Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:59

Yusif Şükürlünün 20-liyə düşməyən hekayəsi: "Libeksin"


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Yusif Şükürlü

LİBEKSİN

Bu hadisə fevral ayının soyuq bir gününə baş verdi. Həmişə olduğu kimi səhər saat altıda yatağımdan qalxdım.

Əl-üzümü yudum və çay hazırladım. Şirin çay düzəldib “Brınza” pendiri ilə “tələbə” səhər yeməyimi yedim.

Tələm-tələsik geyinib mənzildən çıxdım və yaxınlıqdakı avtobus dayanacağına qaçdım.

Həyət çox soyuq idi. Şüşəbənd dayanacağa çatıb, orada – adamların arasında daldalanmağa yer axtardım. Qulağıma tanış bir melodiyanın sədası dəydi. Gördüm ki, dayanacağın bir küncünə söykənmiş cavan bir oğlan fışqırıqla yavaşcadan “Yetim-segah” çalır. O, ətrafa məhəl qoymur, heç kim də ona fikir vermirdi. Onun azərbaycanlı olduğunu yəqin etdim və tələsməyimə, dörd nəqliyyat vasitəsi dəyişməli olmağıma baxmayaraq, bir kənarda dayanıb ona qulaq asmağa başladım.

Metronun mənə lazım olan stansiyasına gedən avtobuslar bir-bir gəlib keçirdi. Mən metroda keçid etməli, metrodan çıxandan sonra yenə avtobusla iş yerimə getməli idim. İş yeri deyəndə ki, mən orada qapalı bir institutun laboratoriyalardan birində diplom işi üzərində çalışırdım. Elmi rəhbərim orta yaşlı ciddi bir rus ziyalısı idi. Həmişə söhbət edəndə Cənubu – oranın günəşini yada salar, oralarda olmaq istədiyini söylərdi. Bir dəfə ona dedim:

- Yuri Feodroviç, elə bu yay Bakıya gəlin! Bizim rayona da gedərik...

O isə başını yelləyib:

- Olmaz, - dedi. – Bilmirsiniz ki, bizə olmaz?!...

Onun nə demək istədiyini bilirdim. Bilirdim ki, bu institutun əməkdaşlarına hara gəldi getmək, istənilən adamla tanış olmaq yasaqdır. Bax, elə bu səbəbdən də indi mən bu fışqırıq çalan oğlana yaxınlaşa bilmirdim. Nəhayət, o, avtobusa minib getdi və mən də yola düşdüm.

İşə gecikmişdim. Foyedə bölmənin rəhbərinə rast gəldim. O, dayanıb orta yaşlı saqqallı kişi ilə söhbət edirdi. Məni görən kimi əl işarəsi ilə yanına çağırdı. Onlara yaxınlaşdım və ədəblə salam verib farağat dayandım. Kişi salamımı aldı və üzümə baxıb gülümsədi.
Sonra soruşdu:

- Niyə gecikmisiniz, tələbə?

Bir anlığa nə deyəcəyimi bilmədim və susdum. Professorun hələ də üzümə baxıb cavab gözlədiyinə görə:

- Bağışlayın! – dedim.

O, başını buladı və yanındakı kişini göstərib dedi:

- Bax, bu baba işə vaxtında gəlir. Sən – cavan oğlan isə yatıb qalırsan. Belə olmaz, tələbə!

- Bağışlayın, - dedim. – Bir də təkrar olunmaz.

- Yaxşı, gedin, işinizi görün!

- Baş üstə! – deyib onlardan aralandım və qarderoba yaxınlaşdım. Papaq, palto və şərfimi orada soyunub laboratoriyaya yollandım.

Laboratoriya birinci mərtəbədə idi və mən ora çatanda qapının açıq olduğunu gördüm. İçəri girib bərkdən salam verdim. Cavab olmadı. Bildim ki, Yuri Feodroviç və laborant Şiryayev laboratoriyada yoxdur. Keçib mənə aid olan qurğunun yanına gəldim. Analizatoru və ossiloqrafları işə saldım. Cihazların isinib rejimə düşməsini gözlədim. Fikirləşdim ki, qoy Radionov və ya Şiryayev gələnə kimi cihazlar işə hazır olsun.

