Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:48

Hilal Məmmədov dövlətə xəyanət edib? [Video]


Hilal Məmmədov dövlətə xəyanət və İrana casusluq ittihamı ilə üzləşib
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Hilal Məmmədov dövlətə xəyanət edib?

Külli miqdarda narkotik vasitə saxlamaqda ittiham olunan hüquq müdafiəçisi, «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədova əlavə ittihamlar irəli sürülüb. İndi o, həm də dövlətə xəyanətdə və etnik ayrı-seçkilikdə təqsirləndirilir.

Hilal Məmmədovu vəkili Anar Qasımlı deyir ki, müdafiə etdiyi şəxs ona qarşı irəli sürülən bütün ittihamların saxta olduğunu söyləyir.

HİLAL MƏMMƏDOV ƏVVƏLDƏN DÖVLƏTƏ XƏYANƏT EDİBSƏ...

Anar Qasımlı özü də bu ittihamların şübhə doğurduğunu bildirir. Deyir narkotiklərə görə həbs olunan adamın sonradan dövlətə xəyanət etdiyini müəyyənləşdirmək absurd görünür. Yox, Hilal Məmmədov doğrudan da əvvəldən dövlətə xəyanət edirdisə, onun indiyədək azadlıqda olması təəccüblüdür. Yəni, məsələlərin bu şəkildə qoyulması suallar doğurur:

«Artıq birmənalı aydındır ki, narkotiklər tamamilə əsassız ittihamdır. Bu, kiminsə qurduğu ssenarinin tərkib hissəsidir. Görünür, bu ssenari qeyri peşəkarlara həvalə olunub. Digər məsələlərə gəlincə, Hilal Məmmədov onları əsassız, saxta və ona qarşı sifarişlə təşkil olunmuş ittihamlar kimi qiymətləndirir. Bunun da səbəbini özünün ictimai-siyasi, eləcə də hüquq müdafiəçisi fəaliyyəti ilə əlaqələndirir. Eyni zamanda, üzvü olduğu etnik qrupun mədəniyyətinin təmsilində yaxından iştirakı ilə bağlayır».
Anar Qasımlı
Anar Qasımlı

İSTİNTAQ İTTİHAMLARI NƏYLƏ SÜBUT EDƏCƏK?

Amma Anar Qasımlı düşünmür ki, hazırda Azərbaycanda milli azlıqlara qarşı bu kimi tədbirlər həyata keçirilir. Deyir bunu söyləmək üçün xüsusilə də hüquqşünasın əlində yetərincə faktlar olmalıdır:

«Amma istintaqın da dövlətə xəyanət və etnik ayrı-seçkiliklə bağlı ittihamları nə ilə sübut edəcəyi də maraqlıdır».

Vəkil Hilal Məmmədovla bağlı baş verənləri birmənalı şəkildə etnik məsələ ilə əlaqələndirənləri qınayır. Amma o deyir ki, qeyri-peşəkarların olmayan bir məsələni gündəmə gətirərək qızışdırması da Azərbaycan dövlətinə lazım deyil.

Baş prokurorluq və Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, Hilal Məmmədovun həbsi konkret ictimai-təhlükəli əməl törətməsi ilə əlaqədardır. Rəsmi məlumatlara əsasən, o, İranın xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilib. Bununla da o, Azərbaycanın dövlət təhlükəsizliyi və ərazi toxunulmazlığı əleyhinə fəaliyyət göstərib. Milli, irqi, dini nifrət və düşmənçiliyin salınması, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub.

