Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:39

Sevinc el Sevər. Padşahlar da ölümdən qorxur...


Sevinc el Sevər


Yeni şeirlər


Yaşamaq kimi tutarlı səbəb

Əsgər!
Ölümdən qorxmağın var...
Bu qorxundan utanmağın var...
Utanma,
Başqaları da qorxurlar
Padşahlar da ölümdən qorxur...
Tarixdəki bütün qəhrəmanlar da qorxublar ölümdən
Yaşamaq kimi tutarlı səbəbləri var qorxmağa.

Xəstələnməkdən qorxursan
Ishaldan belə qorxursan
Evdə, ananın yanında səni qorxutmayan çox şey
Qorxudur indi
Gecələr yuxular qorxudur
Gündüzlər xəyallar

Burda utanılası bir şey yox
Başqaları da qorxmuşlar
Padşahlar da qorxurlar!

Yəni qorxaq deyilsən
Demək istədiyim o.
Özünə dərd edib
Içini yemə
Qarabaşağını ye
Südünü iç səhərlər
Qüvvətlən,
Qollarına təpər gəlsin
Sən məni qoruyacaqsan
Mənsə sənə şeir yazacam
Gülməli olsa da, bu elə belə olacaq...

Sən kiçikkən anan da səni qoruyurdu
Yuxularını qoruyurdu
Səni dişləmək istəyən həşəratları qovmaq üçün
Min oyundan çıxırdı
Miçətkən qururdu yatağının üstündə
Pəncərələri açmağa imkan vermirdi
Evdə heç kimi səsini çıxarmağa qoymurdu
Körpə balam yatsın deyirdi
Yatsın böyüsün deyirdi.
Soyuqdan qoruyurdu
Istidən qoruyurdu
Yıxılmaqdan
pəncərədən düşməkdən qoruyurdu
Xəstələnib ölməkdən qoruyurdu...

Insanlar bir-birini qorumalı
Bir-birini savunmalı görürsənmi?

Sən hücuma keçəndə arxandakı
Sağındakı
Solundakı əsgərlər də
səni qoruyacaq həm də
Sən öndəkiləri qoruyacaqsan
Bu belə olmalı
Qoruna-qoruna
Qoruya-qoruya
Söykənə-söykənə yaşamalı insan
Qorxduğunu böyük bir utanc kimi gizləməyə
Çalışırsan
Anan da səni qaranlıq və ağaclığın içindən keçirib aparanda
Bax belə qorxurdu
Sən balaca oğlandın
Elə bilirdin anan heç kimdən
Qorxulu əjdahalardan belə qorxmur
Ananı qəhrəman yapan səndin
Sənə olan sevgisiydi
Məni sev əsgər
Mən vətənəm
Mənim uğrumda ölməkdən qorxma
Qorxunu yen
Mən səni mədh eləyən şeirlər yazacam...
əlimi kəssələr də yazacam!

Mənim də bir oğlum var
O da böyüyüb əsgər olacaq
Körpədi hələ
Çox körpə
Yeriyəndə elə bilirəm qanadlanıb uçacaq
Barmaqlarının ucunda yeriyir
Ayaqlarını yerə belə basa bilmir...
Mən ona baxanda səni düşünürəm
Sən də körpə olmusan,
Onda da sənin yaşdakı əsgərlərin
Ölüm qorxuları vardı
Vuruşdan qorxarlardı
Sənin qorxun onlardan mirasdı
Sənin də qorxunu
oğluma ötürəcəyindən qorxuram
Onu da düşmən qalasına götürəcəyindən qorxuram
Bu müharibə heç bitməyəcək
Qisas qiyamətə qalacaq deyə qorxuram
Əsgər, mən səni qınamıram
Ölümdən qorxmaq üçün hamının
Yaşamaq kimi tutarlı səbəbi var,
Anlayıram.


Uşaqlara həsr

Darıxma, qoca
Akvariumun içində darıxan balıqlar üçün
Sən də akvariumdasan...
Sən də maraqlısan...