Həmişə onlardan biri radiasiya mənbəyi olan kibrit qutusunu sorucu dolabdan götürüb mənə verirdi. Diplom işim kadmium-tellurid kristalından alınan diodların spektrometr kimi işləyə bilməsi imkanının tədqiqinə aid olduğuna görə radiasiya mənbəyi lazım olurdu.

Cihazların işə hazır olmasından yarım saatdan çox vaxt keçirdi. Amma hələ laboratoriya işçilərindən gələn yox idi. Durub, eləmə tənbəllik, radioaktiv maddələr saxlanılan qurğuşun gövdəli, qalın şüşə qapaqlı, havası da həmişə çölə sovrulan dolaba yaxınlaşdım. Qapağı qaldıran düyməni basdım. Qapaq bir qədər qalxıb dayandı. İçərisində kobalt-altmış olan tanış kibrit qutusunu götürdüm. Sonra düyməni bir də basdım. Ağır qapaq xırıltı ilə yerinə düşdü. Kibrit qutusunu aparıb, işlədiyim cihazda kristal olan qurğuşun hücrənin içərisinə qoydum və hücrənin qapağını bağladım. Artıq hər şey hazır idi və ölçmələrə başladım.

Aradan on beş-iyirmi dəqiqə keçmiş, Yuri Feodroviç gəldi. Biz uzaqdan-uzağa salamlaşdıq. O, keçib iş masasının arxasında oturdu. Təqribən yarım saata yaxın vaxt keçəndən sonra Radionov oturduğu yerdən mənə səsləndi:

- Volodya hara getdi?

- Bilmirəm, - dedim.

Yenə on-on beş dəqiqədə keçdi, Rodionov bir də soruşdu:

- Bəs, sənə demədi ki, o, hara gedir?

- Mən onu görməmişəm, Yuru Feodroviç!..

Kişi durub yanıma gəldi və diqqətlə üzümə baxıb soruşdu:

- Bəs, mənbəni sənə kim verdi?

- Özüm götürmüşəm, Yuri Feodroviç!..

O, ciddi görkəm adlı və təəccüblə dilləndi:

- Necə yəni, özün götürdün?! Buna sənin nə ixtiyarın var?!

Dolabdan mənbəni götürməyə ixtiyarım olub-olmadığını bilmirdim. İndi bildim ki, dolaba toxunmaq mənə qadağanmış. Ona görə Radionovun sualına çaşıb qaldım. Qələm əlimdən yerə düşdü. Əyilib götürmək istəyəndə başım cihaz rəflərinin dəmirinə dəydi. Heç nə olmamış kimi başımı qaldırdım və üzümə tökülən uzun saçlarımı əlimlə arxaya atdım. Həm başımın çaxılmağı, həm də icazəsiz maddə götürməyimin təsiri özünü göstərdi. Dizlərim titrəməyə başladı. Yıxılmamaq üçün cihaz rəflərinə söykəndim. Bütün bunları Yuri Feodroviç seyr edirdi. O, başını bulaya-bulaya:

- Beləcə dayan, tərpənmə! – dedi. Gedib, həmişə şaqqıltısı ilə otaqda radiasiya olduğunu bildirən və hər şaqqıltı səsi məni qorxuya salan, içərisində heyger-müller sayğaçı yerləşdirilmiş borunu rəfdən götürdü və mənə yaxınlaşdı.

- Əllərini irəli uzat! – dedi.

Əllərimə yaxınlaşan sayğac elə şaqqıldadı ki, elə bil torbadan döşəməyə qoz dağılır. Sonra Yuri Feodroviçin tələbi ilə qollarımı yana qaldırım. O, borunu şalvarıma, pencəyimə yaxınlaşdırdı, bayaqkı səsdən olmadı. Amma sayğac burnumun üstündən keçib saçlarıma yaxınlaşanda yenə tükürpədici şaqqıltı qopdu. Bu dəfə hər ikimiz qorxduq. Yuri Feodroviçin də rəngi ağardı.

- Qolunu aşağı sal və belə dayan. Tərpənmə! – deyə o, sayğacı yerinə qoyub masasının yanına getdi. Telefonla “Təcili yardıma” zəng vurdu.

