Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:37

Naxçıvan büdcəsində cavabsız suallar...


Naxçıvanda mərkəzi dəmiryolu vağzalı.
Naxçıvanda mərkəzi dəmiryolu vağzalı.
-

6 dəfədən çox yüksələn ÜDM...

2005-ci illə müqayisədə son 6 ildə Naxçıvanda ümumi daxili məhsul 1 milyard 786 milyon manatdan artaraq, 6 dəfədən çox yüksəlib. Bu, Muxtar Respublika Statistika Komitəsinin verdiyi məlumatdılr. Rəsmi məlumatda bildirilir ki, 2011-ci ildə ÜDM istehsalının böyük qismi, yəni 86,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. Rəsmilər bunu özəl sektorun iqtisadi inkişafa böyük töhfəsi kimi qiymətləndirirlər.

Suallar, suallar, suallar...

Bəs, görəsən qeyd olunan iqtisadi inkişaf Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinin formalaşmasında özünü necə göstərir? Naxçıvanın dövlət büdcəsi hansı mənbələr hesabına formalaşır? ÜDM-in həcminin 6 dəfədən çox yüksəldiyi 6 il ərzində büdcə gəlirləri neçə dəfə yüksəlib?

Bu suallara cavab tapmaq üçün Naxçıvan MR büdcəsinin 2006 və 2012-ci illər üçün nəzərdə tutulan gəlir və xərcləri arasında müqayisə apardıq.

Öncə, məlum oldu ki, Naxçıvan MR büdcəsinin böyük hissəsini Respublika büdcəsindən ayrılan dotasiyalar təşkil edir.

Maraqlı bir fakt da üzə çıxdı ki, bu illər ərzində mərkəzi büdcənin Naxçıvan büdcəsinə ayırdığı dotasiyaların faizi aşağı düşməyib. Yəni bu illər ərzində Naxçıvanda iqtisadiyyat deyildiyi kimi inkişaf etsə də yerli büdcənin mərkəzi büdcədən asılılığı azalmayıb. Azalıbsa belə, bu çox cüzi miqdarda olub.

Müqayisələrimiz zamanı ortaya çıxan başqa maraqlı faktlar:

2006-cı ildə Muxtar Respublika büdcəsinin 87 faizini dövlət büdcəsindən ayrılan dotasiyalar təşkil edib:

Gəlirlər - 13 000 000 manat,
Xərclər - 102 849 436 manat,
Dövlət büdcəsindən ayrılan dotasiya - 89 849 436 manat.


İndi də Muxtar Respublika büdcəsinin 85 faizə qədərini Respublika büdcəsi verir

2012-ci ildə də Naxçıvan Muxtar Respublika büdcəsinin böyük qismini - 85 faizə qədərini Respublika büdcəsindən ayrılan dotasiyalar təşkil edir:

Gəlirləri - 47 300 00 manat,
Xərcləri - 305 430 000 manat,
Dotasiya - 258 000 130 manat.

Aydın olur ki, bu illər ərzində Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi 202 280 564 manat artıb.

Ancaq, bu artımın yalnız 34 milyon manatı yerli gəlirlərin payına düşür. Artımın 168 milyon 280 min 564 manatı yenə də mərkəzi büdcədən ayrılmış dotasiyaların hesabınadır.
Naxçıvan Ali Məclisinin sədiri Vasif Talıbov (sağda)
Naxçıvan Ali Məclisinin sədiri Vasif Talıbov (sağda)

Göründüyü kimi, 2005-2011-ci illər ərzində Naxçıvanda ÜDM-in həcmi təxminən milyard yarım manat artsa da, bu dövrdə büdcə gəlirləri cəmi 34 milyon manat artıb.

Görəsən, Naxçıvanın büdcəsinin mərkəzi büdcənin yükünə çevrilməsinin səbəbi nədir?

Vasif Talıbov Naxçıvan Muxtar Respublika Ali Məclisinin sessiyasındakı çıxışında 2011-ci ildə ÜDM istehsalının böyük qisminin, yəni 86,5 faizinin qeyri – dövlət bölməsinin payına düşməsini sahibkarlara, xüsusilə özəl sektora göstərilin dövlət qayğısı ilə izah edib.