Darıxma, qoca
Nəvələrinə baxdıqca
Uşaqlıq dostlarını xatırlayırsan, bilirəm
Mən ürək oxuyanam
Ürəyinin sirrini heç kimə vermərəm...
Uşaqlıq dostun Əli yaşdadı...
Qızının yeddi yaşlı oğlu Əkbər
Ikiniz də eyni qızı sevirdiniz
Məhəllənin gözü
İdrisin qızı Jaləni...
Bir-birinizə qısqanmırdınız
Iki dost arasında elə gözəl bölmüşdünüz
Jaləyə olan sevgini
Gecəylə gündüzü bölən ayla günəşin yerinə olsam
Paxıllıq edərdim sizə...
Jaləgilin bağında dəfnə ağacı vardı
Kəndinizdə başqa heç kimdə yox idi o ağacdan
İdris paxıllığından heç kimə vermirdi bağında əksin...
Sənə elə gəlirdi həmişə dəfnə qoxuyur Jalə
Son gördüyündə
Böyük oğlunun kiçik qızı Lalə yaşdaydı...
Sən hətta ürəyində də Jalənin adını Laləyə verməyə
Utanmışsan, ehhh....
Gizlətdiyin o bircə hərf ələ verməz səni, qorxma,
Darıxma, qoca,
Darıxma...

Sən bilmirsən, nələr gəldi Jalənin başına
Onu dostun Əli də sevmədi axıradək...
Əli də atıb şəhərə getdi
Jaləni unutdu
Yəqin ki, o da sənin kimi Jaləni xatırlayır hardasa
Nəvəsinin adını Lalə qoyub...
Kəndin burnufırtıqlı uşağı olmuşdu
Jalənin ərə getdiyi Həmid
Artıq dəfnə qoxusu da gəlmirdi Jalədən
Gəlsəydi də o qoxunu Həmid bilməzdi...
Adam deyildi Həmid...
Yox, saxlayım burda
Deməyim heç nə
Gəl Jaləni böyütməyək
Lalə yaşda qalsın həmişə
Üstündən dəfnə qoxusu gəlsin
Özünü darıxdırma
Darıxma, qoca

Minlərlə
rəngbərəng maşının ürəyini təmir eləmisən
Öz ürəyin də dəmirdən olsaydı,
Açıb qurdalansaydın içində
Lazımsız bir-iki detal çıxartsaydın
Rahat olardın bəlkə ...
Kövrəlməzdin
Darıxmazdın
Ağlamazdın gizlinlərdə...

Qarğıdan düzəltdiyiniz atınız yadındamı
Gah Əli minərdi çapardı dağlara uşaq xəyalıyla
Jalə tərkində
Gah sən...
Bu oyunda ən çox sevinən Jaləydi bircə
Növbəsiz otururdu atın üstündə
Arabir dalaşırdınız da
Jalənin yox
Qarğı atın üstündə...

Ürəyini təmir elədiyin maşınların heç birinə minmədin
Heç vaxt maşının olmadı sənin
Həmişə arxasınca baxdın gedənlərin...
Qarğı ata çatanı olmadı heç...
Səndən gözəl heç kim anlamadı onların dilini halbuki...
Qırmızı bir jiqulu sevdan vardı
Lalə rəngində olmalıydı
Nəvən Lalə çağırır səni
Topu qaçmış oturacağın altına
Darıxma qoca, darıxma
Gecdi, apar nəvələrini
Anaları narahat olar indi...
Sabah da gətirərsən uşaqları
Oturarsan parkdakı ən hündür dəfnə ağacının altında
Jalə də qoşular Laləyə
oynayarlar burda
Əli də gedib-gəlib əl eləyər sənə
Salxım söyüdün saçlarının arasından...


1 iyun, 2012


Azadlıq

nə qədər ki, çiçəklər dibçəklərdə yaşamırdılar
quşlar qəfəslərə,
balıqlar akvariumlara salınmamışdı
əhilləşdirilməmişdi heyvanlar...
hörülməmişdi
dərin və qaranlıq zindanlar
kimsə bilmirdi azadlığın nə olduğunu
halbuki o zamanlar da
böyük bir kürənin içində
ölümün qaçılmazlığıyla barış içində
yaşayırdı hər kəs.
XS
SM
MD
LG