Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:16

«Yaramaz! O məni satın almaq istəyir!»


Həsən bəy Zərdabi
Həsən bəy Zərdabi
Zərdabinin qızı, atası haqqında xatirə yazmış Qəribsoltan xanım Məlikovanın əziz ruhuna sayğılarla...

Həsən bəyin Bakı Dövlət Dumasındakı misilsiz fəaliyyətindən yəqin çoxlarınızın xəbəri var.

Bu məsələ ilə bağlı Qəribsoltan xanımın xatirələrində maraqlı bir epizod yer alıb.

Qızının dediyinə görə, bu hadisə atasının sağlamlığına böyük zərbə vurub.
Əhvalat belə olub.

Bakıda su qıtlığı varmış. Şəhərə suyu iri çənlərdə gətirirlərmiş. Su kəməri çəkmək məsələsi gündəmdə imiş.

Həsən bəy bu məqsədlə Dumanın iclaslarında təmiz dağ suyundan istifadə etmək lazım olduğunu deyirmiş.

Şəhər Dumasındakı bir başqa deputat—Ambarsum Məlikov isə şəhərə suyun onun Zuğulbada olan malikanəsindəki çeşmədən çəkilməsini istəyirmiş. Bu, ona böyük gəlir gətirə bilərmiş.

Qəribsoltan bir dəfə atasının dostları ilə bir söhbətinin şahidi olub. Həsən bəy həyəcanla deyirmiş: “Bu dələduz şəhərə özü ilə bərabər qızdırma gətirən su çəkdirmək istəyir. Buna yol vermək olmaz!..”

Dumada Zərdabinin müqavimətindən qorxan Ambarsum Məlikov onun üstünə o vaxt üçün böyük məbləğ sayılan bir neçə min rubl rüşvət göndərir.
Qəribsoltan xanım yazır ki, mən evimizdə hələ buna oxşar fırtına görməmişdim: “Həmişə özünü təmkinli və nəzakətli aparan atam bu dəfə təsvirəgəlməz hiddətlə püskürən vulkana dönmüşdü”.

Həsən bəy dəli kimi (qızı belə yazır) bağırırmış: “O məni satın almaq istəyir!”

Həsən bəy və Hənifə xanım
Həsən bəy və Hənifə xanım
Hənifə xanım var gücü ilə Həsən bəyi sakitləşdirməyə çalışır, amma nail olmurmuş.

Əsl mərəkə isə Dumanın iclasında baş verir. Həsən bəy Ambarsum Məlikovu “yaramaz”- adlandırır.

Ambarsum bərk hirslənib onu duelə çağırır...

Həsən bəy:

- Nə?! Sizinlə duel?! Siz sadəcə axmaqsınız!

Özündən çıxmış Həsən bəy bu sözləri deyərək Dumanın iclas zalını tərk edir. Evə gələndə Hənifə xanım onu yatağa uzadır.

- Mən bacarmadım!.. Başa düşürsən?! Adamı dəhşətə gətirən odur ki, bütöv bir xalqın sağlamlığı məsələsi həll olunarkən, o dələduz utanmadan alicənablıq məzhəkəsi oynadı və ləyaqətsizliklə üstün gəldi.

Həsən bəy bu sözləri aramsız təkrar edirmiş...

Qəribsoltan xanım yazır ki, belə ağır mübarizələrdə qalib gəlmək get-gedə çətinləşirdi və atamın səhhəti günbəgün pisləşirdi...

Bir haşiyə: Əziz oxucum! Bəlkə də həyatında: “O, məni satın almaq istəyir!”- deyib bağıran kişi heç görməmisən?! Bu hadisədən üzülmə. Çünki bir az sonra Bakıda Həsən bəyin “təmiz dağ suyu” arzusu gerçəkləşir. Araşdırıcıların dediyinə görə, 1904-cü ildə Zuğulbadan çəkilən su şəhəri xilas edə bilmir. Çünki su yararsız idi, texniki məqsədlər üçün istifadə olunurdu. Hacı Zeynalabdin Tağıyev (o şəhər idarəsinin və Dumasının üzvü idi), eləcə də Həsən Bəy Zərdabi (o da komissiyanın üzvü idi) əhalinin su təchizatını yaxşılaşdırmaq üçün çox böyük səylər göstərməyə başlayırlar və uzun illərdən sonra---1917-ci ildə şəhərə “Şollar” Su Kəməri çəkilir.

Amma nə yazıq ki, Həsən bəy 10 il idi ki, dünyadan köçmüşdü...
Böyük müəllimin ruhuna min rəhmət!

“Can Bakı” davam edəcək...
XS
SM
MD
LG