Bəs, görəsən dövlət qayğısı ilə əhatə olunan, ÜDM- də böyük paya malik olan özəl sektorun büdcə daxilolmalarındakı payı nə qədərdir? Başqa sözlə 6 il ərzində cəmi 34 milyon manat artan büdcə gəlirlərində kimin payına nə qədər düşür?

Bu suala cavab tapmaq üçün isə yenə 2006-cı ildə nəzərdə tutulan və 2012 –ci il üçün proqnozlaşdırılan büdcə daxilolmalarını müqayisə etmək qərarına gəldik. Məlum olur ki, özəl sektoru təmsil edən hüquqi şəxslərin bu artımda rolu yoxdur. Bəs görəsən bu artım nəyin hesabınadır?

Gəlin, rəqəmlərə birlikdə nəzər salaq:
İllər 2006-cı il dövlət büdcəsinin gəlirləri. (manatla) 2012-ci il dövlət büdcəsinin gəlirləri. (manatla) ARTIM (manatla)
Fiziki şəxslərin gəlir vergisi 2.502.800 7.250.000 4.747.200
Hüquqi şəxslərin mənfəət(gəlir) vergisi 540.000 530.000 -10.000
Hüquqi şəxslərin torpaq vergisi 150.000 150.000 0
Hüquqi şəxslərin əmlak vergisi 400.000 192.000 -208.000
Əlavə dəyər vergisi(ƏDV) 5.143.000 30.735.000 25.592..000
Naxçıvan MR ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 1.560.000 2.120.000 560.000
Aksiz 74.000 401.000 327.000
Yol vergisi 370.000 507.000 137.000
Mədən vergisi 31.000 31.000 0
Sadələşdirilmiş vergi 660.000 624.000 -36.000
Gömrük rüsumları 850.000 740.000 -110.000
Dövlət risumu 526.000 850.000 324.000
Vergi olmayan sair gəlirlər 192.800 170.000
Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 0 3.000.000 3.000.000
CƏMİ 13. 000. 000 47. 300.000 34 300 000
Ayrılmış dotasiya 89. 849 .436 258. 130.000 168. 280.564
Büdcənin ümumi həcmi 102. 849. 436 305 430.000 202 280 564

Cədvəldən göründüyü kimi hüquqi şəxslərin bu il üçün proqnozlaşdırılan mənfəət(gəlir) vergisi 2006-cı illə müqayisədə artmaq əvəzinə 10 min manat azalıb. Yəni, 540 min manatdan 530 min manata düşüb.

Üstəlik, məlum oldu ki, bu il nəzərdə tutulan büdcə gəlirlərinə görə fiziki şəxslərin mənfəət(gəlir) vergisi hüquqi şəxslərin mənfəət(gəlir) vergisinə nisbətən 5 dəfə çox, 7 milyon 250 min manatdır.

34 milyon manatlıq artımın əsas hissəsini, yəni 33 milyon manatdan çoxunu fiziki şəxslərin gəlir vergisi, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, bir də əlavə dəyər vergisi təşkil edir.

Hüquqi şəxslərin əmlak vergisi azalıb, onların torpaq vergisi də artmayıb.
Büdcədə sadələşdirilmiş verginin də payı azalıb.

Göründüyü kimi büdcə gəlirlərindəki 34 milyon manatlıq artımın əsas hissəsi olan 33 milyon manatı fiziki şəxslərin gəlir vergisi, büdcə təşkilatlarında çalışanların məvaciblərindən tutulan vergilər, bir də ƏDV təşkil edir.

ƏDV nəyin hesabına yüksəlib?...

Arxiv foto
Arxiv foto
ƏDV-nin yüksəlməsinə təsir edən əsas amillərdən biri isə tikintiyə ayrılan vəsaitin artmasıdır. 2006-cı illə müqayisədə 2012-ci ildə büdcədən bu sahəyə verilən pul 5 dəfə artaraq 7 milyon manatdan 35 milyon manata qalxıb.

Göründüyü kimi özəl sektorun dövlət büdcəsindəki payında son altı ildə artım hiss olunmur. Belə çıxır ki, ya özəl sektorda istehsal artmayıb, yaxud da istehsal artıb, gəlirlər büdcədən gizlədilir.

