Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:21

Aydın Kazımzadə: Şəfiqədə olan güc heç kişilərdə yoxdur!


Aydın Kazımzadə
Aydın Kazımzadə
İyulun 11-də Azərbaycan Kinematoqrafçılar İttifaqının 8 üzvü - Cəmil Quliyev, Oqtay Mirqasımov, Ayan Mirqasımova, Eldar Quliyev, Mayis Ağabəyov, Ayaz Salayev, Nəriman MəmmədovAydın Kazımzadə qurumdan çıxmaq üçün ərizə yazıb. Xəbəri AzadlıqRadiosuna Kinematoqrafçılar İttifaqından veriblər. Ərizə yazanların arasında kinoşünas Aydın Kazımzadə də olduğundan ona zəng edib xəbərə bir daha aydınlıq gətirmək istədik.

- Aydın müəllim, eşitdik ittifaqdan çıxmaq barədə ərizə yazmısınız?

A.K. Elədir.

- İndiyədək sizin adınız bu məsələ ilə bağlı hallanmırdı…

A.K. Qurum-Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təzə yaranıb. Mən də, azad sənətkaram. 72 yaşım var. Özüdə ki, kino veteranıyam. Mən hardasa işləməliyəm, fəaliyyət göstərməliyəm, ya yox? Bizim də ikinci evimiz Kinematoqrafçılar İttifaqıdır. O da sanki hər şeydən uzaqlaşmış təşkilatdır. Heç bir fəaliyyəti yoxdur.

- Axı, deyirlər hamıdan yaxşı fəaliyyət göstəririk. İldə nə qədər tədbirlər keçirir?

A.K. Həftədə bir dəfə kino göstərmək fəaliyyət deyil. O tədbirləri mən görməmişəm. Ona görə də ordan uzaqlaşmışam.

- Yəni öz istəyinizlə oldu? Təzyiq-filan olmadı?

A.K. Yox, yox…Nə təzyiq? Vaxtilə mən İttifaqın fəallar komitəsinin üzvü olmuşam. Rasim Balayev özü qəzetlərə demişdi ki, düz gedib, düz gəlirik. Heç bir iş görmürük...

- Rasim bəy radiomuza deyir ki, dövlət bizə maliyyə ayırmır, ona görə fəaliyyətimizi istədiyimiz kimi qura bilmirik…

A.K. Bu onların problemidir. Mən onlar üçün maliyyə tapası deyildim ki? Bax, mən yaxşı mənada Bəstəkarlar İttifaqına, Rəssamlar İttifaqına həsəd aparıram.

- Ona görə ki, dövlətdən yardım alırlar?

A.K. Yardım göstərməkdən başqa, bax, gör, Şəkidə nə gözəl konsert verdilər? Firəngiz Əlizadə başçılıq edirdi o tədbirə. Rəssamlar İttifaqının Moskvada Manej meydanındakı sərgidə iştirakı da həmçinin. Biz əvvəllər Cəmil Quliyevlə birlikdə rəhmətə gedən sənətkarların yubileylərini keçirməyi boynumuza götürmüşdük. Axırda baxdıq gördük biz bunu keçiririk, amma heç bir köməklik yoxdur. Yavaş-yavaş uzaqlaşdıq ordan. Axırıncı qurultayda Rəyasət Heyətinə nə qədər adamlar seçildi. Baxdım gördüm, elə adamlar seçilib ki, onların ora ayağı dəymir. Sonra siyahı tutdular ki, bu seçilənlər hansı işləri görəcəklər. Amma onlar heç nə görmürlər, axı…Bəlkə də, orada 3-5 adam nə isə edir, ümumilikdə isə ittifaqın fəaliyyəti yoxdur.

