Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:32

Əli Həsənov: «Azərbaycanlı şairlərin tezliklə azadlığa buraxılacağını düşünürük»


Əli Həsənov
Əli Həsənov
-
«Hesab edirik ki, İran və Azərbaycan arasında informasiya qarşıdurması və fərqli səviyyələrdə münasibətlərdə mövcud olan gərginlik aradan qalxmaqdadır. Bunun üçün həm İran tərəfinin, həm də Azərbaycan tərəfinin iradəsi ortadadır».

Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gəncədə jurnalistlərə müsahibəsində bildirib.

Onun fikrincə, münasibətlərin mövcud vəziyyətə gəlməsində bəzi anti-Azərbaycan və anti-İran dairələri mühüm rol oynayıblar:

«Bu iki dövləti bir-birinə qarşı qoymaq, bir-birinin üzərinə istiqamətləndirmək və onların arasında münasibətləri korlamaq, təəssüflər olsun ki, bəzi geosiyasi dairələrin, bəzi rəsmi və qeyri-rəsmi dairələrin maraqları çərçivəsindədir. Buna görə də, İran dövlətinin xüsusi elçisinin Azərbaycana gəlişi və cənab Prezidentin xüsusi olaraq İrana dəvət edilməsi, bu dəvət ətrafında ünvanlanan məktubdakı çağırışlar, düşünürük ki, bu dövlətin Azərbaycanla qarşıdurmadan çəkilmək meylini nümayiş etdirir. Əlbəttə, bu qarşıdurma bu gün müxtəlif səviyyələrdə gedir, o cümlədən iki azərbaycanlı gəncin İranda həbsi Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaradıb. Düşünürük ki, yaxın zamanlarda bu gənclərin azad olunması baş tutacaq. Xarici İşlər Nazirliyi və digər dövlət qurumları beynəlxalq hüququn, o cümlədən İranla Azərbaycan arasındakı hüquqi normativ sənədlərin imkan verdiyi bütün vasitələrdən istifadə edirlər. Düşünürük ki, bu məsələ tezliklə öz həllini tapacaq».

Azərbaycan vətəndaşları - Fərid Hüseyn və Şəhriyar Hacızadə bu ilin mayında İranda həbs olunublar. Yaxınları onların bu ölkəyə poeziya festivalında iştirak etmək üçün getdiklərini bildirirlər. İran azərbaycanlı şairlərin saxlanma səbəblərini açıqlamır. Azərbaycan Xarici İşlər Nazirliyi bununla əlaqədar İrana bir neçə dəfə rəsmi nota verib.

/APA/
XS
SM
MD
LG