Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:18

Turac Zeynalovun həyat yoldaşı etiraf edir? [Video]


Gülnar Ağayeva
Gülnar Ağayeva
Ötən ilin avqustunda Naxçıvan Muxtar Respublikası MTN-də müəmmalı şəkildə ölən Turac Zeynalovun həyat yoldaşı Gülnar Ağayevanın internetdə videoçıxışı yayılıb. Bir qədər əvvələ kimi o, həyat yoldaşının ölümündə MTN-i günahkar bilirdi. Bununla əlaqədar Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etmişdi. İndisə deyir:

«MƏN, TƏZYİQ ALTINDA QALMADAN BİLDİRİRƏM Kİ...»

– Mən Ağayeva Gülnar təzyiq altında qalmadan bildirirəm ki, mənim yoldaşım Turac Zeynalov 2011-ci ilin avqustunda Naxçıvan MR MTN tərəfindən həbs edilib. Vətənə xəyanətdə günahlandırılıb. Sonradan istintaq zamanı o, vəfat edib. Onun dəri xəstəliyi ilə bağlı dəfələrlə İranda, Türkiyədə, Bakıda müalicə aldığını bilirəm. Amma heç bir xeyri olmamışdı. Onun ölüm səbəbinin də xəstəliyi və etdiyi əmələ görə stressdən olduğunu indi dərk etmişəm. Onun ölümündən sonra bizim stressli halımızdan istifadə edən Məlahət Nəsibova məni Bakıya getməyə məcbur etdi. AzadlıqRadiosuna çıxıb Naxçıvan rəhbərliyi və MTN haqqında böhtan xarakterli çıxışlara məcbur etdi. Lakin indi bu səhvimi başa düşmüşəm. Bu yazımı aidiyyəti orqanlara göndərəcəyəm ki, mənim günahlarımı əfv etsinlər.


Gülnar Ağayeva deyir ki, naxçıvanlı hüquq müdafiəçisi ondan istifadə edərək «çoxlu qrant və pul qazanıb». Onun dediyinə görə, Məlahət Nəsibova onu işlə təmin edəcəyinə, təhsil almasına şərait yaradacağına vəd verib. Eyni zamanda onu ABŞ, Almaniya, Türkiyə və Fransa səfirliklərinə getməyə vadar edirmiş:

BU, GÖZLƏNİLƏN İDİ

– Sonradan o, mənə vəkil tutdu. Vəkillə ABŞ səfirliyinə və ATƏT-ə görüşlərə apardı. Və dedi ki, bu yoldan əl çəksən, gərək vəkilə 50000 dollar ödəyəsən. Bir də Amerika səfirliyi və ATƏT səni məhkəməyə verər ki, bizi dolamısan? Lakin sonradan vəkilin bizim işimizlə maraqlanmadığını bildim.

Məlahət Nəsibova da, vəkil Əshabəli Mustafayev də Gülnar Ağayevanın dediklərini təkzib edirlər. Əshabəli Mustafayev:
Əshabəli Mustafayev
Əshabəli Mustafayev

– MTN işçilərinin sözləridir, təkrarlanır. Bu, gözlənilən idi. Bir ay qabaq zəng elədi ki, şikayətimi geri götürürəm, qoy, atası danışsın, mən istəmirəm başım ağrısın. Dedim ki, problem yoxdur. Artıq bu bir neçə dəfədir təkrar olunur. Əvvəl də - hadisə təzə baş verəndə də şikayətlərini geri götürdülər. Sonra dedilər ki, bizi MTN məcbur etdi.

Əshabəli Mustafayev deyir ki, Gülnar Ağayeva imtina etdikdən sonra Turac Zeynalovun atası ona müraciət edib. Oğlunun işiylə bağlı müdafiəni davam etdirməsini istəyib:

MTN-İN ƏMƏLİYYATI?