- Laboratoriyada təcrübəsi az olan bir tələbə radiasiya tozu ilə çirklənib, - dedi. - Xahiş edirəm ona kömək edin.

Aradan heç beş dəqiqə keçməmiş bölmənin həyətindən təcili yardım avtomobilinin, sonra isə dəhlizdə qaça-qaça laboratoriyaya yaxınlaşan adamların ayaq səsləri eşidildi. Gələnlər laboratoriyanın qapısını açıb içəri soxuldular. Onlar iki nəfər idi və başlarına əleyhqaz maskası taxmışdılar. Əyinlərində rezin xalat vardı və əllərində xərək gətirmişdilər.

Radionov məni onlara göstərib dedi:

- Ona kömək etmək lazımdır!

Gələnlər xərəyi yerə qoyub açdılar və mənə:

- Uzan! - əmri verdilər.

Dünya başıma fırlandı. Nə olacağını, nə edəcəyimi bilmirdim. Radionovun üzünə baxdım. O, işarə elədi ki, uzanım. Daha neyləmək olardı, mən itaətlə xərəyə uzandım. Onlar cəld hərəkətlə xərəyi götürüb dəhlizin başında olan ehtiyat qapıdan həyətə çıxardılar. Qaça-qaça aparıb məni təcili yardım avtomobilinə qoydular. Avtomobil sürətlə yola düşdü.

Biz institutun həyətində qapısına “İzolyator” yazılmış iki mərtəbəli binanın qarşısına gəldik. Onlar məni avtomobildən düşürüb qapıdakı telefonla içəriyə zəng vurdular. Qapı açıldı və məni içəriyə aparıb balaca otağa qoydular. Xərəkdən qaldırıb üstümdə olan sənədləri, pulu və saatımı götürüb balaca metal qutuya yığdılar. Sonra soyundurmağa başladılar.

Pencək-şalvarımı özüm soyundum. Jaketimi çıxarmaq istədim, qoymadılar. Qayçı ilə təzə jaketin önünü və qollarını uzununa kəsib mal dərisi soyan kimi çıxardılar. Alt paltarlarım da elə doğrandı. Onlar əynimdən çıxardıqları paltar-ayaqqabını küncə qoyulmuş və üzərində “radiasiya təhlükəsi” işarəsi olan konteynerə doldurdular. Otağın ortasına qoyulmuş kətildə əyləşdirdilər və saçlarımı, qaş-kirpiklərimi – ümumiyyətlə, bədənimdə görünən tüklərimin hamısını ülgüclə və tələsmədən qırxıb tükləri həmin o konteynerə tökdülər. Düşündüm ki, paltarlarım getdi... Kostyumuma, köynək və jaketimə hayıfım gəlirdi. Onları aldığım heç bir ay deyildi. Yaxşı ki, palto və papağımı qarderobda qoymuşdum!..

Onlar bu işləri qurtarıb məni yan otağa apardılar. Bura yaxşıca qızdırılmış hamam otağı idi. Orada məni köpüklü maye ilə, tələsmədən yuyundurdular. Qurulayandan sonra hamamın içərisində olan digər bir qapını açıb ensiz və zəif işıqlandırılan dəhlizə ötürdülər. Dedilər ki, özüm gedib dəhlizin o biri başındakı qapıdan çıxım.

O qapı həkim otağına açılırmış. Məni göy xalatlı, üzləri yarıya qədər tənzif maska ilə bağlı iki qadın həkim qarşıladı. İndi təsəvvür edin, mən nə hala düşdüm. Gəldiyim qapını açıb geri qayıtmaq istədim, qapı geri açılmadı. Belə təlaşlandığımı görən həkimlərin ikisi də mənə yaxınlaşdı. Biri dedi:

- Yaxşı-yaxşı. Bizdən utanmayın, cavan oğlan! Bu bizim işimizdir.

O biri əlavə etdi:

- Narahat olmayın, cavan oğlan... Gəlin, sizi yoxlayaq, görək mədəniz çirklənib, ya
yox?..