«BU MƏSƏLƏDƏ ARQUMENTLƏRİN YERİ YOXDUR»

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Ana Vətən Partiyasından olan deputat Zahid Oruc deyir ki, Azərbaycanda hər hansı bir tanınmış adam saxlananda, ona müxtəlif yanaşmalar olur. Əvvəllər də bu cür həbslər zamanı indiki kimi hansısa sifarişlərdən, ssenarilərdən danışılıb. Zahid Orucun fikrincə, Hilal Məmmədov hadisəsində həmin mövqelərin və arqumentlərin yeri yoxdur:
Zahid Oruc
Zahid Oruc

«Sonradan əlavə maddələr üzrə ittihamların irəli sürülməsi məncə, bu istintaqın gedişində də müəyyən oluna bilər. Azərbaycan qanunvericiliyi belə halı tanıyır. Bu məsələni etnik-milli amillə izah etmək istəyənlərə isə cavabım ondan ibarətdir ki, həmin toplumların nümayəndələri ən yüksək dövlət strukturlarında təmsil olunmaqdadırlar. Yəni, Azərbaycan konstitusiya normalarını tanıyan və onlara uyğun hərəkət edən hər kəs bu hakimiyyətin ən yüksək eşelonlarında təmsil olunur və qanunun yol verdiyi imkanlardan bəhrələnirlər».

FƏRHAD ƏLİYEVİN İŞİNDƏ DƏ BELƏ HAL BAŞ VERDİ

Amma Zahid Oruc deyir ki, bəzən həqiqətən də saxlanılan şəxsə qarşı irəli sürülən ilkin maddələr kölgədə qalır. Bunu da sonrakı dönəmdə media çox haqlı olaraq hüquq-mühafizə orqanlarının əleyhinə çevirir.

Deputat bildirir ki, hazırda həbsdə olan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin işində də belə hal baş verdi və xeyli diskussiyalara yol açmış oldu. Hətta iddia edildi ki, guya, hakimiyyət nə yolla olursa-olsun Fərhad Əliyevin həbsini planlaşdırıbmış. Zahid Oruc belə diskussiyalara rəvac verilməsin deyə, hüquq mühafizə orqanlarının təmsilçilərinin daha diqqətli və məsuliyyətli olmalarını istəyir.

«BİZİM HÖKUMƏT DƏ İRANIN CASUSUNU TAPIR»

Hüquqşünas Erkin Qədirli də deyir ki, cinayət işinin qaldırılmış ilkin maddəsi istintaq zamanı dəyişdirilə bilər. Amma narkotiklərlə-yəni məişət cinayəti ilə həbs olunmuş adamın həbsdə ikən çox ağır bir maddə ilə ittiham olunması şübhə doğurur.
Erkin Qədirli
Erkin Qədirli
Erkin Qədirli düşünür ki, Hilal Məmmədovun həbsi azərbaycanlı şairlər-Şəhriyar Hacızadə və Fərid Hüseynin Təbrizdə həbsi ilə əlaqəli də ola bilər:

«Məsələ İranla bağlıdırsa, ola bilsin, bizim vətəndaşlarımızın İranda guya ki, casusluğa görə həbs olunması ilə əlaqədardır. Ola bilsin, bizim hökumət də İranın burada bir casusunu tapır, həbs edir və sanki burada bir casusluq mübadiləsi gedir. Təəssüf doğuransa odur ki, hər iki halda həbs edilən bizim vətəndaşlardır. O baxımdan əlbəttə ki, bunun üzərində düşünməyə dəyər».

Erkin Qədirli deyir ki, dövlətə xəyanət və irqi ayrı-seçkilik artıq siyasi cinayət sayılır. Burada artıq Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu (fikir ifadə etmək azadlığı) maddəsinin tətbiqi ehtimalı da var. Yəni, həbs bütün prosessual qaydaların pozulması ilə edilibsə, həbs üçün başqa bir cinayət bəhanə olunubsa, o, siyasi sayıla bilir. Əvvəllər artıq belə təcrübə olub.

Ümumilikdə isə Erkin Qədirlinin fikrincə, Azərbaycan hökuməti hətta doğru gördüyü işi də elə səliqəsiz həyata keçirir ki, ona heç kimin inanmağı gəlmir.

Hilal Məmmədov iyunun 22-də külli miqdarda narkotik maddə saxlama ittihamı ilə saxlanıb. Məhkəmə onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.
XS
SM
MD
LG