- Aydın müəllim, qarşı tərəf söyləyir ki, ittifaqdan ayrılmalar Rüstəm İbrahimbəyovun siyasi baxışları ilə bağlıdır…

A.K. Vallah, mən qarışmıram. Nə o işlərə qarışıram, nə də ora gedib-gəlirəm…Çoxdan ordan uzaqlaşmışam. İndi təzə qurum yarandığından, köhnədən çıxdım. Mənim gücüm var. 49 ildir kinodayam. Beynimə yığdıqlarımı evə aparıb yaşlı həyat yoldaşımla bölüşməli deyiləm ki? Mən beynimdəkiləri üzə çıxarmalıyam. Yoxsa, partlayaram. Mənim üçün fəaliyyət dairəsi yoxdur. Hara gedim? Kiminlə bölüşüm beynimdəkiləri? Odur ki, bu yeni qurumdan çox şey gözləyirəm.

- Haradan bildiniz ki, bu yeni qurumda sizin fəaliyyətinizi stimullaşdıran nə isə olacaq?

A.K. İnanıram mən buna…

- Nəyə görə?

A.K. Cəmil Quliyevə görə. Orada Şəfiqə də var. Mən Şəfiqəyə də inanıram. Baxmayın qadındır. Onda olan güc heç kişilərdə yoxdur…

- Belə çıxır, Rüstəm İbrahimbəyova inanmırsınız, amma Şəfiqə xanıma inanırsınız…

A.K. Yox…Nə danışırsan? Mən Rüstəm İbrahimbəyova inanıram. O, dünya şöhrətli sənətkardır. İntəhası tək Rüstəm İbrahimbəyov deyil. Orada idarə heyətinin üzvləri var—mən ümumi şəkildə götürürəm onları. Yəni sən soruşursan ki, haradan bilirsən orada nə olacaq?

- Təxminən…

A.K. Görsəm ki, burada da heç nə yoxdur, buradan da uzaqlaşacağam…

- Bəs sonra nə olacaq?

A.K. Heç bir şey! Demək, təkbaşına iş görməli olacağam. Qəzetlərə məqalələr yazacağam. Amma inanıram ki, burada nə isə tərpəniş olacaq.

- Bu inam hardandır?

A.K. Day, inamsız yaşamaq olmaz, axı? Vaxtilə, 90-cı illərdə deyirdilər Azərbaycan kinosu öldü…Tabut düzəldirdilər basdırmaq üçün. O vaxt mən neylədim? Tapdım çıxardım Azərbaycan kinosunun təzə tarixini (Aydın müəllim o dövrdə araşdırmalar nəticəsində Azərbaycan kinosunun tarixini 1916-cı ildən 1898-ci ilə çəkdi—S.İ.) Və dedim ki, Azərbaycan kinosu dənizə bənzəyir. Bunun qabarmaları var, çəkilmələri var. İndi kinomuz bu vəziyyətdədir, amma inanıram ki, sabah bundan yaxşı olacaq.

- Elədir, elədir! Mənə köhnə ittifaqdan söylədilər ki, başqalarından fərqli olaraq, siz hətta üzvlük vəsiqəsini də təhvil vermisiniz.

A.K. Mən eşitdim ki, ərizə ilə birgə üzvlük biletini də istəyirlər. Ərizə göndərdiyim adamdan xahiş elədim ki, istəsələr verginən, istəməsələr vermə, qoy qalsın yadigar məndə. Görünür, ondan istəyiblər vəsiqəni. Mənim 72 yaşım var. Bilmirəm, sabah yaşayacam - ya yox? Anam 70 yaşında rəhmətə gedib. Bizdə ürəkdən ölürlər. Ona görə də, mən o şeyləri saxlayıb neyləyəcəm?

- Oldu, Aydın müəllim, Sizə yeni qurumda uğurlar!

A.K. Yenə də deyirəm ki, burada inciklik-filan yoxdur. Mən paxıllığını çəkirəm o biri təşkilatların. Amma bizdə 5 ildir heç soruşan yoxdur ki, Aydın ölüb, ya qalıb? Belə də düz deyil, axı?

- Sizə uzun ömür arzulayıram. Müsahibəyə görə təşəkkürlər.
XS
SM
MD
LG