Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:55

Müstəqil QHT-ləri «xarici agent» adlandıran qanun layihəsi hazırlanıb


Rusiyada Putinə qarşı mitinqdə geyinilən köynək, 12 yanvar, 2012
Rusiyada Putinə qarşı mitinqdə geyinilən köynək, 12 yanvar, 2012
-
Rusiyada xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları tezliklə rəsmən “xarici agentlər” adlandırıla bilər.

Hakim “Vahid Rusiya” Partiyasının hazırlayıb Dövlət Dumasının müzakirəsinə çıxarmaq istədiyi yeni qanun layihəsində elə beləcə də yazılıb.

Söhbət siyasi proseslərlə bağlılığı olan QHT-lərin fəaliyyətindən gedir.

QHT-lər haqqında qanuna təklif edilən dəyişikliklər layihəsinin müəlliflərindən biri Aleksandr Sidyakin Twitter-də yazıb: “Pullarınızı hazırlayın, xarici agentlər!:)”

AĞIR CƏZALAR

Bu adla 90 gün ərzində yenidən dövlət qeydiyyatından keçməyən QHT-lər yarım il ərzində qapadılacaqlar.

Əgər yeni qanun qüvvəyə minsə, xaricdən maliyyələşən QHT-lər hər 6 aydan bir öz maliyyə mənbələri və xərcləri haqqında hakimiyyət orqanlarına detallı məlumat verməlidir.

Əgər hansısa QHT-nin hesabatı tam olmasa, 1 milyon rubla qədər (təxminən 30 min dollar) cərimə edilə bilər.

Yeni qaydaları pozanlar hətta 4 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Sidyakin deyir ki, yeni qanun bir çox QHT-ləri “casus fəaliyyətini dayandırmağa və öz fəaliyyətinin əsl mahiyyətini açıb göstərməyə” məcbur edəcək:

“Bizim istəyimiz odur ki, vətəndaşlarımız hər şeyi bilsinlər: hansı QHT həqiqətən də Rusiya mülki cəmiyyətinin tələbi ilə yaranıb, hansı QHT isə xaricdən maliyyələşir”.

"ALÇAQ MƏQSƏD"

Yeni qanun layihəsi yerli hüquq müdafiəçilərinin qəzəbinə səbəb olub.

Onlar deyrlər ki, QHT-lər onsuz da indi qüvvədə olan qanuna əsasən, öz fəaliyyətləri barədə hökumətə ətraflı məlumat verirlər.

Lüdmila Alekseyeva
Lüdmila Alekseyeva
Hüquq müdafiəçilərinin fikrincə, hökumət müstəqil QHT-ləri gözdən salmaq istəyir. Bu, Putinin 12 illik hökmranlığına qarşı indiyəcən görünməyən miqyasda etiraz dalğasının qarşısını almağa yönələn tədbirlər çərçivəsində edilir.

Bundan qabaq Sidyakin də daxil olmaqla Vahid Rusiya Partiyasının deputatları başqa bir mübahisəli qanunu parlamentdən keçirməyə nail olmuşdular.

Həmin qanunla icazəsiz kütləvi aksiyalarda iştiraka görə cərimələrin məbləği kəskin artırılmışdı.

Uzun illərdi Rusiyada fəaliyyət göstərən Helsinki qrupunun rəhbəri, hüquq müdafiəçisi Lüdmila Alekseyeva deyir ki, yeni qanun layihəsinin “alçaq” məqsədi var.

Alekseyevaya görə, hökumət adamları televiziyada deyəcəklər ki, “baxın, bunlar özlərinin xarici ölkələrin casusları olduqlarını etiraf edirlər”:

“Əhalinin sadəlövh hissəsi də inanacaq ki, hüquq müdafiəçiləri həqiqətən də düşməndirlər və Rusiyaya düşmən ölkələrin maraqlarına xidmət edirlər”

Alekseyeva deyir ki, onun təşkilatı kimi bir çox başqa QHT-lər xarici donorlardan maliyyə almağa məcburdurlar, çünki ölkə daxilində maliyyə tapmaq mümkün deyil.

Alekseyevanın fikrincə, Rusiyada prezidenti tərifləməyən QHT-lərə mənfi münasibət var və o, qanuna veto qoyması üçün prezident Putinə müraciət edəcək.

QANUNA QANUNLA CAVAB?

Bəzi ekspertlər hesab edirlər ki, yeni qanun layihəsi Kremlin ABŞ-a cavabıdır.

Rusiya Daxili İşlər Nazirliyi qarşısında aksiyada Maqnitskinin şəkli. 24 mart 2012
Rusiya Daxili İşlər Nazirliyi qarşısında aksiyada Maqnitskinin şəkli. 24 mart 2012
Bu günlərdə Amerika Senatında “Maqnitski qanunu” deyilən sənəd müzakirəyə çıxarılıb.

Maqnitski 2009-cu ildə Rusiyada həbsdə müəmmalı şəkildə ölən anti-korrupsiya fəalının adıdır.

Senatda müzakirəyə çıxarılan qanun layihəsinə görə, ABŞ Rusiyada insan haqlarını pozan məmurlara qarşı ölçü götürəcək.

Rusiya xəbərdarlıq etmişdi ki, qanun qəbul edilsə, bunun çox ağır nəticələri olacaq...
XS
SM
MD
LG