Bəlkə gəlirlər gizlədilib?

Rəqəmlər isə istehsalın artdığını göstərir.

2005-ci ildə sənaye istehsalının ümumi həcmi 41 milyon 207 min manat olub. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət sektorunun çəkisi 66,6 faiz olub.

2011-ci ildə isə bundan təxminən 16 dəfə çox, 680 milyon 921 min manatlıq sənaye məhsulu istehsal olunub. Bunun 91,8 faizi özəl sektorun payına düşür.

Bu rəqəmlər onu deməyə əsas verir ki, 6 il ərzində özəl sektorda sənaye məhsulu istehsalı 21 dəfədən çox artıb. Ancaq, belə əhəmiyyətli artımın qarşısında nədənsə hüquqi şəxslərin gəlir vergisi azalıb. Belə çıxır ki, özəl sektorda istehsal dəfələrlə artsa da onların gəlirləri aşağı düşüb. Yəni özəl sektorun istehsal etdiyi məhsulların ən az 90 faizi heç bir qazanc götürmədən, maya dəyərindən də aşağı qiymətə satılır. Yaxud da qazanc var, sadəcə istehsal olunan məhsulun qazancının böyük qismi gizlədilir.

Naxçıvan Muxtar Respublika Vergilər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə təkcə 2008-2011-ci illərdə Naxçıvanda 112 kommersiya hüquqi şəxs qeydiyyata alınıb.

Arxiv foto
Arxiv foto
Muxtar Respublika İqtisadi İnkişaf Nazirliyinin 2012-ci il fevral ayının 7-ə olan məlumatına görə Naxçıvanda 430-dan çox sənaye müəssisəsi fəaliyyət göstərir. Nazirlikdən verilən məlumata görə bu müəssisələrdə 308 növdə, 813 çeşiddə məhsul istehsal olunur. 93 növ ərzaq, 166 növ qeyri ərzaq olmaqla ümumilikdə 259 məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Bu rəqəm özəl sektorun uğuru kimi qiymətləndirilir.

Muxtar respublika əhalisinin sayı 420 min nəfərdən artıqdır.

Rəsmi statistikaya görə muxtar respublika əhalisinin sayı 420 min nəfərdən artıqdır. Əgər Naxçıvanda fəaliyyət göstərən sənaye müəssisələri 420 min nəfərin 259 məhsula olan tələbatını ödəyə bilirsə, deməli həmin müəssisələrin istehsal gücü həqiqətən də böyükdür. Yox əgər muxtar respublikada rəsmən deyildiyi qədər adam qalmayıbsa, bu da başqa bir təhlilin mövzusudur.

Başqa bir sual. Əgər, özəl sektor qazancsız fəaliyyət göstərirsə, bu uğur nəyin hesabına qazanılıb?

Məntiqlə götürəndə əgər, özəl müəssisələr öz mallarının 95 faizdən çoxunu əhaliyə qazanc götürmədən, maya dəyərindən də aşağı qiymətə satırsa Naxçıvanda həmin malların qiymətləri digər regionlara nisbətən xeyli ucuz olmalı idi.

Muxtar respublikadakı qiymətlər...

Qiymətlərlə bağlı da araşdırma aparmaq qərarına gəldik. Araşdırmamız göstərdi ki, Naxçıvanda istehsal olunan məhsullar əhaliyə nəinki ucuz , hətta Bakıdakı qiymətlərdən də baha satılır.

Naxçıvanda “Gəmiqaya” şirkətlər ittifaqı və “Cahan” şirkətlər ittifaqı fəaliyyət göstərir. Muxtar respublikada fəaliyyət göstərən müəssisələrin bir çoxunu həmin şirkətlər ittifaqları təsis ediblər. Ali Məclisin sədri Vasif Talıbov həmin müəssisələrin açılışında şəxsən iştirak edir.