İndi də mədəmdən ötrü narahat olmağa başladım. Düşündüm ki, bəs görəsən, Şiryayevi niyə belə yoxlamırlar... O, həmişə belə edirdi... O, necə edirdisə, mən də elə eləmişəm... Bəs, onun əlləri, mədəsi çirklənmirdi?.. Hə, yadıma düşdü, mən əlimi yumadım. O isə mənbəni gətirib yerinə qoyandan sonra küncdəki əl-üz yuyanda əlini yuyardı. Mən onun niyə yuyunduğuna fikir verməmiş, adi hal kimi qəbul etmişdim. İndi başa düşdüm ki, o niyə əllərini yuyurmuş. Mən isə kibrit qutusuna toxunduqdan sonra əllərimi yumadım. - Nə fikrə getdiniz, cavan oğlan? – deyə həkimlərdən biri dilləndi. - Gəlin bu kətildə əyləşin, - deyə o, üstü mələfəli kətili göstərdi. - Zondu udun, mədənizə baxaq...

Göstərilən yerdə əyləşdim. Həkimlərdən biri polietilen torbadan çıxardığı əşyanı mənə göstərib dedi:

- Bu zondu udacaqsınız.

Onun “zond” adlandırdığı əşya arxasında yarım metrlik şunuru, üç-dörd santimetr boyu, beş-altı millimetr diametri olan uzunsov kapsul idi. Düşündüm ki, görəsən, bu kapsulu necə udacağam? Yenə, şunuru olmasa dərd yarı idi.

Həkimlərin biri mənim başımı ikiəlli tutub bir az arxaya əydi. O biri həkim əllərinə rezin əlcək geydi və kapsulu maye yağ olan olan stəkana salıb çıxardı. Bir müddət yağın süzülüb qurtarmasını gözlədi, sonra kapsulu sağ əlinin iki barmağı ilə tutub mənə yaxınlaşdı.

- Ağzınızı geniş açın, - dedi.

Mən ağzımı mümkün olan qədər açdım. Boğazıma soyuq cisim dəyən kimi hər şey alt-üst oldu. Ülgüclə qırxılmış başımı arxadakı həkimin əlləri arasından asanca çıxarıb qabağa əyildim və öyüdüm. Başımı qaldıranda qadınların narazılıqla bir-birinə baxdığını gördüm. Onlardan biri o birinə dedi:

- Libeksin uddurmalı olacağıq.

- Gecikərik axı, sonra gec olar! Artıq, bir saatdan çox keçib... Radiasiya bağırsaqlarına keçəcək...

- Keçibsə, keçib! – deyə libeksin təklif edən həkim etinasız-etinasız dilləndi. - Daha nə etmək olar?.. Bu oğlan ki belə həssasdır, ona zond uddurmaq çətin olacaq. Boğazını keyləşdirmək lazımdır.

- Gecikəcəyik, - deyə o biri həkim israr etdi. – Bir təhər uddurmalıyıq.

- Siz israr etməyin həkim. Buna libeksin vermək lazımdır. Yoxsa, zondu uddura bilməyəcəyik. Axı o, əlimizi, barmağımızı dişləyə bilər.

Mən dillənmək istədim, libeksin təklif edən həkim əlcəkli əli ilə ağzımı tutdu. Dedi:

- Siz danışmayın, lütfən.

- Yaxşı, gətirin verin, - deyə arxamdakı həkim də “Libeksin” ilə razılaşdı.

Anladım ki, burada mənim sözlərimin heç bir əhəmiyyəti və qiyməti yoxdur. Mənim taleyim bunların insafından asılıdır. Ona görə susdum. “Libeksin” - ürəyimdə libeksin təklifini verən həkimi belə adlandırmışdım, dərmanlar olan şüşə dolabı açdı. Oradan balaca bir banka götürdü. Qapağı açıb ovcuna iki tablet saldı və mənə yaxınlaşdı. Bu biri həkim isə su kranından yarım fincan su süzdü. “Libeksin” tabletəri dilimin arxasına qoydu, o biri həkim də fincanı dodağıma dirədi:

- Udun, – dedi.

Tabletləri asanca uddum. Həkimlər dedilər ki, dərman təsir göstərməsi üçün on-on beş dəqiqə gözləmək lazım gələcək. Onlar bu boş vaxtda məni sorğu-suala tutdular. Tələbə və subay olduğumu biləndə mənimlə daha mehriban davranmağa başladılar. Elmi rəhbərimin dalınca deyindilər:

- Hayıf deyil belə cavan oğlan, diqqətsizlik üzündən məhv edirlər bunu... – deyə
“Libeksin” mənə “canıyananlıq” göstərdi.