– Hesab edir ki, onun gəlini təsir altındadır. Ona görə imtina edir. MTN heç vaxt bizə sənəd verməyib, hərbə-zorbayla danışırdı. Deyirdilər ki, siz vəkilliklə məşğul olmursuz, böhtan yağdırırsız. İndi də həmin qadın o sözləri təkrar edir. Biz paralel olaraq MTN-i və Baş Prokurorluğu məhkəməyə vermişdik. Onun ölümü ilə bağlı, cinayət işiylə bağlı materialları bizə vermirlər deyə. Apelyasiyada baxılırdı. Görünür, bu da bəzi dairələri narahat edib və onu öyrədib üstümüzə göndəriblər.

Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova deyir ki, o, Gülnar Ağayevanı heç nəyə vadar etməyib və heç nə də vəd verməyib:
Məlahət Nəsibova
Məlahət Nəsibova

– Onun özü çıxıb mətbuata. Heç kimi danışmağa məcbur edə bilmərik. İndi onun qayınatası bizə müraciət edib ki, oğlumun müdafiəsi üçün bizə kömək edin. Bunun hamısı MTN-in bizə qarşı əməliyyatıdır. Onlar məhkəmədən qorxdular və işin Avropa Məhkəməsinə getməsini istəmirlər. Bundan əvvəl də bizə təzyiqlər olmuşdu ki, bunun dalınca getməyək. AzadlıqRadiosunda da demişdik ki, bu insanlar şikayətlərini götürsələr, bilin ki, onlara təzyiq var.

GÜLNAR AĞAYEVA: «ÖZÜM ETMİŞƏM»

İyulun 10-da biz Gülnar Ağayevanın özünə zəng vurduq. O, MTN tərəfindən öyrədilməsi haqda deyilənləri təkzib etdi. Gülnar Ağayevanın AzadlıqRadiosuna dedikləri:

- Mən hara lazımdır getdim, indi aldandığımı hiss etdim və geri çəkildim.

- Video kamera vardı orda?

- Hə.

- Bilmirdin ki, səni çəkirlər?
- Yox, bilirdim.

- Harada olub bu?
Gülnar Ağayeva
Gülnar Ağayeva
- Özüm etmişəm.

- Videonu kim çəkib?

- Mən şikayətimi geri götürmüşəm. Aldanmışam. Vəssalam.

Bundan sonra Gülnar Ağayeva telefonu söndürdü.

Bu məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə də əlaqə saxlamağa cəhd göstərdik. Turac Zeynalovla bağlı cinayət işini aparmış müstəntiq Pərviz Hüseynov danışmaq istəmədiyini bildirdi. Dəfələrlə cəhd göstərsək də, Azərbaycan MTN ictimaiyyətlə əlaqədar şöbəsindən də məsələyə hər hansı bir münasibət öyrənmək mümkün olmadı.

2011-ci il avqustun 24-də Turac Zeynalov Naxçıvan MTN-ə çağırılıb. O, vətənə xəyanətdə, İran hüquq-mühafizə orqanlarına işləməkdə ittiham olunurdu. Bir neçə gün sonra isə onun meyiti ailəsinə təhvil verilmişdi. Ailəsinin çəkdiyi videoda onun meyiti üzərində işgəncə izləri görünürdü.

Naxçıvan Muxtar Respublikası MTN rəsmi açıqlamada bildirirdi ki, dəri xərçəngindən əziyyət çəkən Turac Zeynalovun səhhəti avqustun 28-də istintaq təcridxanasından nazirliyə gətirilərkən pisləşib. Ona tibbi yardım göstərilib, amma bununla belə həyatını xilas etmək mümkün olmayıb.

P.S. Turac Zeynalovun həyat yoldaşı Gülnar Ağayeva AzadlıqRadiosunun Bakı bürosuna məktub göndərib. O məktubda bir daha qeyd edir ki, internetdə yayılan video müraciətində heç kimin təsiri olmayıb. Həmin çıxışı öz arzusuyla, kənar basqı olmadan edib.
XS
SM
MD
LG