Naxçıvanda çap olunan "Şərq qapısı" qəzeti
Naxçıvanda çap olunan "Şərq qapısı" qəzeti
Naxçıvanda fəaliyyət göstərən bəzi müəssisələr və onların istehsal gücü haqqında bu məlumatları isə Naxçıvanda nəşr olunan rəsmi “Şərq qapısı” qəzetindən götürmüşük:

“Cahan çay” MMC .
Müəssisədə 30 nəfərə yaxın işçi çalışdığı bildirilir. Məhsulları Naxçıvandan başqa Bakı və digər regionlarda satışa çıxarıldığı bildirilir.

“Gəmiqaya Beton Məmulatları” MMC.
Müəssisədə 77 nəfərin çalışdığı bildirilir. Müəssisənin 2011-ci ildə 77 min 914 min kubmetr beton, 105 min 555 metr bardür və 11 adda sair məhsullar istehsal etdiyi bildirilir.

“Gəmiqaya Mineral sular” MMC.
Müəssisənin 2011-ci ildə 7 milyon 191 min 257 ədəd “Badamlı” mineral suyu istehsal etdiyi bildirilir.

“Gəmiqaya Sənaye Kompleksi” MMC.
Müəssisədə 155 nəfərin çalışdığı bildirilir. 2011-ci ildə müəssisədə 2 milyon 237 min 451 manatlıq məhsul istehsal olunduğu bildirilir.
Sirab Mineral Sudoldurma Zavodunun nəzdində yaradılan MMC 2011-ci ildə 2 milyon 109 min 979 manatlıq su satıldığı bildirilir. Müəssisənin ötən il həmçinin 7 milyon 191 min 257 ədəd butulka mineral su istehsal etdiyi bildirilir.

“Prestij Naxçıvan Pivəsi” MMC.
Müəssisənin 2011-ci ildə 36,1 dekalitr pivə istehsal etdiyi bildirilir. İstehsal olunan pivənin 35 min dekalitrinin isə satıldığı bildirilir.

“Darıdağ Karbon Qazı Zavodu” ASC.
Müəssisədə 27 nəfərin çalışdığı bildirilir. Müəssisənin 2011-ci ildə 10 min 60 ton 93 kiloqram karbon qazı və quru duz istehsal edərək Naxçıvandakı və Naxçıvandan kənardakı sifarişçi müəssisələrə göndərdiyi bildirilir.

Naxçıvanda “Taxıl Məmulatları Sənaye kompleksi” MMC,
“Halal” ət-süd məhsulları kimi müəssisələr də fəaliyyət göstərir.
Naxçıvan avtomobil zavodunun girişi.
Naxçıvan avtomobil zavodunun girişi.

Naxçıvan Avtomobil Zavodu isə 2010-cu ildə fəaliyyətə başlayıb. Zavod Avro-3 standartlarına cavab verən “NAZ Lifan” markalı avtomobillər istehsal edir. Məlumata görə zavodun istehsal gücü ildə 4 min minik avtomobilidir.

Muxtar Respublikada taksi xidməti göstərən avtomobillərin əksəriyyətini “NAZ Lifan” avtomobilləri təşkil etdiyi bildirilir. Zavodun istehsal etdiyi avtomobillər Azərbaycanın digər regionlarına da ixrac olunur.

Büdcəyə yansımayan artım...

Naxçıvanda istehsal olunan bəzi məhsulların 2005 -2010-cu illər arasında artımın müqayisəsini nəzərinizə çatdırırıq. Yeri gəlmişkən bu rəqəmlər də Dövlət Statistika Komitəsindən götürülüb:

Kolbasa məmulatı istehsalı 10 dəfə artaraq 105,1 tondan 1 min 055 tona çatıb.
Konfet istehsalı 20 dəfədən çox artaraq 11,4 tondan 277,3 tona çatıb.
Mineral sular istehsalı 12 dəfə artaraq 341 dekalitrdən 4 min 103 dekalitrə qalxıb.
Araq istehsalı 21 dəfə artaraq 5,4 min dekalitrdən 117,4 dekalitrə qalxıb.
Təzə şirniyyat məmulatları və kökə istehsalı 4 dəfə artaraq 120 tondan 488,3 tona çatıb.

Bəs görək istehsalın sürətlə artdığı bir halda vergilərdən gəlirlərin buna adekvat olmamasını muxtar respublikada fəaliyyət göstərən müəssisələr özləri necə izah edir?