“Libeksinin” “məhv edirlər” sözü ilə razılaşmadım. Ona dedim:

- Mən özüm-özümü məhv etmişəm! Elmi rəhbərimin nə təqsiri var?... Onların heç bir günahı yoxdur. Özüm səhv eləmişəm. Əlimi yumaq yadımdan çıxıb...

“Libeksin” üzündən maskanı aşağı çəkdi. Mənim elmi rəhbərimi müdafiə eləməyim onun xoşuna gəlmişdi. Gördüm bu həkim gənc və qəşəng bir xanımdır. Bundan sonra ondan daha çox utanmağa başladım. “Libeksinə” dedim:

- Verin, o kapsulu udacağam!.. Amma tez olun, utanıram axı!..

“Libeksin” gülümsədi və mənə yaxınlaşıb əlini çılpaq çiynimə qoydu. Elə bil onun əlində elektrik cərəyanı vardı. Mən cəld çiynimi çəkdim. Həkimlərin ikisi də güldü. Mən bir az ürəklənib onlardan xahiş etdim ki, mənə xalat versinlər bürünüm.
“Libeksin”:

- Xalat olmaz!.. – dedi. - Zondu udanda qaytarar, xalatı çirkləndirə bilərsiniz.

O biri həkim isə dərman dolabını açıb, ən aşağıdakı rəfdən səliqə ilə qatlanmış bir xalat götürdü və gətirib mənə verdi.

- Alın, geyinin, - dedi. - Çirklənər, atarıq.

- Çox sağ olun, - deyə kətildən qalxdım və üzümü qadınlardan yana çevirib xalatı geyindim. Üzümü onlara tərəf çevirəndə “Libeksin” güldü. Sən demə, tələsdiyimdən düymələri alt-üst bağlamışam.O, mənə yaxınlaşıb önümdə dayandı və xalatın düymələrini açıb yenidən düymələdi. Sonra soruşdu:

- Qafdazdansınız?

- Azərbaycandanam, - dedim.

- Bakıdan?

- Bəli.

- Axı, burada Moskvadan kənarda yerləşən universitetlərdən diplomçu tələbə
götürmürlər. Bəs, necə olub ki, Bakıdan götürüblər, siz bura düşmüsünüz?

Bu barədə danışmağım yasaq idi. Nəinki bu barədə danışmaq, heç bu həkimlərdən adlarını soruşmaq olmazdı. Mən susdum. O biri həkim dedi:

- Vunderkinqdir, yəqin... Tez ol zondu udduraq, vaxt keçir.

Bu dəfə heç bir çətinlik çəkmədən kapsulu uda bildim. Doğrudan da boğazımı libeksin keyləşdirmişdi. Həkimlər kapsulun şunurunu cihaza bağlayıb baxdılar. “Libeksin” sevincək başını qaldırdı və mənə tərəf baxıb dedi:

- Sizi təbrik edirik, cavan oğlan! Mədənizdə bircə dənə də olsun radioaktiv maddə molekulu yoxdur. Yaşayacaqsınız...

O biri həkim “Libeksinə” fikrini tamamlamağa imkan vermədi:

- Yaxşı olacaq! – dedi. - Bir həftə burada dincələcəksiniz. Yeyib-içib cana gələcəksiniz. Sonrasına baxarıq. – O, barmağı ilə “Libeksini” göstərib əlavə etdi: - Bu həkim də subaydır. Mənə elə gəlir, sizin bir-birinizdən xoşunuz gəlib. O, sizdən bir az yaşlı olsa da eybi yox... Evlənərsiz, apararsız onu Bakıya. Qafqazdan ötrü onun ürəyi gedir...

- Dayan görüm! – deyə “Libeksin” həmkarına etiraz etdi. – Cavandır, sonra ürəyinə düşərəm, sevər məni. Onda nə olar, hə?.. Yazıq deyil, aldadırıq onu?!...

