Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:32

Qeyri-sabitliyi qoca hökumət yaradırmış? (Araşdırma)


Azərbaycanın baş naziri Artur Rəsizadə (sağda, təvəllüdü - 1935) gürcüstanlı həmkarı Nika Gilauri (təvəllüdü - 1975) ilə, 2009.
Azərbaycanın baş naziri Artur Rəsizadə (sağda, təvəllüdü - 1935) gürcüstanlı həmkarı Nika Gilauri (təvəllüdü - 1975) ilə, 2009.
.



Ərəb ölkələri ilə bağlı vəziyyəti analiz edən “The Economist” jurnalı bu qənaətə gəlib ki, əgər əhalinin orta yaşı ilə hökumətin orta yaşı arasında böyük fərq olarsa, bu, qeyri-demokratik ölkələrdə stabilliyin pozulmasına gətirib çıxara bilər.

Məsələn, Liviyada, Misirdə, Tunisdə əhalinin orta yaşı ilə hökumətin orta yaşı arasında böyük uçurum vardı.

“The Economist” jurnalı dünya ölkələrində hökumətlərin nə dərəcədə qoca olması ilə bağlı araşdırma aparıb.

Ən qoca hökumət Hindistandadır: orda nazirlərin orta yaşı 65-dir. Halbuki əhalinin orta yaşı 25-dir.

Çində hökumətin orta yaşı 63, Amerika Birləşmiş Ştatlarında isə 60-dır.

Amma bu ölkələrdə əhalinin orta yaşı da az deyil, Çində 35, ABŞ-da isə 37-dir.

Əhalinin orta yaşı ilə hökumətin orta yaşı arasında ən az fərq Almaniya və Rusiyadadır.

Almaniyada əhalinin orta yaşı 45, hökumətin orta yaşı isə 52-dir.

Rusiyada əhalinin orta yaşı 38, hökumətin orta yaşı isə 47-dir.

AZƏRBAYCANIN QOCA HÖKUMƏTİ

Dövlət Statistika Komitəsinin məlumatına görə Azərbaycanda əhalinin orta yaşı 32-dir. Bu rəqəmi hökumətdəkilərin orta yaşları ilə müqayisə edəndə Azərbaycan hökumətini cavan saymaq olmaz.

Nazirlərin çoxunun yaxşı 55-dən yuxarıdır.
Azərbaycan Nazirlər Kabinetinin ən yaşlı üzvünün 77, ən cavan üzvünün 40 yaşı var.

Ən yaşlı elə baş nazirdir – Artur Rəsizadə. O, 77 yaşındadır.

Son vaxtlar onu dövlət tədbirlərində də nadir hallarda görmək olar.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovun 75, baş nazirin müavini Abid Şərifovunsa 72 yaşı var.

Daha sonra yaşı nisbətən az olanlar gəlir:

  • Baş nazirin müavini Elçin Əfəndiyev - 69,
  • Baş nazirin birinci müavini Yaqub Eyyubov - 67,
  • Təhsil nazirin Misir Mərdanov- 66,
  • Sənaye və energetika naziri Natiq Əliyev - 65,
  • Daxili işlər naziri Ramil Usubov - 64,
  • Baş nazirin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov - 64,
  • Müdafiə sənayesi naziri Yavər Camalov - 63.


50-cilər nəslindən də xeyli nazir var:

  • Səfər Əbiyev - Müdafiə naziri – 1950
  • Oqtay Şirəliyev - Səhiyyə naziri – 1950
  • Ziya Məmmədov - Nəqliyyat naziri - 1952
  • Əli Abbasov - Rabitə və informasıya texnologiyalarlı naziri - 1953
  • İsmət Abasov - Kənd təsərrüfatı naziri - 1954
  • Fikrət Məmmədov - Ədliyyə naziri – 1955
  • Hüseynqulu Bağırov - Ekologiya və təbii sərvətlər naziri - 1955
  • Eldar Mahmudov - Milli təhlükəsizlik naziri – 1956
  • Əbülfəz Qarayev - Mədəniyyət və turizm naziri – 1956
  • Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin sədri - 1957
  • Füzuli Ələkbərov - Əmək və əhalinin sosial müdafiəsi naziri – 1958

“60-cılar”ı cavan saymaq olmaz, amma onların sayı hökumətdə çox deyil:

  • Elmar Məmmədyarov - Xarici işlər naziri - 1960
  • Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri - 1961
  • Samir Şərifov - Maliyyə naziri - 1961
  • Fazil Məmmədov - Vergilər naziri – 1964
  • Rəhimov Azad Arif oğlu - Gənclər və idman naziri - 1964
  • Şahin Mustafayev - Iqtisadi inkişaf naziri - 1965

“70-CİLƏR”DƏN NAZİR OLAN YOXDUR

Hökumətin 70-ci illər doğumlu üzvləri dövlət komitəsi və agentliklərinə rəhbərlik edənlər arasındadır.

Rüfət Aslanlı - Qiymətli Kağizlar üzrə Dövlət Komitəsinin sədri - 42 yaş

Elşad İskəndərov - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – 40

Cənubi Qafqazda ən cavan hökumət isə Gürcüstandadır. Orada xaricdə təhsil almış gənclər nazir vəzifəsinə tez-tez təyin edilir.
XS
SM
MD
LG