“Gəmiqaya” şirkətlər ittifaqı sədrinin müavini İlham Abbasov AzadlıqRadiosuna bildirdi ki, ittifaqda 20 müəssisə fəaliyyət göstərir. İlham Abbasov onu da bildirdi ki, həmin müəssisələr vergiləri vaxtında və qanunauyğun şəkildə ödəyirlər:

“Bəlkə rəqəmlərdə səhv ediblər?”

- Bizdə vergidə problem ola bilməz. Biz dövlətin işini görürük, xidmət göstəririk. Böyük bir şirkətik, vergi ödəməyəcəyik? Hamısı kompyuternən avtomatik hesablanır və ödənir.

- Müqayisələrimiz zamanı ortaya çıxdı ki, son 6 ildə özəl sektorun istehsal gücü 21 dəfə artsa da hüquqi şəxslərin gəlir vergisi aşağı düşüb. Bu rəqəm sizdə necədir?

- Çox düzdü özəl sektor Naxçıvanda inkişaf edib və həqiqətən də istehsal artıb. Ola bilməz ki, istehsal artsın, vergi azalsın. Burada bir anormallıq var. Bəlkə rəqəmlərdə səhv ediblər? Biz vaxtında ödəyirik.

Rövşən Ağayev
Rövşən Ağayev
“Cahan” şirkətlər ittifaqından da bildirdilər ki, ittifaqa daxil olan şirkətlər vergiləri qanunauyğun şəkildə ödəyirlər.

Naxçıvanda seçilən deputat Eldar İbrahimov da, sahibkarlara büdcədən yayınmalarına görə şərait yaradılması fikrini inkar edir:

İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, ÜDM son 6 il ərzində 6 dəfə artıbsa bu özünü büdcə daxilolmalarında da göstərməli idi:

“Gizli iqtisadiyyat var”

“Dünyada qəbul edilmiş iqtisadi nəzəriyyə var. ÜDM həcminin ən azı 15 – 20 faizi özünü büdcə daxilolmalarında göstərməlidir. Naxçıvanda belə deyilsə, deməli ortada gizli iqtisadiyyat var. Gəlirlərin böyük qismi büdcədən gizlədilir. Ora qapalı yerdir deyə istədiklərini edirlər.

Necə ola bilər ki, özəl sektorda istehsal 20 dəfədən çox artır, hüquqi şəxslərin gəlir vergisi azalır? Belə çıxır ki, onlar mənfəətsiz işləyirlər. Bu da mümkün deyil. Heç kim bir neçə aydan artıq gəlirsiz işləyə bilməz. Sovet dövründə belə idi. Yəqin ki, həmin sahibkarlar hamısı öz adamlarıdır deyə, onların vergidən yayınmalarına şərait yaradılır. Başqa cür mümkün deyil”

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən deyilən ittihamları rədd edərək bildirdilər ki, Naxçıvanda vergilərin yığılmasında heç bir problem yoxdur. Ona görə də ötən il Vergilər Nazirliyi öhdəliyi 108 faiz yerinə yetirib.

Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin mütəxəssisi Camaləddin Əliyev isə Naxçıvanda sahibkarlığa yüksək qayğı olduğunu dedi:

“Bizdə sahibkarlara kömək fondu var. Bizdə onlara kömək edən şöbələr də var. Bizim nazirlik sahibkarlara həm maddi, həm mənəvi dəstək göstərir. Onlarla maarifləndirmə işləri aparılır, kreditlər verilir. Büdcəyə daxilolmalarla bağlı məlumatsızam. Yəqin onun konkret səbəbləri var. İnanmıram ki, vergidən yayınmalar olsun, bizim nazirlik bununla məşğul olmasın”

Naxçıvanda seçilən deputat Eldar İbrahimov isə, sahibkarlara büdcədən yayınmalarına görə şərait yaradılması fikrini inkar edir: “Naxçıvandakı inkişafa qısqanclıqla baxırlar.

Sahibkarların hamısı vaxtında və qanuna uyğun olaraq öz vergilərini ödəyirlər. Bu fikirləri deyənlər Naxçıvandakı inkişafa qısqanclıqla baxanlardı. Onlar qərəzli danışırlar”.
XS
SM
MD
LG