Qız hələ sözünü qurtarmamış telefon zəng çaldı. O biri həkim dəstəyi qaldırdı.
Deyəsən, İnstitutun rəhbərliyindən zəng vurmuşdular. Həkim onlara raport verdi:

- Hər şey nəzarət altındadır... Xəstə hal-hazırda yanımızdadır... Yoxlanılıb, radioaktiv çirklənmə yoxdur... Bəli... Əllərini çirkləndirib, bir də saçlarına toxunub, vəssalam... Baş üstə! - dedi və dəstəyi yerinə qoydu.

Telefon yenə zəng çaldı. Bu dəfə danışan elmi rəhbərim – Yuri Feodroviç idi. O həkimdən mənim vəziyyətimi soruşdu. Həkim ona dedi ki, hər şey yaxşıdır, narahat olmasınlar.

Bu danışıqlar və aldığım xoş xəbərlər məni kövrəltmişdi. Özümü ağlamaqdan zorla saxlayırdım. “Libeksin” mənim halımı hiss etdi, gördü ki, ağlamağa dolmuşam. O, mənə yaxınlaşıb daz başımı sığalladı. Mən ehtiyatla başımı onun qoluna söykədim, qız da heç bir müqavimət göstərmədən yanımda dayandı. Elə bil bu qərib diyarda anam, bacım qədər çox yaxın bir adamımı tapmışdım. Bizi seyr edən o biri həkim gülümsədi və dedi:

- Xalatımı verin. İndi gəlib sizi palataya aparacaqlar.

- Bəs, orda da siz olmayacaqsınız? – deyə, sevindiyimə, o həkimə bu müəssisə üçün yasaq olan sualı verdim.

- Mən orada olmayacağam, - deyə həkim sualımı cavablandırdı və əlavə etdi: - bu gözəlçə isə, yəqin sizə baş çəkəcək. İndi mən sizi onun xəstəsi kimi palataya yazıram.
Hələ indi başa düşdüm ki, bu qadın buranın baş həkimidir. “Libeksin” isə adi həkimdir. Mən yarızarafat, yarı ciddi dilləndim:

- Mən Libeksinin xəstəsi olacağam?! Nə yaxşı...

Həkimlərin ikisi də qəh-qəhə çəkib güldülər. Mən də onlara qoşulub güldüm. Sonra xahiş etdim ki, mənə imkan versinlər, xalatı palatadan qaytarım. Utanıram axı!...

- Siz elə xalatsız da yaxşı görünürsünüz, - deyə “Libeksin” mənə sataşdı. O, əl çantasından bir karandaş çıxarıb mənə yaxınlaşdı.

- Sakit dayanın sizə qaş çəkim, - dedi. Əllərinin hərəkətindən hiss edirdim ki, “qələm qaşlarımın” simmetrik olmasına çalışır. O, mənə qaş çəkəndən sonra xalatın düymələrini açmaq istədi. Mən ona imkan vermədim və ayağa qalxdım.

- Narahat olmayın, - dedim. - Özüm edərəm. Xalatı soyunub önümə tutdum və yenidən kətildə əyləşdim.

- Oğlan! – deyə “Libeksin” dilləndi. – Sizi xərəklə aparacaqlar. Xərəyin də mələfəsi var. Xalata ehtiyac yoxdur. Yuxarıda sizə paltar verəcəyik. Hələ sizə bir qara eynək də bağışlayacağam.

O biri həkim də dilləndi:

- Çox səxavətli olmusan, Libeksin! Deyəsən, doğrudan da Bakıya gedəcəksən.

- Həkimin xəstəyə qarşı səmimi olması yaxşı haldır. Sizə təşəkkür edirəm, - deyə söhbətin məzmununu dəyişmək istədim. – Yuri Feodroviç mənim haqqımda nə fikirləşir, görəsən?...

- Sağ olsun sizin elmi rəhbəriniz, - deyə baş həkim mənim nigarançılığıma son qoymaq istədi. - Vaxtında məlumat verib. İndi də qayğınıza qalır. Amma İnstitutun rəhbərliyi sizə bir töhmət, rəhbərinizə isə təşəkkür yazacaq. İşinizi də davam etdirəcəksiniz. Yəni, sizi buradan qovmayacaqlar.

Elə bil başıma bir qazan qaynar su tökdülər. Hələ bu da ola bilərmiş!
XS
SM
MD
LG