Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:52

Umberto Eco: “Faşist Gənclər Hərəkatının üzvü idim”


Umberto Eco, i2005
Umberto Eco, i2005
-
Dünyaca məşhur italyan yazıçısı Umberto Eco-nun “Paris Review” jurnalına müsahibəsindən (2008) seçmələr.


...JURNALİST

Bir dəfə demişdiniz ki, həmin dövrdə qələminizi poeziyada da sınamısınız. Yazı haqda esselərinizin birində qeyd edirsiniz ki, “mənim şeirlərimlə yeniyetmə sızanağının yaranma mənbəyi və görünüşü eyni idi”.

ECO

Mənim fikrimcə, on beş-on altı yaşında şeir yazan yeniyetmə üçün poeziya masturbasiya kimidir. Amma yaşa dolduqca, yaxşı şairlər öz erkən şeirlərini yandırırlar, pis şairlər isə onları nəşr etdirirlər. Şükürlər olsun ki, mən bu işin daşını çox tez atdım...

JURNALİST

Faşizm İtaliyanı çənginə alanda və müharibə başlananda siz uşaq idiniz. Həmin hadisələri uşaq ağlıyla necə dərk edirdiniz?

ECO

Qəribə bir dövr idi. Mussolini olduqca xarizmatik bir şəxsdi və hər bir italyan məktəblisi kimi mən də Faşist Gənclər Hərəkatına qəbul edilmişdim. Bizim hamımızın borcu idi ki, hərbi uniforma geyək və bir nəfər kimi şənbə günləri keçirilən yürüşlərdə iştirak edək. Özümüzü də bu zaman xoşbəxt sayırdıq. Müasir dövrümüzdə bu, amerikalı bir oğlana dənizçi paltarı geydirməyə bənzəyərdi – bu ona yəqin ki əyləncə kimi gələrdi. Biz uşaqlar üçün hərəkat çox təbii bir şeydi –qışda qar, yayda isti kimi. Başqa bir həyat tərzini təsəvvür də etməzdik. Indi mən həmin dövrü hər kəs öz uşaqlığını xatırladığı kimi xoş hisslərlə xatırlayıram. Hətta bombardmanları, sığınacaqlarda gecələməyimizi də bu cür xatırlayıram. 1943-cü ildə faşizmin ilk çöküşü ilə bütün bunlar bitəndə mən demokratik qəzetlərdən öyrəndim ki, sən demə başqa siyasi baxışlar və partiyalar da varmış...

JURNALİST

Allaha inanırsınız?

ECO

Görəsən niyə, bu gün müəyyən bir şəxsə sevgi bəsləyən adam sabah anlayır ki, sevgisi yox olub gedib? Hisslər, əfsuslar olsun ki, heç bir bəraəti olmadan və çox zaman bir iz belə qoymadan yoxa çıxır.

JURNALİST

Əgər Allaha inanmırsınızsa, o zaman niyə din haqqında belə çox yazmısınız?

ECO

Çünki mən dinə həqiqətən də inanıram. İnsanlar dinə meylli məxluqlardır və onların bu səciyyəvi xüsusiyyəti rədd edilə, inkar oluna bilməz...

Ingiliscədən tərcümə: Sayalı A
XS
SM
MD
LG