil edir: «İşçi Qrupu tərəfindən bizə hesabatlar təqdim olunub. Ən çox vəsait televiziya şousunun hazırlanmasına sərf olunur. Həm şounun hazırlanması, həm də şounun hazırlanması üçün müvafiq avadanlıqların gətirilməsinə, nəqliyyat xərclərinə ümumilikdə 40 milyon manat vəsait sərf olunub. İnanırıq ki, ayın 26-da o vəsait özünü doğruldacaq. İşçi Qrupu dəniz kənarında bir bina da kirayələyib, o da büdcədən gedir. İşçi Qrupu işçilər də götürür. Digər tərəfdən, nümayəndə heyətləri üçün avtobuslar ayrılıb. Bir məqamı da deyim. Deməzdim ki, İşçi Qrupu bizdən əlavə pul istəməyib. Ancaq demişik ki, ayırdığımız pul budur, istəyirsinizsə, sponsorlardan vəsait alın, reklamlar yerləşdirin».

«BAKU CRYSTALL HALL»UN TİKİNTİSİ «EUROVISION-2012»Ə GÖRƏ TİKİLMƏYİB

«Dövlət Bayrağı meydanı ətrafında böyük tədbirlərin keçirilməsi üçün bir obyektin tikilməsi «Eurovision-2012» Mahnı Müsabiqəsindən əvvəl nəzərdə tutulmuşdu. O cümlədən, Tofiq Bəhramov stadionunda yenidənqurma işləri aparılması planlaşdırılmışdı. İndi 2017-ci ildə bu stadionda qadınlar arasında futbol üzrə Avropa çempionatının keçirilməsi gündəmə gəlib. Digər tərəfdən, Dənizkənarı bulvarın uzadılması, Bakının çıxışında yeni yolun tikilməsi planlaşdırılmışdı, layihəsi vardı. Çünki bu yol çox dar idi. Çox gözəl yol tikilib. Mahnı müsabiqəsi olmasaydı da, o yol tikiləcəkdi. Yəni bunlar əvvəldən planlaşdırılan işlər idi və «Eurovision-2012» Mahnı Müsabiqəsi ilə bağlı nəzərdə tutulmamışdı».

Samir Şərifov onu da qeyd edib ki, Avropanın mərkəzindəki ölkələrlə müqayisədə Azərbaycanda belə tədbirin keçirilməsi daha böyük vəsait tələb edir. O, bunu lazımi avadanlıqların Avropadan Azərbaycana gətirilməsi daha böyük nəqliyyat xərcləri tələb etməsi ilə əsaslandırıb. Maliyyə naziri «Eurovision-2012» Mahnı Müsabiqəsindən gözlənilən qazancdan da söz açıb: «Qazanc gəlsə, etiraz etməyəcəyik. İctimai Televiziya bununla bağlı daxilolmaları bizə göstərəcək. Ancaq bir məsələ də var. İctimai Televiziya bu vəsait hesabına öz maddi-texniki bazasını möhkəmləndirmək niyyətində olduğunu da bildirib. Baxacağıq».

Maliyyə naziri müxtəlif nazirliklərin «Eurovision-2012» Mahnı Müsabiqəsi ilə bağlı tədbirlər keçirməsinin müsabiqə ilə bağlı xərclər sırasına daxil edilməsini də düzgün saymayıb: «Tutaq ki, Azərbaycanda keçiriləcək belə möhtəşəm tədbirlə bağlı Mədəniyyət və Turizm Nazirliyi bir tədbir təşkil edirsə, biz bu vəsaiti «Eurovision-2012» Mahnı Müsabiqəsinə çəkilən xərcə daxil etməməliyik».

Lent.az
XS
SM
MD
LG