Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:22

"Super Mario" İtaliyanı finala çıxarır


Varşava (Polşa). 28 iyun 2012 Italiya azarkeşi
Varşava (Polşa). 28 iyun 2012 Italiya azarkeşi
Oyun yenicə başlamışdı ki, həmkarımdan SMS aldım: "İtaliyanların hamısı oxuyurdu. Almanlardan isə ağzını açan oyunçu görmədim". Mesajda nəzərdə tutulan səhnə mənim də diqqətimi cəlb etmişdi.

Euro2012-nin 2-ci yarımfinalından, Varşavada keçən Almaniya-İtaliya oyunundan əvvəl tərəflərin milli himnləri səslənəndə italyanlar nə qədər ürəkdən oxuyurdularsa, almanlar bir o qədər təmkinli idilər.

Cavab yazdım: "Nə olsun, Eurovision2012 deyil ki, Euro2012-dir", amma əslində məndə də şübhə yaranmışdı ki, almanlar bu təmkinlə İtaliya ehtirasına nə edə biləcəklər ki...

Saatyarımdan sonra şübhələrim öz təsdiqini tapdı. İtaliya millisi Almaniyanı 2-1 hesabı ilə məğlub edərək Avropa çempionatının finalına çıxdı.

Artıq birinci hissədə Almaniya müdafiəçilərinin səhvlərindən məharətlə istifadə edən Mario Balotelli 2 gözəl qol vurdu. Birini başı ilə ilə, digərini isə təqribən 20 metrlik məsafədən güclü zərbə ilə.

Bu axşam almanların hücumlarında sonuncu zərbə dəqiqliyi çatışmırdı. Top qapıya yönələndə isə təcrübəli qapıçı Buffon onun qarşısında sonuncu səddi qururdu. Onun İtalyanların qələbəsindəki rolu İngiltərə mətbuatının "Super Mario" adlandırdığı Balotellidən az deyildi - dəfələrlə İtaliyanı 100 fazilik qoldan xilas etdi.

Almanların bütün səylərinə baxmayaraq, sonuncu dəqiqələrdə Mesut Özilin reallaşdırdığı 11 metrlik cərimə zərbəsindən o yana gedə bilmədilər. Əksinə ikinci hissəni tamamilə hücuma həsr edən almanlardan fərqli olaraq, kəskin əks-hücumlarla İtaliya millisi dəfələrlə çox sayda təhlükəli vəziyyətlər yarada bilmişdi. İtaliya hücumçusu Markissio dəfələrlə 3-cü topu vurub oyunun taleyini vaxtından əvvəl həll etməyə yaxın idi, lakin hər dəfə dəqiqsizliyə yol verirdi.

Fikrimcə, bu oyun Euro-2012-nin ən maraqlı görüşü sayıla bilər. Bu oyunda hər şey var idi: yüksək oyun tempi, qısa və uzaq paslar, gözəl zərbələr, son dəqiqəyə qədər yaşayan həyəcan və gərginlik. Üstəlik də adətən belə gərgin oyunları müşayət edən kobudluq da az qala yox dərəcəsində idi,

Kim bilir, bəlkə də bu bərabər oyunda İtalyanların köməyinə gələn məhz oyunun əvvəlindəki milli himn ehtirası idi. Hər halda, mənim gözümdə onlar qələbəyə daha çox layiq idilər.


Sənin fikrin nədir?

EURO2012 FORUMUNA GƏL

Şərhlərini digər futbol azarkeşləri ilə bölüş
XS
SM
MD
LG