Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:37

Rüstəm İbrahimbəyovun kino ittifaqına alternativ qurum...


Şəfiqə Məmmədova «İstintaq» filmində - 1979
Şəfiqə Məmmədova «İstintaq» filmində - 1979
-
YENİ VƏ KÖHNƏ QURUMUN ÜZVLƏRİ

Kinematoqrafiya sahəsinə yeni bir ictimai təşkilat qoşulur. Burda diqqəti cəlb edən təşkilatın adının yazıçı-ssenarist Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qurumla - Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə səsləşməsi və yeni birliyin təsisçi və rəhbərlərinin də İttifaqın üzvləri olmasıdır.

Yeni qurum «Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı» adlanır. Amma yeni təşkilatın sədri, Azərbaycanın xalq artisti Şəfiqə Məmmədova deyir ki, bu, ilkin bir addır, dəyişə də bilərlər, dəyişməyə də. Əsas odur ki, onlar kino sahəsinə yeni nəfəs gətirmək istəyirlər:

«Düşünürəm ki, ən vacib məsələ gənclərimizi kinoya gətirməkdir. Bu gün çəkilən bədii filmlərin səviyyəsi bədii zövqü oxşamır. Bədii filmlərin səviyyəsi daha yüksək olsun, bunu arzulayırıq. Əsas olan budur ki, gənclər kinoya gəlsin, yeni simalar gəlsin».

«ÇOXDAN ARZUSUNDA İDİK»...

Şəfiqə Məmmədova AzadlıqRadiosuna müsahibəsində deyir ki, proqram iyulun 2-də elan ediləcək. Onlar, yəni kinematoqrafiya sahəsinə bağlı şəxslər çoxdan belə bir qurum yaratmaq arzusunda olublar:

«Danışırdıq, müzakirə edirdik, nəhayət ki, belə bir qurumun yaradılmasına qərar verdik».

DÖVLƏTDƏN MALİYYƏ UMACAĞI

Şəfiqə Məmmədova yeni qurumun Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi təşkilata alternativ olmadığını söylədi. «Bəs dövlətdən maliyyə dəstəyi istəyəcəksizmi» sualına o, belə cavab verdi:

«Bəs necə? Başqa ittifaqlar – Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi... dövlətin diqqətindədirlər. Pansionatlar tikir onlar özü üçün. O boyda ittifaqlar dövlətdən dəstək gözləyirlərsə və buna layiqdirlərsə, biz niyə etməyək? Niyə o qapıları döyməyək? Müraciət etməyək? Sadaladığım qurumlara dövlətin büdcədən dəstəyi var».

«DAHA ORİJİNAL AD TAPSAYDILAR...»

Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov qurumun adına diqqət çəkir. O deyir ki, yeni qurumun adında «respublika» sözü var və bu, onun qeydiyyatı zamanı problem yaranmaması
Əli İsa Cabbarov
Əli İsa Cabbarov
üçündür.

«Amma daha orijinal ad tapsaydılar...» - deyən müsahibimiz yeni qurumun təsisçilərinin onların təşkilatının üzvləri olması ilə bağlı bunu dedi:

«Ayrılmaq yoxdur, onlar yenə də bizim təşkilatın üzvləridir. Nizamnaməmiz üzvlərə yeni ictimai təşkilat yaradılmasına imkan verir».

VAQİF MUSTAFAYEVDƏN TƏNQİD

APA-nın məlumatına görə, təsis yığıncağında rejissor Vaqif Mustafayev Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu vurğulayıb. Rejissor deyib ki, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər.

«Lazımdır ki, milli filmlər təhlil və təbliğ olunsun, kino mühiti yaransın. Kinonun tədrisi də vacib məsələlərdən biridir», - deyə Vaqif Mustafayev bildirib.

Əli İsa Cabbarov isə deyir ki, bu tənqidin heç bir əsası yoxdur. «Bizi tənqid edən şəxsin rəhbərlik etdiyi televiziya kanalı son 3 ayda keçirdiyimiz tədbirlərdən 10-dan süjet verib» deyən müsahibimiz onların alternativ təşkilat yaranmasında qeyri-adi heç nə görmür. Amma:

«Konseptual olaraq alternativ yaratmaq lazımdır. Bu, bilirsiz nəyə bənzəyir? Xalq Cəbhəsi vardı, yaratdılar Klassik Xalq Cəbhəsi, ya Müsavat partiyasına alternativ yaratdılar - Müasir Müsavat Partiyası. Mən onların fəaliyyətinə uğur arzulayıram ki, kino bundan qazansın. Nə qədər çox təşkilat olsa, kinonun xeyrinə olar».

«ƏGƏR DÖVLƏT ONLARA PUL VERSƏ...»

Azərbaycan Kinematoqrafçılar İttifaqı büdcədən maliyyələşmədiyi halda, yeni quruma dövlətin maliyyə dəstəyi olarsa, bu, narazılıqların əsasını qoya bilərmi?

Əli İsa Cabbarov:

«Bu təşkilatın yaranmasının əhəmiyyəti bu, olacaq, yəni kino birliklərinin dövlətdən maliyyələşməsi məsələsinə aydınlıq gələcək. Yeni təşkilat maliyyələşsə, Kinematoqrafçılar İttifaqı, Rejissorlar Gildiyası maliyyələşməsə, bu, müzakirələrə səbəb olacaq. Gizli mətləblər varsa, onlar üzə çıxacaq».

Aygün Aslanlı
Aygün Aslanlı
«BU, İBRAHİMBƏYOVUN SİYASİ ÇIXIŞLARINA REAKSİYAYA OXŞAYIR»

Kino tənqidçisi Aygün Aslanlı isə hesab edir ki, yeni qurum Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ yaradılıb və bunun arxasında siyasi sifariş durur. Onun fikrincə, bu, Rüstəm İbrahimbəyovun son siyasi çıxışlarına reaksiya təsiri bağışlayır:

«Yeni qurumda olanlar Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvləri olublar. Mən indiyə kimi onların İttifaqdan narazılıqları barədə və bu barədə mətbuatda danışdıqlarını eşitməmişəm, oxumamışam».

«HƏR NƏDİRSƏ, KİNO İLƏ BAĞLI DEYİL»

Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri Rüstəm İbrahimbəyov isə yerli mətbuata deyib ki, baş verənlərdən xəbərdardır, amma geniş açıqlama üçün əlavə məlumat toplamağa ehtiyacı var.

Təşkilatın birinci katibi Rasim Balayev isə bildirib ki, alternativ qurumun yaradılmasının səbəbi hər nədirsə, kinoyla, sənətlə bağlı deyil. O güman edir ki, səbəblər tezliklə üzə çıxacaq.
XS
SM
MD
LG